Hekayələr. О. Генри

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - О. Генри страница 9

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - О. Генри Hekayə ustaları

Скачать книгу

çürük sarmaşıqdakı yarpaqların sənin sağalmağınla nə əlaqəsi ola bilər? Elə bil sarmaşığı sevməyə başlamısan. Səfeh olma! Hələ bu gün səhər həkim dedi ki, tezliklə sağalacaqsan… Dayan görüm, o, necə dedi?.. Sənin birə on şansın var. Bu, Nyu-Yorkda tramvayla gedən, ya da təzə evlərin yaxınlığından keçən bizim kimi adamlar üçün balaca göstərici deyil. Bir az bulyon yeməyə çalış və rəfiqənə imkan ver ki, şəkli tez çəkib redaktora satsın və xəstə qıza şərab, özünə isə donuz ətindən kotlet ala bilsin.

      – Daha şərab almağa ehtiyac yoxdur, – gözünü diqqətlə pəncərəyə zilləyən Consi cavab verdi. – Bax, biri də düşdü. Yox, bulyon istəmirəm. Deməli, yalnız dördü qaldı. Axırıncı yarpağın da düşməsini görmək istərdim. O zaman öləcəyəm.

      – Consi, əzizim, – Syu ona tərəf əyilərək dedi, – mənə söz verirsən ki, işimi qurtarana kimi gözünü açıb pəncərəyə sarı baxmayacaqsan? Sabah bu illüstrasiyanı təhvil verməliyəm. Mənə işıq lazımdır, yoxsa pəncərənin pərdəsini endirərdim.

      – Məgər başqa otaqda çəkə bilməzsən? – Consi soyuq tərzdə soruşdu.

      – Sənin yanında olmaq istəyirəm, – Syu cavab verdi. – Həm də bu yaramaz yarpaqlara baxmağını istəmirəm.

      – İşi nə vaxt bitirəcəyini söylə, – bənizi ağarmış Consi yıxılmış heykəl təki tərpənməz vəziyyətdə dedi, – çünki mən son yarpağın necə düşdüyünü görmək arzusundayam. Gözləməkdən, fikirləşməkdən yorulmuşam. Məni saxlayan nə varsa ondan azad olmaq, bu zavallı, solğun yarpaqlardan biri kimi aşağıya doğru uçmaq istəyirəm.

      – Çalış yatasan, – Syu dedi. – Bermanı çağırmalıyam. Ondan istifadə edib rahib şəkli çəkmək istəyirəm. Uzağı bir dəqiqəyə qayıdıram. Mən qayıdana kimi yerindən dəbərmə ha!

      Qoca Berman aşağı mərtəbədə, onların studiyasının altında yaşayırdı. Onun artıq altmışdan yuxarı yaşı vardı və qıvrım saqqalı Mikelancelonun Moiseyi31 kimi məzhəkəli başından cırtdan bədəninə sarı uzanmışdı. Berman incəsənətdə uğursuz rəssam sayılırdı. O, daim şedevr yaratmağa hazırlaşsa da, onu hələ heç başlaya da bilməmişdi. Artıq neçə ildi bir tikə çörək naminə lövhə, reklam və buna bənzər cızma-qaralardan savayı heç nə çəkmirdi. O, gənc rəssamlara poza verməklə də müəyyən qədər qazana bilirdi. Çünki peşəkar naturaçılar bu rəssamların cibinə uyğun gəlmirdilər. O, içki düşkünü olmasına baxmayaraq, hələ də gələcək şedevri barəsində danışmaqda davam edirdi. Qalan məsələlərdə isə çox zalım bir qoca olub hər cür sentimentallığa istehza ilə yanaşır və özünü iki gənc rəssam qız üçün məxsusi olaraq təhkim edilmiş gözətçi it hesab edirdi.

      Syu ardıc giləmeyvəsi iyi verən Bermanı aşağı mərtəbənin yarımqaranlıq hücrəsində tapdı. Otağın bir küncündə, molbertin üstündə artıq iyirmi beş ildir toxunul- mayan şedevrin ilk ştrixlərini qəbul etməyə hazır kətan qoyulmuşdu. Syu Consinin fantaziyası və yarpaq kimi zərif, kövrək bir qızın həyat ilə əlaqəsinin zəifləyəcəyi təqdirdə xəzana qoşulub məhv olacağı haqda qocaya danışdı. Qoca Berman – görəsən, kimin qırmızı gözləri bu dərəcədə aydın yaşara bilərdi – belə axmaq fantaziyalara rişxənd edərək qışqırdı:

      – Nə! Bu nə axmaqlıqdı belə – lənətə gəlmiş sarmaşıqdan tökülən yarpaqlar ölümə səbəb ola bilər! İlk dəfədi eşidirəm. Yox, sizin axmaq rahibiniz üçün poza vermək arzusunda deyiləm. Siz o qızın öz başını belə cəfəngiyatla doldura bilməsinə necə imkan vermisiniz? Ah, zavallı balaca miss Consi!

      – O, çox xəstə və zəifdi, – Syu dedi, – qızdırmadan başında cürbəcür xəstə fantaziyalar yaranır. Çox yaxşı, mister Berman, mənə poza vermək istəmirsinizsə, heç lazım da deyil. Amma… məncə, siz mənfur bir qocasınız… mənfur boşboğaz qoca!

      – Bax əsl qadın belə olar! – Berman ucadan dedi. – Kim dedi mən poza vermək istəmirəm? Gedək. Mən sizinlə gedirəm. Yarım saatdı deyirəm ki, poza vermək istəyirəm. Ay Allah! Miss Consi kimi yaxşı bir qızın xəstələnməsinin heç yeri deyildi. Öz şedevrimi yaradan kimi hamımız buradan gedəcəyik. Bəli, bəli!

      Onlar yuxarı qalxanda Consi mürgüləyirdi. Syu pəncərənin pərdəsini axıra kimi buraxıb Bermana işarə etdi ki, o biri otağa keçsin. Orada pəncərəyə yaxınlaşıb qorxu içində qoca sarmaşığa baxmağa başladılar. Sonra heç bir söz demədən bir-birinə nəzər saldılar. Buz kimi soyuq, leysan yağış yağırdı. Berman əynində göy rəngli köynək, qızılaxtaran zahid kimi, qayanı əvəz edən çevrilmiş çaydanın üstündə oturdu.

      Növbəti gün səhər qısasürən yuxudan sonra Syu, Consinin qüssəli və geniş açılmış gözlərini pərdəsi aşağı endirilmiş pəncərədən çəkmədiyinin şahidi oldu.

      – Onu qaldır, baxmaq istəyirəm, – Consi qətiyyətlə pıçıldadı. Syu yorğun halda rəfiqəsinin dediyinə əməl etməli oldu.

      Çox şiddətli yağışdan və bütün gecəni sakitləşməyən güclü küləkdən sonra kərpic divarda sarmaşığın yeganə – sonuncu yarpağı görünürdü! Saplağına sarı ləkələrin və çürümənin yavaş-yavaş iz saldığı tünd-yaşıl rəngli yarpaq yerdən iyirmi fut yuxarıda yerləşən budağın üstündən əzəmətlə boylanırdı.

      – Bu, soununcu yarpaqdı, – Consi dedi. – Düşünürdüm ki, o bu gecə mütləq düşəcək. Gecə güclü küləyin səsini eşidirdim, amma hələ düşməyib. Yəqin, bu gün düşər və onda mən öləcəyəm.

      – Allah sənə ağıl versin! – Syu yorğun başını yastığa doğru əyərək dedi. – Özünü düşünmürsənsə, heç olmasa, məni düşün! Bəs sənsiz mənim halım necə olacaq?

      Consi cavab vermədi. Sirli, uzaq səfərə hazır qəlb həyatdakı hər şeyə qarşı biganə olur. Xəstə fantaziyası Consiyə daha güclü təsir göstərərək onu həyat və insanlara bağlayan bütün telləri bir-birinin ardınca məhv edirdi.

      Bir gün keçdi. Onlar hətta alaqaranlıqda belə yeganə yarpağın kərpic divara toxunan saplağının üstündə olduğunu görürdülər. Axşam düşdükdən sonra şimal küləyi qalxdı və yağışın holland dam örtüklərindən üzüaşağı yumalanan damcıları fasiləsiz olaraq pəncərələri döyəcləməyə başladı.

      Hava işıqlanan kimi rəhmsiz Consi yenidən pərdənin qaldırılmasını tələb etdi. Sarmaşıq yarpağı hələ də öz yerində idi. Consi uzanmış halda uzun müddət yarpağı seyr etdi. Sonra Syunu çağırdı və qaz pilətəsində onun üçün toyuq bulyonu qızdırmasını xahiş etdi.

      – Mən pis qız olmuşam, Syu, – Consi dedi. – Bəlkə də, bu sonuncu yarpaq mənim nə dərəcədə yaramaz olduğumu sübut etmək üçün dayanıb. Öz ölümünü arzulamaq günahdı. İndi sən mənə azca bulyon, ardınca isə portveynli

Скачать книгу


<p>31</p>

Mikelancelonun Moiseyi – italyan rəssam və heykəltəraşı Mikelancelonun 1513-1516-cı illərdə işlədiyi Musa peyğəmbərin heykəli. Oturaq vəziyyətdəki mərmər heykəlin hündürlüyü 235 sm-dir.