Hekayələr. О. Генри

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - О. Генри страница 8

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - О. Генри Hekayə ustaları

Скачать книгу

axtarmaq üçün Luini maşınla göndərib. Sən yaramaz və səfeh qızsan!

      O, düyməni basdı, həmin dəqiqə xidmətçi otağa daxil oldu.

      – Meri, anama söylə ki, miss Merian qayıdıb.

      – Deyinmə, bacıcan. Madam Teogilə qaçdım ona deyim ki, çəhrayı rəngli tikmənin yerinə bənövşəyisini qoysun. Amma bu paltar və Merinin şlyapası işimə yaman yaradı. Hamı məni satıcı kimi qəbul edirdi.

      – Nahar artıq qurtarıb, əzizim, sən gecikmisən.

      – Bilirəm. Başa düşürsən, mən səkidə sürüşdüm və ayağımı əzdim. Zədəli ayaqla yeriyə bilməzdim. Birtəhər yaxındakı restorana çatdım və özümü yaxşı hiss edənə kimi orada oturdum. Gecikməyimin də səbəbi bu idi.

      Pəncərənin qarşısında oturan qızlar parlaq işıqsaçan fənərə və işıqları sayrışan faytonlara baxırdılar. Kiçik bacı başını böyük bacının dizinə qoyub ona qısılmışdı.

      – Nə vaxtsa ərə gedəcəyik, – o, xəyala dalmış vəziyyətdə dilləndi, – sən də, mən də. Pulumuz o qədər çoxdur ki, onlar bizə yaxşı ailələrə düşməyə imkan verəcək. İstəyirsən, bacıcan, deyim mən necə adamı sevə bilərəm?

      – Hə, söylə, boşboğaz, – böyük bacı gülümsədi.

      – İstəyirəm ki, sevdiyim adamın mehriban, göy gözləri olsun, o, kasıb qızlara şərəf və ehtiramla yanaşsın, yaraşıqlı və xeyirxah olsun, sevgini əyləncəyə çevirməsin. Mən onu ancaq o zaman sevə bilərəm ki, həyatda aydın məqsədi, faydalı işi olsun. Qoy lap kasıb olsun, buna əhəmiyyət vermərəm, hər şey edərəm ki, onu öz məqsədinə çatmağa köməklik göstərə bilim. Amma bacıcan, bizi bütün həyatı ziyafətlər və klublar arasında boş-boşuna keçən avara adamlar əhatə edir; belə adamı isə mən hətta göy gözləri olsa, küçədə tanış olduğu kasıb qızlara ehtiramla yanaşsa belə, sevə bilmərəm.

      SON YARPAQ

      Vaşinqton xiyabanının qərbində yerləşən kiçik məhəllə küçələrlə bir-birinə qarışıb “dalan” adlanan qısa zolaqlara bölünür. Bu dalanlar qəribə tinlər və əyri xətlər əmələ gətirir. O küçələrdən biri hətta iki dəfə öz-özü ilə kəsişir. Onun çox dəyərli olan bu cəhətini bir rəssam kətan üzərində göstərməyə müvəffəq oldu. Fərz edək ki, mağazanın kassiri əlində boya, kağız və qalın kətan üçün hesab kağızı ilə həmin küçə ilə gedir və evinə yollanarkən özü ilə rastlaşır!

      Beləliklə, incəsənət adamları şimala açılan pəncərələr, XVIII yüzilliyin dam örtükləri, holland mansardaları və ucuz mənzil axtarışı ilə gəlib yavaş-yavaş özünəməxsus cəhətləri olan Qrinviç-Villic məhəlləsinə yığışmışdılar. Sonra da Altıncı küçədən bir neçə qalay parç və bir-iki manqal gətirib burada “koloniya” yaratmışdılar.

      Syu və Consinin studiyası üçmərtəbəli kərpic evin yuxarı mərtəbəsində yerləşirdi. Consi Coanna adının qısaldılmış şəklidir. Qızlardan biri Men ştatından, o biri isə Kaliforniyadan gəlmişdi. Onlar Səkkizinci küçədə yerləşən balaca bir restoranda ümumi masanın arxasında tanış olmuşdular. İncəsənət, mətbəx və dəbdə olan qollu paltarlarla bağlı fikirləri üst-üstə düşdüyü qənaətinə gəlmiş, nəticədə ümumi studiya yaratmışdılar.

      Bu hadisə may ayında baş vermişdi. Noyabrda həkimlərin pnevmoniya adlandırdıqları bu bəla gözə görünmədən bütün koloniyanı dolaşır, soyuq barmaqları ilə gah birinə, gah da o birinə toxunurdu. Şərq ölkələrində bu qaniçən xəstəlik onlarca qurbana səbəb olmuş, qarşısı alınmadığına görə həmişə cəsarətlə addımlamışdı. Lakin burada, mamır basmış bu dalanların dar labirintlərində ayağını arxasınca zorla sürüyürdü. Cənab Pnevmoniyanı heç cür nəzakətli qoca centlmen adlandırmaq olmazdı. Kaliforniya mehindən bənizi solmuş zərif bir qızı qanlı əlləri ilə təngnəfəs edən qüvvətli qoca axmağa çətin ki ləyaqətli deyən tapılsın. Beləliklə, o, Consini də yatağa saldı; qız rənglənmiş dəmir çarpayıda tərpənməz halda uzanaraq holland pəncərəsinin kiçik çərçivəsindən qonşu kərpic evin lal divarlarını seyr edirdi.

      Bir səhər həkim qayğılı halda pırtlaşıq çal saqqalını tərpətməklə Syunu dəhlizə çağırdı.

      – Onun təkcə bir şansı var… – o, termometrin civəsini silkələyərək dedi. – O da yalnız özü yaşamaq istədiyi təqdirdə. İnsanlar tabut düzəldənlərin marağına uyğun davrandıqları zaman bizim tibb elmi öz əhəmiyyətini itirir. Sizin balaca xanım qərara gəlib ki, artıq sağalmayacaq. O nə barədə düşünür?

      – O…o, boya ilə Neapolitan körfəzinin şəklini çəkmək istəyir.

      – Boya ilə? Boş şeydir! Onun qəlbində elə bir şey varmı ki, həqiqətən də, haqqında düşünməyə dəysin, məsələn, kişilər?

      – Kişilər? – Syu soruşdu və səsi dodaq qarmonunun səsi kimi kobud çıxdı. – Doğrudanmı, kişilər barədə düşünməyə dəyər?.. Xeyr, doktor, buna bənzər heç nə yoxdur.

      – Hə, onda o, sadəcə, zəif düşüb, – həkim qərar verdi. – Mən tibb aləminin bir nümayəndəsi kimi gücüm çatan hər şeyi edəcəm. Amma xəstəm öz matəm mərasimində neçə karetin olduğunu saymağa başladıqda dərmanların şəfaverici təsirini əlli faiz azalmış hesab edirəm. Əgər siz Consinin bu qış nə cür qollu paltarların dəbdə olacağı barədə, heç olmasa, bir dəfə sual verməsinə nail ola bilsəniz, əmin olun ki, onun sağalmaq şansı birə beş artacaq.

      Həkim getdikdən sonra Syu tələsik emalatxanaya girib yapon kağız salfeti islanana qədər ağladı. Sonra əlində molbert fit çala-çala cəsarətlə Consinin otağına yollandı.

      Consi üzü pəncərəyə tərəf uzanmışdı, adyalın altından onu zorla sezmək olurdu. Consinin yuxuya getdiyini düşünən Syu fit çalmağı dayandırdı. Molbertini qurdu, jurnaldakı bir hekayə üçün tuşla şəkil çəkməyə başladı. Gənc rəssamların incəsənətdə yolu gənc yazıçıların ədəbiyyata körpü salmaq üçün jurnallarda çap etdirdikləri hekayələrinə illüstrasiyalar çəkməklə başlayır.

      Syu hekayə üçün gözündə monokl30 olan kovboy şəklini çəkməyə təzəcə başlamışdı ki, qulağına bir neçə dəfə təkrarlanan pıçıltı səsi gəldi. O, cəld çarpayıya yaxınlaşdı. Consinin gözləri geniş açılmışdı. Pəncərəyə baxıb sayır, sonra yenə də tərsinə saymağa başlayırdı.

      – On iki, on bir, – dedi. Bir qədər gözlədikdən sonra yenidən saymağa başladı: – On, doqquz, səkkiz, yeddi…

      Syu pəncərəyə baxdı. Orada sayılası nə vardı, görəsən? Təkcə kimsəsiz, hüznlü həyat və iyirmi addım aralıdakı kərpic evin lal divarları gözə dəyirdi.

Скачать книгу


<p>30</p>

Monokl – eynək və ya pensne əvəzinə göz çuxuruna qoyulan bir göz üçün dairəvi optik şüşə