Hekayələr. О. Генри
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - О. Генри страница 4
– Klementina dərsdən sonra məni qızardılmış çörəyə qonaq etmək istəyirdi, – o dedi. – Ümumiyyətlə, bu qızda qəribəlik çoxdur. Axşam saat beşdə qızardılmış çörək! General evdə idi; gərək sən görəydin o, tavanın dalınca necə cumdu, elə bil, qulluqçuları yoxdur. Klementinanın səhhətində nəsə bir problem var – o, çox əsəbidir. Əridilmiş pendirin üstünə qızardılmış çörək tökəndə yağı əlimə sıçratdı. Elə ağrıtdı ki, dəhşət! Zavallı özünü itirib göz yaşı tökməyə başladı… General Pinkni isə… bilirsən, qocanın az qaldı ki, ağlı başından çıxsın. Özü aşağıya, zirzəmiyə yüyürdü və kimisə – deyəsən, ocaqçını – aptekə məlhəm və bint dalınca göndərdi. İndi elə də ağrımır.
– Bəs bu nədir? – Co nəvazişlə onun bint sarınmış əlini qaldırdı və bintin altından görünən əsgi parçasını ehtiyatla dartışdırdı.
– Bu, yumşaq bir şeydir, üstündən məlhəm çəkirlər, – Diliya dedi. – İlahi, Co, doğrudanmı, bir dənə də etüd satmısan? – o yalnız indi masanın üstündəki pulları gördü.
– Bu barədə peoriyalı dostumuzdan soruş. O bu gün öz yük stansiyasını götürdü, deyəsən, parkdakı bir mənzərəni və Hudzonun görünüşünü sifariş vermək istəyir. Bu müsibət başına saat neçədə gəldi, Dili?
– Deyəsən, saat beşdə, – Diliya kədərli səslə dilləndi. – Ütünü… yox e, pendiri təxminən həmin vaxtda pilətənin üstündən götürdülər. Sən bir general Pinknini görəydin, Co, o…
– Yaxın gəl, Dili, – Co dedi. O, taxtın üstünə oturdu və arvadını özünə sarı çəkərək qucaqladı.
– Bu iki həftəni sən nə işlə məşğul olmusan? – o soruşdu.
Diliya sevgi və inadkarlıq ifadə edən baxışlarla cəsarətlə ərinin gözlərinin içinə baxdı və general Pinkni barədə nəsə mızıldadı… sonra başını aşağı saldı və sel kimi axan göz yaşlarından əsl həqiqət süzülməyə başladı.
– Mən dərs tapa bilmədim, – Diliya etiraf etdi. – Sənin də rəssamlıqdan uzaqlaşmağına razı ola bilməzdim. Ona görə də camaşırxanaya – İyirmi dördüncü küçədə yerləşdiyini bilirsən – köynək ütüləmək üçün işə düzəldim. Doğrudan da, bütün bunları əla fikirləşmişdim – Pinkni və Klementina barəsində – necə bilirsən, Co? Bu gün camaşırxanada bir qız ütü ilə əlimi yandırandan sonra evə gələrkən yolboyu qızardılmış çörək barədə bu hadisəni uydurdum. İncimirsən ki, Co? Axı mən işə düzəlməsəydim, bəlkə, sən də öz etüdlərini peoriyalı cənaba sata bilməzdin.
– O, əslində, Peoriyadan deyil, – o bu sözləri qısa fasilələrlə söylədi.
– Onun haradan olması vacib deyil. Amma əhsən sənə, Co! De görüm, zəhmət olmasa… yox, əvvəlcə məni öp… lütfən, de görüm, sən nədən başa düşdün ki, mən dərs demirəm?
– Mən bilmirdim… son dəqiqələrə qədər, – Co dedi. – Elə indi də bilməyəcəkdim, amma bu gün qazanxanadan yuxarı – camaşırxanaya əlini ütü ilə yandırmış hansısa qız üçün bint və məlhəm göndərəsi oldum. Artıq mən iki həftə olar ki, o camaşırxananın qazanxanasında işləyirəm.
– Deməli, sən…
– Mənim peoriyalı alıcım eynən sənin Pinknin kimidir – sadəcə, sənət əsəridir, yeri gəlmişkən, nə rəssamlıqla, nə də musiqi ilə heç bir əlaqəsi yoxdur.
Hər ikisi güldü və Co danışmağa başladı:
– Əgər incəsənəti sevirsənsə, heç bir…
Amma Dili əli ilə ərinin ağzını tutdu, sözünü tamamlamağa imkan vermədi.
– Yox, – o dedi, – sadəcə, əgər sevirsənsə…
POLİS və XORAL18
Medison bağında Sopi öz skamyasında oturub qurdalanırdı. Əgər vəhşi qazlar gecələr səmanın yüksəkliklərinə qalxırlarsa, mantosu olmayan qadınlar ərlərinə qarşı daha nəvazişli olurlarsa, Sopi isə parkda öz skamyasında qurdalanmağa başlayırsa, bu o deməkdir ki, artıq qış qapını kəsdirib.
Sopinin dizinin üstünə sarı yarpaq düşdü. Bu, Şaxta babanın vizit kartı idi; bu qoca Medison bağının daimi sakinlərinə qarşı xeyirxah idi və yaxın vaxtlarda gəlməsi barədə onları vicdanla xəbərdar edirdi. Dörd yolayrıcında o, kartını şimal küləyinə, “Açıq səma altında” mehmanxanasının qapıçısına təqdim edirdi ki, kirayənişinlər hazırlaşa bilsinlər.
Sopi başa düşdü ki, yaxınlaşan soyuqdan qorunmaq üçün vəsait və yollar axtarmaq məqsədi ilə şəxsi komitə yaratmağın vaxtı çatıb. Elə ona görə də skamyasında oturub qurdalanırdı.
Sopinin qış planları məxsusi şöhrətpərəstlikdən xəbər vermirdi. O nə cənub səması, nə də Neapolitan körfəzində dayanmaqla Aralıq dənizi boyunca yaxta səyahəti arzulayırdı. Adada üçaylıq həbs – onun qəlbi bu həsrətlə alışıb-yanırdı. Üç ay etibarlı sığınacaq və yemək təminatı, polislərin və soyuğun təcavüzündən uzaq gözəl kompaniya, həqiqətən, Sopinin ən böyük arzusu idi.
Artıq bir neçə il idi ki, Adadakı qonaqpərvər həbsxana onun üçün qış mənzilini əvəz edirdi. Necə ki şəhərin xoşbəxt vətəndaşları Floridaya və yaxud Rivyeraya bilet alırdılar, Sopi də eləcə Adanı ziyarət etmək üçün o qədər çətin olmayan hazırlıq işləri görürdü. Artıq həmin vaxt yetişmişdi.
Keçən gecə bazar günü çıxan üç qəzetin birini pencəyinin altına sərdi, biri ilə ayaqlarını bürüdü, üçüncüsünü dizlərinə bağladı – ancaq soyuqdan qoruna bilmədi: o, fəvvarənin yanındakı skamyanın üstündə çox narahat bir gecə keçirdi. Ona görə də Ada onun gözünə arzulanan və vaxtı çatmış sığınacaq kimi görünürdü. Sopi şəhərdə hökm sürən səfalətlə bağlı mərhəmət adına göstərilən qayğılara nifrət edirdi. Onun fikrincə, qanun filantropiyadan19 bir qədər mərhəmətlidir. Şəhərdə saysız-hesabsız ictimai və xüsusi xeyriyyəçilik müəssisələri var idi ki, kiçicik bir xahişlə onlardan daldalanacaq və ərzaq ala bilərdi. Amma Sopinin qürurlu təbiətinə xeyriyyəçilikdən əldə olunan bəxşişlər ağır gəlirdi. Filantropların əlindən qəbul etdiyin hər cür yaxşılığa görə pul ödəməsən də, alçalmaqla mütləq əvəzini qaytarmalısan. Hər mərhəmət çarpayısı məcburi vanna ilə, hər bir loğma çörək isə ruhuna icazəsiz soxulanlar ilə müşayiət olunurdu. Belə olduğu halda həbsxananın kirayənişini
18
19