İbn Sina. Вера Смирнова-Ракитина
Чтение книги онлайн.
Читать онлайн книгу İbn Sina - Вера Смирнова-Ракитина страница 8
Olduqca ağıllı, geniş dünyagörüşlü biri olan Süheyli gənc buxaralıya sonadək səbrlə, ehtiramla qulaq asmış, fəqihlərdən fərqli olaraq onun fikirlərinə hörmətlə yanaşmışdı. Lakin indiyədək bir sual açıq qalır: İbn Sinanın təklif etdiyi qanunların aqibəti necə oldu, onlar qəbul edilib qüvvəyə mindimi? Bu suala dəqiq, birmənalı cavab vermək mümkün olmasa da, önəmli bir məqamı vurğulamaqda fayda var: araşdırmalar göstərir ki, müəyyən müddətdən sonra Xarəzmdə hökm sürən qayda-qanunlar qonşu ölkələrin qanunlarından daha yumşaq, daha ədalətli idi. Hətta iş o yerə çatmışdı ki, məhz bu səbəbdən vaxtilə Samanilərin nəzarətində olan yerlərin əhalisi Xarəzmdə yaşamağa can atırdılar…
Bir də o məlumdur ki, haqqında danışdığımız qanunlar toplusu ilə bağlı üzləşdiyi çətinliklər İbn Sinaya dərs oldu. O, ilk fürsətdə qanunşünaslığın daşını atıb tibbə və fəlsəfəyə qayıtdı. Gənc buxaralı öz gələcəyini bu iki elmdə görürdü…
İbn Sinanın arzuları
Günlər keçdikcə Hüseynin həkimlik həvəsi də artırdı. O, Samanilər kitabxanasında tibbə dair oxuduğu kitablar və əlyazmalar əsasında yazmağa başladığı əsəri də məhz Ürgəncdə bitirdi. İstisna deyil ki, həmin əsərin ərsəyə gəlməsində üləmalar məclisində tanış olduğu əl-Həmmar kimi dövrünün görkəmli təbibinin də rolu az olmayıb. Bundan başqa, Xarəzm kitabxanasından faydalanması da mümkündür. Hər halda, yeni əsərini bitirdikdən sonra İbn Sina yenidən əməli işə yönəldi. Ürgəncdə digər loğmanların sağaltmağa çətinlik çəkdiyi bir neçə ağır xəstəni ayağa qaldırdı. Bundan sonra onun şöhrəti daha da artdı. Buxarada olduğu kimi, Xarəzmdə də ən təcrübəli həkimlərin dərdinə dərman eləyə bilmədiyi xəstələr olduqda Hüseynə üz tuturdular. Onun loğmanlıq bacarığı ilə yanaşı xoş xasiyyəti, xeyirxahlığı, gözütoxluğu dillər əzbərinə çevrilmişdi.
Zaman ötür, İbn Sinanın yanına gələn xəstələrin sayı durmadan artırdı. İş o yerə çatmışdı ki, səhhətindən heç bir şikayəti olmayanlar da onun qapısını döyürdülər. Belələrinin niyyəti İbn Sinanın şagirdi ola bilmək idi. Müxtəlif yaş qruplarına məxsus olan bu adamları tibbə həvəsləndirən nə idi? Bu suala cavab olaraq müxtəlif səbəblər göstərmək olar: kimini elmə hədsiz marağı, kimini loğmanlıq öyrənib pul qazanmaq həvəsi, kimini də sadəcə İbn Sinaya yardımçı olmaq arzusu onun qapısına gətirirdi.
Hüseyn insanların niyyətlərini sorğu-sual eləmədən şövqlə öyrədirdi: onlara xəstələri müayinə və müalicə zamanı kənardan müşahidə aparmağa icazə verir, boş vaxtlarında isə bu adamlara mühazirələr oxuyurdu. Bax beləcə, günlərin bir günü İbn Sina özündə müəllimlik qabiliyyəti kəşf etdi! Bir müddət sonra onun şagirdlərindən bəzilərinin yaxşı sorağı gəlməyə başladı. Bu, İbn Sinanı daha da həvəsləndirdi. O, gecələr tibbə dair dərs vəsaitləri, tibbi mövzularda traktatlar23 yazır, şagirdlərinin işini asanlaşdırmaq, biliklərini dərinləşdirmək məqsədi ilə müxtəlif xəstəliklərə dair əlamətlərin təsvirindən tutmuş, ayrı-ayrı dərmanların təyin edilməsinə və qəbulunadək vacib məlumatlardan ibarət kitablar hazırlayırdı.
İş o yerə çatdı ki, Ürgəncin elmə, bilgiyə həvəs göstərən gənclərinin çoxu İbn Sinanın yanına axışmağa başladı. İndi onları yalnız tibb yox, fəlsəfə, riyaziyyat, tarix, coğrafiya və başqa elmlər də maraqlandırırdı. Bu gənclər Hüseynin ayrı-ayrı elmlərə dair dərin biliklərə sahib olduğunu bilir, ondan öyrənməyə çalışırdılar. «Kaş Ürgəncdə də, heç olmasa, Buxaradakı Fərcək mədrəsəsi kimi bir məktəb olaydı» – vəziyyəti belə görən İbn Sina ürəyində tez-tez belə deyirdi. Mühazirələrinə gələnlərin sayı artdıqca onun məktəb açmaq arzusu bir az da alovlanırdı. Lakin başa düşürdü ki, bu arzusunu təkbaşına gerçəkləşdirə bilməz. Mədrəsə tipli məktəb üçün ayrı-ayrı otaqları – hücrələri olan böyük bina lazım idi. Bundan başqa, məktəbin xərclərini ödəmək üçün yüksək məbləğdə maddi vəsait tələb olunurdu. Düzdür, İbn Sina bir neçə dəfə istəmişdi ki, Xarəzm hökmdarından kömək istəsin. Lakin dərhal da bu fikrindən daşınmışdı. O qorxurdu ki, hökmdar sözünü yerə salar və qəlbi qırılar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.