Hekayələr. Фазиль Искандер

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Фазиль Искандер страница 4

Hekayələr - Фазиль Искандер Hekayə ustaları

Скачать книгу

kəndini tərk edir və uzaq kəndlərdən birinə köçür. Ya da nəsillər yerli-dibli məhv olana kimi bir-birini qırırlar.

      Elə oldu ki, Batalba nəslindən dörd qardaş və bir ana qaldı. Çiçbalıların da nəslindən dörd qardaş və bir ana qaldı. Ancaq çiçbalıların sonbeşiyi hələ balaca idi – cəmi on üç yaşı var idi.

      Qalanlar lap uzaq qohumlar idi. Onlar beləcə on il idi yaşayırdılar. Bir-biri ilə işləri yox idi. Bir çoxları fikirləşdilər ki, nəhayət, ağsaqqalların köməyi ilə onlar öz aralarında bir razılığa gələ bilərlər.

      Onu da deyim ki, növbəti həmlə Batalba tərəfdən olmalı idi. Həmin yay Batalba qardaşlarından ən igidi və cəsuru Adamır sürünü yaylağa apardı, o biri üç qardaş isə evdə qaldı. Bu, batalbalılar tərəfdən sülhə doğru addım idi. Onlar sanki demək istəyirdilər ki, baxın, biz kişilərimizdən ən güclüsünü alp çəmənliklərinə göndəririk, biz daha qorxmuruq, biz barışıq istəyirik.

      Çiçbalılar isə bunu başqa cür başa düşdülər. Onların əsəbləri dözmədi. Onlar bu qərara gəldilər ki, düşməndən həmlə gözləməkdənsə, Adamırın yaylağa getməyindən istifadə edib üç qardaşı öldürsünlər, sonra isə Adamırı öldürüb, nəhayət, rahat yaşasınlar.

      Onlar belə də elədilər. Qəflətən batalbalıların evinə hücum edib qardaşları öldürdülər və evdə qalan malı sürüb apardılar. Çiçbalılardan ən cəsuru isə atını dağlara sürdü ki, Adamıra xəbər çatmamış onu orada tapıb öldürsün.

      Adamır bu zaman çobanlardan ayrılıb dağkeçisi ovuna çıxıbmış. O, iki gün dağın zirvəsində buzlaqlarda qaldı. Çiçbalı isə bir gün çobanların köçünü pusdu, nəhayət, Adamırın orada olmadığını görüb çobanlara yanaşdı və onun yerini soruşdu.

      Çobanlar hiss etdilər ki, vəziyyət xarabdır, ancaq aşağıda, kənddə nə baş verdiyini onlar hələ bilmirdilər. Hər ehtimala qarşı çiçbalıya dedilər ki, Adamır aşırımdan o tərəfə, dostu çərkəzə qonaq gedib və bir həftədən sonra qayıdacaq. Çiçbalı aşağıya, Abxaziyaya qayıtmalı oldu. O fikirləşdi ki, eybi yox, onlar dörd qardaşdırlar. Adamır isə indi təkdir.

      Ertəsi gün günortaya yaxın kənddən çapar gəlib oradakı müsibəti çobanlara xəbər verdi. Çobanlar fikirləşirdilər ki, bunu Adamıra necə xəbər versinlər, elə bu vaxt onun özü təpənin başında göründü və binəyə tərəf gəlməyə başladı.

      Dağkeçisi çiynində, özü də üzüaşağı dağkeçisi kimi enir və qışqırırdı ki, niyə qarşılamırsınız? O, uğurlu ova sevinirdi və ağlına belə gəlmirdi ki, onu necə bir bəd xəbər gözləyir. Binəyə çataçatda çobanlar yavaş-yavaş ona tərəf yönəldilər. O hələ də sevinclə qışqırır və başa düşmürdü ki, niyə çobanlar ona tərəf qaçmırlar. Adətən, belə vaxtlarda hamı uğurlu çobana kömək etmək istəyir. Onlar isə heç addımlarını da yeyinlətmirdilər.

      Birdən Adamır çobanların arasında çegemlini gördü və hiss etdi ki, onun gəlişi bura kədər gətirib. Onlara bir on addım qalmış Adamır dayanıb Çegemdən gəlmiş çapara baxdı; o nə isə bir dəhşət hiss edib özü də bundan qorxdu. Nəhayət, çiynindən dağkeçisini atıb soruşdu:

      – Nə olub evdə?

      Çegemli baş vermiş müsibəti ona danışdı, çobanlar da dedilər ki, çiçbalılardan biri bura gəlib onu soruşurmuş.

      – Kəndə çatdır ki, – Adamır çapara dedi, – gedirəm qardaşlarımın intiqamını almağa. İki gündən sonra qayıdıb onların yasını tutacam. Əgər qayıtmasam, mənim də yasımı onlara qatarsınız.

      O, yerindəcə tüfəngini doldurdu və dağkeçisi cəmdəyinin üstündən adlayıb aşağıya tərəf yönəldi. Üçgünlük yolu bir gecə-gündüzə gedib onun arxasınca gələn çiçbalıya çatdı. Onu öldürüb dağkeçisi kimi çiyninə atdı. Bir on kilometr də gedib bir evə çatdı. Ev sahibini çağırıb dedi ki, qohumları gələnə kimi meyiti murdar olmağa qoymasın. Sonra meyiti darvazanın ağzında yerə qoyub yoluna davam etdi.

      Səhərə yaxın o, çiçbalıların evinə çatdı və mal tövləsini yandırdı. Tüstüdən boğulan inəklər böyürməyə başlayanda qardaşlar eşidib evdən çıxdılar. Adamır böyük qardaşları öldürdü, kiçiyinin isə əl-qolunu bağlayıb onun anasına dedi:

      – Sənin oğulların mənim qardaşlarımı öldürdülər. Mən sənin kiçik oğlunu öldürməyəcəm, ancaq o, ömrü boyu mənim qulum olacaq. Hökumətə şikayət eləsən, yerindəcə öldürəcəm. Ondan sonra qoy mənə nə istəyirlər etsinlər.

      Bəli, o, qardaşlarının intiqamını alıb, yazıq uşağı kəndirə bağlayıb evinə gətirdi və öz qardaşlarının yasını tutdu. Onların qəbri qarşısında and içdi ki, ölənəcən sonuncu çiçbalını qul kimi saxlayacaq. Oğlanın adı Həzrət idi.

      Camaat bu hadisəyə heyrət edirdi. Bəziləri Adamırı tərifləyirdi ki, uşağı öldürməyib, bəziləri onun uşağı qul etməyinə hirslənirdi, bəzi adamlar da elə hesab edirdi ki, Adamır bunu qanlı beyinlə eləyib, qəzəbi soyuyandan sonra uşağı buraxacaq.

      Ancaq o, Həzrəti buraxmadı, iyirmi ilə yaxın onu əsl qul kimi tövlədə zəncirdə saxladı. Bu bizim Çegem ağsaqqallarının xoşuna gəlmirdi, ancaq onlar Adamıra təsir göstərə bilmirdilər. O, qəzəbindən vəhşiləşmişdi. Əgər o, Çegemin özündə yaşasaydı, bəlkə də, onu qovardılar, ancaq Adamır kənddən kənarda yaşayırdı və heç kimə tabe olmurdu. Amma ona çatdırmışdılar ki, bir də ayağını Çegemə basmasın.

      O vaxtlar hökumət belə şeylərə çox da fikir verməzdi. Əgər aran kəndində biri qan intiqamı alırdısa, onu çox vaxt həbs edirdilər. Əgər o, meşəyə çəkilirdisə, onu heç axtarmırdılar da. Ancaq əgər biri polisi, ya mirzəni öldürürdüsə, canini mütləq tapıb cəzalandırmağa çalışırdılar. Həzrətin anası isə qorxurdu ki, şikayət etsə, Adamır onun oğlunu öldürər.

      Adamır ömrünün axırına kimi subay qaldı. Bir neçə dəfə elçi getsə də, abxazlar ona qız vermədilər.

      – Ona necə qız verəsən, – deyə onlar fikirləşirdilər, – qızının yanına qonaq gedəcəksən, orada isə qula rast gələcəksən. Nəyimə lazımdır belə qohumluq?

      Beləliklə, onlar uzun illər bir yerdə yaşadılar, sonra Adamırın anası rəhmətə getdi və onlar ikilikdə qaldılar – Adamır və qulu Həzrət.

      İldə bir neçə dəfə Həzrətin yazıq anası oğlunu yoluxmağa gəlirdi, ona xaçapuri, qızartma toyuq, çaxır gətirirdi. Adamır buna icazə verirdi. Bundan başqa, o, arvada icazə verirdi ki, ildə bir dəfə oğlunun saçını, saqqalını qırxsın və ildə üç dəfə onu çimizdirsin. Baxırdın ki, yazıq arvad oğlunun yanına gəlir, iki gün onun yanında oturur, gözünün yaşını tökür, sonra onlar yenə ayrılırlar.

      Mən on səkkiz yaşına qədəm qoyanda qərara aldım

Скачать книгу