Hekayələr. Фазиль Искандер
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Фазиль Искандер страница 7
Elə bu vaxt bayırdan güllə səsləri gəldi.
Həyətə çıxıb nə görsək yaxşıdır? Kazım mal tövləsinin yanında durub tüfənglə Adamırın itlərini vurur. Bir-birinin dalınca o, altı iti yerə sərdi. Sən demə, itlər acından qudurub tövlədəki inəyi parçalayıb yeyiblər. Sonra iki inəyi də parçalayıblar, ancaq yeməyə macal tapmayıblar. Bax beləcə, bir vəhşilik başqa vəhşiliyə yol açır, o da bir başqasına.
Həzrətin zavallı anasını oğlunun meyiti ilə birgə öz kəndinə yola saldıq. Bədbəxt Adamırı da qardaşları ilə yanaşı basdırdıq. Bununla da Batalba nəsli kəsildi, bir vaxtlar duz-çörəkli evin çırağı söndü. Sonra isə evi də tövlə ilə birlikdə kimlərsə hissə-hissə daşıyıb apardılar.
O vaxtdan mən Həzrət haqqında çox fikirləşmişəm. Bir sual mənə rahatlıq verməyib: niyə o gecə Həzrət mənimlə getmədi? Nəhayət, mən bu suala cavab tapdım. O qorxurdu ki, əgər getsə, qisasını ala bilməyəcək. Məni aldatdı ki, guya yeriməyi yadırğayıb. O gəzə bilmirdi, ancaq Adamırın həmişə silahlı olduğunu və itlərin onun izinə düşə biləcəyini fikirləşib riskə getmədi. Zənciri uzatmaqla o istəyirdi ki, gözlənilmədən Adamırın üstünə atılsın, onu öz qüvvətli əlləri ilə boğub öldürsün. Onun beyninə bundan başqa heç nə girmirdi.
Nəhayət, mən başa düşdüm ki, qul azadlıq istəmir, onun istədiyi bir şey var: qisas almaq, onu əzən adamı əzib tapdalamaq. Bax belə, mənim əzizlərim, qul yalnız qisas almaq istəyir, bəzi axmaqlar da elə fikirləşirlər ki, o, azadlıq arzusu ilə yaşayır, – Sandro əmi hikmətli hekayətini sona yetirib mənalı-mənalı bığını sığalladı.
Kamal bərkdən güldü, knyaz isə başı ilə mənə tərəf işarə etdi – yəni müdrikliyi Sandro əmidən öyrən.
– Yazıq Emuxvari knyazlarını ingilis casusu hesab etmək isə ən azı axmaqlıqdır, – deyə Sandro əmi sözünə davam etdi. – Onların heç İngiltərə adında ölkədən xəbərləri belə yox idi. Mən isə 30-cu illərdə Pansulayanın ansamblı ilə birlikdə İngiltərədə olmuşam. Bizi orada xeyli gəzdirdilər və deməliyəm ki, İngiltərə heç də pis ölkə deyil. Gözəl otlaqları var, ancaq nədənsə qoyun saxlamırlar. Keçi üçün isə İngiltərə əlverişli deyil. Keçi kolluq sevir, qoyununku isə xalis otlaqlardır. Başa düşmürəm niyə onlar qoyun saxlamırlar.
– Saxlayırlar, – deyə Sandro əmini sakitləşdirdim.
– Hə-ə-ə, – Sandro əmi qane oldu. – Deməli, mənə qulaq asdılar. İyirmi il bundan əqdəm bura bir ingilis yazıçısı gəlmişdi, adı Pristli idi. Eşitmisən onun haqqında?
– Hə, – deyə cavab verdim.
– Oxumusan?
– Hə, – dedim.
– Necədir?
– Belə də, Sandro əmi, – dedim, – elə bir şey deyil.
Sandro əmi güldü, amma gülüşü heç xoşuma gəlmədi.
– Mən çoxdan hiss eləmişəm, – dedi, – bu yazan adamların qəribə xüsusiyyəti var, heç vaxt bir-birinin haqqında yaxşı söz deməzlər. Ancaq mən ansamblda rəqs edəndə həmişə boynuma almışam ki, Pata Pataraya bir nömrəli rəqqasdır, əslində isə mən ondan yaxşı rəqs edirdim… hə, sözümün canı var. Bu Pristliyə o vaxt bizdə çox gözəl bir gecə təşkil etdilər. Ona ən yaxşı sanatorini, ən uzunömürlü sakinimizi, ən varlı kolxozçumuzu göstərdilər. Məlum məsələdir ki, məni də onunla tanış etdilər. Mən məclisdə masabəyilik edirdim. Özüm də onunla yanaşı oturmuşdum, daha doğrusu, bizim aramızda tərcüməçi qız oturmuşdu. Nə isə söhbətimiz tutdu. Onda mən ona dedim ki, İngiltərədə olmuşam, orada yaxşı otlaqlar görmüşəm, ancaq qoyun gözümə dəyməyib və məsləhət gördüm ki, ingilis fermerləri qoyun saxlasınlar.
– Bəs o nə dedi? – mən soruşdum.
– O da dedi ki, yaxşı, mən onlara çatdıraram. Hə, bir də gör nə deyir. Fermerlərə, deyir, mən qoyun məsələsini çatdıraram. İntəhası, bizim parlamentdə onsuz da çoxlu qoyun var. Belə çıxdı ki, öz hökumətini pisləyir. Hə, onda mən başa düşdüm ki, nəyə görə onu bizdə belə yaxşı qarşılayırlar. İndi mən səndən soruşuram: sən başqa bir ölkəyə gedəndə, yuxarını demirəm, bizim obkom haqqında deyə bilərsənmi ki, orda keçilər oturur. Onu da nəzərə al ki, keçi qoyundan ağıllıdır ha.
– Yox, – dedim, – deyə bilmərəm.
– Hə, görürsən?
Knyaz gülümsədi, Kamal isə qəhqəhə ilə güldü. Xaçik sıçrayıb diz çökərək bu mənzərəni fotoaparatla çəkdi.
Biz adama bir qədəh içdik. Akop ağa təzə qəhvə gətirdi. O, fincanları sinidən götürüb onu yuxarı qaldıranda sini, qalxan kimi günəşi əks etdirdi. Akop ağa masa arxasında əyləşib sinini dizi üstünə qoydu. Hərdən o, dırnağı ilə sinini taqqıldadır və onun cingiltisinə qulaq asırdı.
Kamal, adətən, vaxtını başqa eyş-işrət yerlərində keçirirdi, ona görə də Akop ağanı pis tanıyırdı. Mən istəyirdim ki, o, Akop ağanın Tiqranakert haqqında klassik novellasını eşitsin.
– Akop ağa, – dedim, – mən ha fikirləşirəm, görəsən, niyə İkinci Tiqran o boyda Tiqranakert şəhərini tikdikdən sonra onu əldən verib ki, rum barbarları da şəhəri yandırıb qarət ediblər? Yəni doğrudan o öz şəhərini müdafiə edə bilməzdi?
Mən danışdıqca Akop ağa kədərli-kədərli başını bulayır, sanki demək istəyirdi ki, azacıq ağıl olan beyində belə bir sual doğmaya bilməz.
– Of, Tiqranakert, – Akop ağa dərindən ah çəkdi. – Külün göyə sovruldu… Bu, Şarkin ən gözəl şəhəri idi. Orda fantanlar var idi ağac boyda. Ağaclar var idi, hər budağında bir İran quşu otururdu, adı da tovuz quşu. Orda küçələrdə marallar gəzirdi, adam görəndə gözlərini aşağı salırdılar, bax belə, lap erməni qızları kimi. Hara getdi bütün bunlar? Külü göyə sovruldu.
Bəlkə də, Tiqranakert Romadan da, Babildən də gözəl idi, ancaq hardan bilək, o vaxt foto yox idi. Bu bizim eradan əvvəl altmış doqquzuncu ildə olub. Əgər bizim bu Xaçik o vaxt yaşasaydı, yəqin ki, ya işsiz idi, ya da