Hekayələr. К. Г. Паустовский
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - К. Г. Паустовский страница 8
Çayın arxasından gələn buludlar tarlaların başı üstündə sürünür, havada uçuşan ağsöyüd xəzəllərinə qarışırdı. Buludlardan adamı bezdirən yağış səpələnirdi.
Yollar elə hala düşmüşdü ki, onların üstü ilə nə piyada, nə də araba ilə getmək olurdu. Hətta çobanlar da sürülərini daha çəmənliklərə aparmırdılar. Çoban tütəyi yazadək susmuşdu.
Katerina Petrovna üçün səhərlər yerindən qalxmaq və eyni şeyləri – yandırılmayan sobaların acı qoxusunu canında saxlamış otaqları, “Avropa carçısı” jurnalının8 tozlanmış nüsxəsini, masanın üstündəki saralmış fincanları, lap çoxdan təmizlənməyən samovarı və divardan asılmış portretləri – görmək çətin olurdu. Bəlkə də, otaqlar çox qaranlıq idi, üstəlik, Katerina Petrovnanın gözünə mirvari suyu gəlmişdi, bəlkə də, portretlər zaman keçdikcə qaralmışdı, onların üzərində nə təsvir olunduğunu ayırd etmək çətin idi. Katerina Petrovna, sadəcə, yadında saxlamışdı ki, biri onun atasının portretidir, balaca, qızılı çərçivəli isə Kramskoyun9 hədiyyəsi – onun “Naməlum qadın” əsərinin eskizi idi. Katerina Petrovna məşhur rəssam olmuş atasının vaxtilə tikdiyi evdə öz ömrünü başa vururdu. Atası ahıl yaşında Peterburqdan doğma kəndinə qayıdıb sakit həyat tərzi sürmüş və öz bağında təsərrüfatla məşğul olmuşdu. Görmə qabiliyyəti zəifləyən, gözləri tez-tez ağrıyan və əlləri əsən rəssam daha rəsm çəkə bilməmişdi.
Katerina Petrovnanın “memorial” adlandırdığı bu ev vilayət muzeyinin mühafizəsi altında idi. Lakin evin sonuncu sakini Katerina Petrovnanın, yəni özünün, ölümündən sonra bu evin aqibətinin necə olacağını bilmirdi. Kənddə isə – kənd Zaborye adlanırdı – rəsmlər, Peterburq həyatı, Katerina Petrovnanın atası ilə birlikdə Parisdə keçirdiyi o yay və Viktor Hüqonun dəfn mərasimini görməsi haqqında danışmaq üçün bir nəfər də yox idi.
Bu haqda hər gün gəlib quyudan su daşıyan, döşəməni süpürən, samovarı odun üstünə qoyan kolxoz pinəçisinin qızı Manyuşka ilə də danışmaq mümkün deyildi.
Katerina Petrovna Manyuşkanın zəhmətinin əvəzi olaraq ona büzüşmüş əlcəklər, dəvəquşu lələkləri, muncuqlarla bəzənmiş qara şlyapa hədiyyə edirdi.
– Bunlar mənim nəyimə lazımdır ki? – Manyuşka xırıltılı səslə soruşur və burnunu çəkirdi. – Mən köhnə-külə yığanam, bəyəm?
– Əzizim, sən sat onları, – Katerina Petrovna pıçıldayırdı. Artıq bir il idi ki, o, tamam əldən düşmüşdü və daha yüksək səslə danışa bilmirdi. – Sat onları.
– Tullantı sexinə təhvil verərəm, – Manyuşka qərara alaraq hədiyyələri götürür və çıxıb gedirdi.
Arabir yanğınsöndürmə məntəqəsinin keşikçisi – arıq, kürən Tixon gəlirdi. Katerina Petrovnanın atasının Peterburqdan gəlməsi, ev-eşik tikməsi onun hələ də yadında idi.
Tixon həmin vaxt balaca uşaq idi, amma rəssama bəslədiyi hörmət hissini ömürlük qoruyub saxlamışdı. O, rəssamın əsərlərinə baxıb dərin ah çəkərək deyirdi:
– Çox təbii alınıb!
Tixon çox vaxt qadına ürəyi ağrıdığı üçün iş görürdü: bağdakı qurumuş ağacları kəsir, onları mişarlayır və odun doğrayırdı. Hər dəfə də gedərkən qapının ağzında ayaq saxlayır və soruşurdu:
– Katerina Petrovna, Nastyadan xəbər varmı? Bir şey yazıb?
Beli bükülmüş, kiçilmiş Katerina Petrovna divanda oturub susur və narıncı rəngli dəri çantadakı hansısa kağızları gözdən keçirirdi. Tixon qapıda dayanıb xeyli gözünü döyür, burnunu silirdi.
– Yaxşı, – o heç bir cavab almayıb dillənirdi, – mən daha gedim, Katerina Petrovna.
– Get, Tişa, – Katerina Petrovna pıçıldayırdı. – Get, Allah köməyin olsun!
O, qapını ehtiyatla bağlayıb gedirdi, Katerina Petrovna isə sakitcə ağlamağa başlayırdı. Külək pəncərənin arxasında, çılpaq budaqların arasında əsib uğuldayır, son yarpaqları yerə tökürdü. Masanın üstündəki ağ neftlə işləyən gecə lampasının işığı titrəyirdi. Adama elə gəlirdi ki, o bu atılmış evdə yeganə canlı varlıqdır, bu zəif işıq olmasaydı, Katerina Petrovna səhərə necə çıxacağını heç bilməzdi də.
Gecələr yuxusuzluq kimi uzun və ağır olurdu. Səhər isə sanki tənbəllik edir, gec açılır və çirkli pəncərələrdən içəriyə könülsüz halda sızırdı. Arasına pambıq vurulmuş pəncərə çərçivəsinin üstündə isə hələ keçən ildən qalmış, əvvəllər sarı rəngdə olmuş, indi isə qaralmış yarpaqlar görünürdü.
Katerina Petrovnanın qızı və yeganə doğması olan Nastya uzaqda – Leninqradda yaşayırdı. O, buraya son dəfə üç il əvvəl gəlmişdi.
Katerina Petrovna bilirdi ki, Nastyanın onu düşünməyə vaxtı yoxdur. Onların – cavanların öz işləri, öz anlaşılmaz maraqları, öz xoşbəxtlikləri vardı. Ən yaxşısı mane olmamaq idi. Ona görə də Katerina Petrovna Nastyaya nadir hallarda yazırdı, ancaq köhnəlib yıpranmış divanın kənarında oturub qızı haqqında elə sakitcə düşünürdü ki, hətta otaqdakı səssizliyə aldanmış siçan sobanın arxasından çıxır, arxa ayaqları üstə dayanır və burnunu tərpədə-tərpədə uzun müddət otağın havasını iyləyirdi.
Nastyadan da məktub gəlmirdi, ancaq hər iki-üç aydan bir Vasili adlı gənc, şən poçt işçisi Katerina Petrovna üçün iki yüz rubl miqdarında pul köçürməsi gətirirdi. Katerina Petrovna kağıza imza qoyarkən o, qarının qolundan ehtiyatla tuturdu ki, birdən səhv yerə qol çəkməsin.
Vasili çıxıb gedirdi, Katerina Petrovna isə çaşqın halda əlindəki pulla oturub qalırdı. Sonra o, eynəyini taxır və köçürmə vərəqlərinin üstündəki bir neçə sözü oxuyurdu. Sözlər, elə həmişə olduğu kimi eyni idi: “İş o qədər çoxdur ki, nəinki oralara gəlib çıxmaq, hətta düz-əməlli bir məktub da yazmağa vaxt yoxdur”.
Katerina Petrovna kağız pulların otərəf-butərəfinə ehmalca baxırdı. O, qocalıqdan tamam unutmuşdu ki, bu pullar Nastyanın əlinə dəymiş məhz həmin əsginaslar deyildi, buna görə də ona elə gəlirdi ki, pullardan Nastyanın ətrinin qoxusu gəlir.
Bir dəfə oktyabrın sonlarında, gecə vaxtı kimsə bağın lap qurtaracağındakı, illər öncə mismarlanmış qapını durmadan döyəcləməyə başladı.
Katerina Petrovna təşviş içində bir xeyli müddət
8
“
9