Dorian Qreyin portreti. Оскар Уайльд

Чтение книги онлайн.

Читать онлайн книгу Dorian Qreyin portreti - Оскар Уайльд страница 5

Dorian Qreyin portreti - Оскар Уайльд Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

onları təzədən təkrar edin.

      – Çox maraqlı nəzəriyyədir. – Hersoginya canlandı. – Mütləq təcrübədə sınaqdan çıxararam.

      Hamı güldü. Söhbətin bu məcraya düşməsi lord Henrinin ürəyindən idi. O, fantaziyasına güc verir, sözlərlə oynayırdı. Fikirləri qanadlanır, rəngbərəng quşlar kimi bir yerdən başqa yerə uçurdu. Lord Henri hiss edirdi ki, Dorian diqqətlə onu dinləyir. O bu gənci özünə məftun etmək istəyirdi və məqsədinə nail olmaq üçün bütün ağlını, natiqlik bacarığını işə salmışdı. Qonaqlar gülürdülər, Dorian heyranlıqla lord Henriyə baxırdı, tez-tez onun da dodaqları qaçırdı.

      Yeməkdən sonra lord Henri bağçaya çıxmaq istədiyini deyib ayağa qalxdı. Qapının ağzında Dorian onun qoluna toxundu:

      – Mən də sizinlə gedə bilərəmmi?

      – Axı siz, deyəsən, Basilə söz vermişdiniz ki, onun yanına gedəcəksiniz?

      – Mən sizin yanınızda qalmaq istəyirəm. Olar? Mənimlə söhbət edin. Heç kim sizin qədər gözəl danışmır.

      Lord Henri gülə-gülə cavab verdi:

      – Oh, bu günlük kifayət qədər danışmışam. İndi, sadəcə, həyatı müşahidə etmək fikrindəyəm. İstəyirsinizsə, birlikdə müşahidə edə bilərik, – deyə lord Henri gülümsədi.

      4

      Bir ay sonra axşamçağı Dorian lord Henrinin Meyferdəki evində kitabxanada oturub dostunu gözləyirdi. Lord Henri həmişəki kimi gecikirdi. Dorian əsəbiləşir, rəfdən götürdüyü şəkilli kitabları vərəqləyirdi. Arada incidiyini göstərmək üçün durub getmək istədi, amma dərhal fikrini dəyişdi.

      Nəhayət, qapının arxasından addım səsləri eşidildi.

      – Çox gecikirsiniz, Harri, – Dorian içəri girən adama baxmadan mızıldandı.

      – Təəssüf ki, bu, Harri deyil, mister Qrey, – cır qadın səsi cavab verdi. – Onun arvadıdır. Mən sizi Harri ilə şəkillərinizdən tanıyıram. Bir dəfə də ikinizi bir yerdə operada görmüşəm.

      Dorian yerindən dik atılıb üzr istədi və dedi:

      – Yəqin, Vaqnerin operasında.

      – Hə, mən Vaqneri çox sevirəm. Onun musiqisi o qədər səsli-küylüdür ki, başqalarına mane olmaqdan çəkinmədən yanındakılarla doyunca söhbət edə bilərsən. Düz demirəm?

      Qadın narahat baxışlarla Dorianı süzür, qəribə tərzdə gülümsəyirdi. Dorian da gülümsəyib başını yellədi:

      – Bağışlayın, ledi Henri, sizinlə razılaşmayacağam. Mən yaxşı musiqi səslənəndə qulaq asıram, pis musiqini isə, əlbəttə, söhbətlə əvəz etmək daha doğrudur.

      – Aha, bunlar Harrinin sözləridir. Elədir, mister Qrey? Harrinin dostları həmişə onun fikirlərini təkrar edirlər. Budur, özü də gəldi. Harri, səni axtarırdım, nəsə soruşacaqdım, amma nə soruşmaq istədiyim yadımdan çıxdı, burada mister Qreyə rast gəldim və onunla tanışlığıma çox şadam.

      – Mən də şadam, əzizim. – Sonra lord Henri Doriana tərəf döndü. – Sizi gözləməyə məcbur etdiyim üçün üzr istəyirəm, qədim bir parça görmüşdüm, onu almaq istəyirdim, qiymət üstündə iki saat alver etməli olduq. Elə zəmanədə yaşayırıq ki, insanlar hər şeyin qiymətini bilirlər, əsl dəyərlər haqqında isə təsəvvürləri belə yoxdur.

      Arvadı sağollaşıb otaqdan çıxandan sonra lord Henri bir siqaret yandırdı:

      – Heç vaxt saman rəngli saçları olan qadınla evlənməyin. Ümumiyyətlə, yaxşısı budur, heç vaxt evlənməyin.

      – Çətin ki nə zamansa evlənmək fikrinə düşüm. Mənim eşqim nikahdan güclüdür. Bu sizin aforizmlərinizdən biridir. Mən bütün başqa məsləhətləriniz kimi, ona da əməl edəcəyəm.

      – Kimə aşiq olmusunuz? – Lord Henri qısa sükutdan sonra soruşdu.

      – Bir aktrisaya vurulmuşam, – Dorian qızardı.

      – Çox primitiv başlanğıcdır.

      – Siz Sibil Veyni görsəydiniz, belə deməzdiniz. Onun adı hələ heç kimə tanış deyil. Ancaq tanınacaq. Çünki Sibil dahidir.

      – Qadınlar dahi olmurlar, gənc dostum. Qadınların bu dünyaya deməyə sözləri yoxdur, amma onlar boş şeylər haqqında gözəl danışa bilirlər. Mən onları öyrənməyə çox vaxt sərf etmişəm və bu qərara gəlmişəm ki, qadınlar, əsasən, iki yerə bölünürlər: ənlik-kirşan vuranlar və ənlik-kirşan vurmayanlar. Bütün Londonda ağıllı söhbət etməyə cəmi beş qadın var. Yaxşı, deyin görüm, sizin o “dahi” kimdir? Nə vaxtdan tanıyırsınız?

      – Üç həftədir, Harri, hər şeyi danışacam, ancaq mənim eşqimi söndürməyə çalışmayın. Mən sizi tanımasaydım, bütün bunlar da baş verməzdi. Axı həyatda hər şeydən dadmaq həvəsini məndə siz oyatdınız. Biz Basilin evində tanış olandan sonra mən hər yerdə yeni hislər, yeni təəssüratlar axtarırdım. Şəhərin küçələrini, parklarını gəzirdim. Bir dəfə axşam vaxtı qaranlıqda əyri-üyrü küçələrdə yolu azdım. Çirkli bir teatr binasının qarşısında ayaq saxladım. Heç özüm də bilmirəm, tamaşaya bilet almaq haradan ağlıma gəldi? Amma bunu etməsəydim, əziz Harri, həyatımın ən gözəl sevgi romanı yazılmamış olardı! Siz gülürsünüz? Xətrimə dəyir.

      – Gülmürəm, hər halda, sizə gülmürəm. Amma bu sevgi romanınıza “ən gözəl” deməyin, “birinci” deyin. Sizi hələ çox sevəcəklər, sizsə sevginin özünə aşiq olacaqsınız, çox belə hislər keçirəcəksiniz. Həyatında cəmi bir dəfə sevən adamlar dayaz insanlardır. Onların “sədaqət” adlandırdıqları şey təxəyyüllərinin darlığının göstəricisidir, gücsüzlüklərinin əlamətidir… Amma daha sözünüzü kəsməyəcəyəm. Davam edin.

      – Deməli, dar lojada yerimi tutdum. Zal olduqca zövqsüz bəzədilmişdi. Nəhayət, pərdə qalxdı. Şekspirin “Romeo və Cülyetta” pyesini oynayırdılar. Romeonun rolunda yaşlı, kök bir kişi çıxış edirdi. Amma Cülyetta! Harri, haradasa 17 yaşı olan, çiçək kimi təravətli, mavigözlü, dodaqları qızılgül ləçəklərinə bənzəyən gözəl bir qızı təsəvvürünüzə gətirin. Mən onun məlahətli səsini, sizin səsiniz kimi, heç vaxt unutmayacağam. Gözlərimi yuman kimi o səs qulaqlarımda səslənir. Mən onu sevirəm. Hər axşam ona baxmaq üçün həmin teatra gedirəm. Niyə siz mənə deməmisiniz ki, əsl sevginin nə olduğunu duymaq üçün məhz aktrisaya vurulmaq lazımdır, Harri?

      – Çünki mən özüm çox aktrisa sevmişəm, Dorian.

      – Sibil

Скачать книгу