Hekayələr. Фазиль Искандер
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Фазиль Искандер страница 9
Bu yerdə Sandro əmi Kamalın sözünü kəsdi:
– Sən lap ruslaşmısan, – dedi. – Niyə mənim yanımda öz qadınının adını çəkirsən?
– Necə ki? – Kamal soruşdu.
– Sənin heç başın işləmir, – Sandro əmi dedi. – Bilirsən ki, bu ad mənim arvadımın adıdır. İndi ki yanımda danışırsan, gərək o adı dəyişdirəydin.
– Di yaxşı, – Kamal bərkdən güldü. – Mən daha onun adını çəkməyəcəyəm.
– Axmaq, indi ki çəkdin, daha nə etmək olar, dalını danış.
– Hə, belə, – deyə Kamal gülümsər gözləri ilə Sandro əmiyə baxaraq sözünə davam etdi:
– Bir dəfə biz həmişəki kimi qızların yanında gecələdik. Saat üç olardı, mən yuxudan ayıldım. Evdən çıxdım papiros çəkim. Bir də eşitdim ki, evə motosiklet yaxınlaşdı və dayandı. Ayaq səslərindən hiss etdim ki, iki nəfər evə qalxdı.
Ay zəhrimar, deyə fikirləşirəm, yaman yerdə ilişdik. Tapançam yastığın altda, özüm evin arxasında, əynimdə də – tumandı, altköynəyi, ayaqlarımda çəkələk. Bundan axmaq vəziyyət heç ağıla gətirmək olmazdı. Bir tərəfdən də başım hərlənir, axşam, əlbəttə, o ki var spirtdən vurmuşduq. Öz-özümə fikirləşdim ki, gələ ha, bizə partizanlardan, sayıqlıqdan danışanda gülürdük, indi budur, özümüz gülünc vəziyyətdə qalmışıq. Yəni doğrudan bizim fraularımız satqın çıxıblar? Yox, heç cür inana bilmirdim. Mənim öz… nə ad deyirsən de…
– Yaxşı, de gəlsin öz adıynan. Daha gizlətməyin nə mənası var? – Sandro əmi icazə verdi.
– Hə, mənim öz Katyamdan xoşum gəlirdi, hiss edirdim ki, o da mənə vurğundur, bu birilər də ki bir-biri üçün lap dəli-divanə idilər. Deməli, bizi bu antifaşist satıb.
Dostumu elə-belə ata bilməzdim, lüt halda almanların caynağına da keçmək istəmirdim.
Cəhənnəmə, dedim, nə olar-olar! Küçəyə baxdım, heç kim yox idi. Yüyrüklü alman motosikleti yerindəcə dururdu. Qapıya yaxınlaşdım, qarışıq səslər eşitdim, ancaq heç nə başa düşmək olmurdu.
Bircə şeyi başa düşdüm ki, səslər dostum yatan otaqdan gəlir. Qərara aldım ki, nə qədər ki onlar Alekseylə məşğuldurlar, yuxarı qalxım və birtəhər öz otağıma addayım. Təki özümü tapançaya yetirim. Amma onu da başa düşürdüm ki, əgər bizi qızlar satıblarsa, onda işimiz bitib, çünki belə olan halda mənimki, yəqin ki, tapançanı onlara verib. Qərəz, başqa əlac yox idi, yavaşca qapını açıb pilləkənlə cəld yuxarı qalxdım.
Bir də eşidirəm ki, Alekseyin otağından rusca danışıq səsləri gəlir! O dəqiqə ürəyim yerinə gəldi. Pilləkəndəcə dayanıb ləzzətlə rus nitqinə qulaq asmağa başladım; ancaq söhbətin nədən getdiyini başa düşə bilmirdim. Təxminən yarım dəqiqədən sonra özümə gəldim və içəridə gedən söhbətin axarını tutmağa çalışdım. Səslərdən biri çox kəskin idi. Aha, dedim, patruldur. Bizi patrulla qorxutmaq havayı şeydir. İçəri girdim. Gördüm mənim Katyam gecə köynəyində rəngi ağarmış halda otağın ortasında durub yavaşca deyir:
– Rusiş komandiren, rusiş komandiren…
Onda mən qapını açıb dəhlizə çıxdım və bərkdən qışqırdım:
– Nə olub orda, Aleksey?!
– Demə siz burda tək deyilmişsiniz! – səs eşitdim, sonra qapı açıldı, dəhlizdə bir mayor və onun arxasınca bir əsgər göründü.
– Biabırçılıq! – deyə mayor artıq əynini geyinmiş Alekseyə tərəf döndü. – Niyə demədiniz ki, burada tək deyilsiniz.
Yazıq nə isə mızıldandı. Görünür, o özünün ələ keçdiyini görüb məni gizlətmək istəyib.
– Zəhmət çəkin, əyninizi geyinin! – mayor əmr etdi.
Mən o dəqiqə hiss etdim ki, mayor – qərargah tulasıdır. Biz cəbhəçilər ömründə bir dəfə də döyüş görməmiş adamı o saat tanıyırdıq, istəyirsən onu lap göbəyinə kimi orden-medallarla bəzə.
Ancaq mənə təsir edən o oldu ki, mənim Alekseyim – dörd dəfə yaralanmış, iki dəfə yanan təyyarəni yerə endirmiş igid təyyarəçi – bu zibilin qabağında əsim-əsim əsirdi.
Siz məni tanıyırsınız, bilirsiniz ki, məni özümdən çıxarmaq çətin işdir. Ancaq bu yerdə dözmədim.
– Yoldaş mayor, – dəmir səslə dedim, – xahiş edirəm evi tərk edəsiniz.
Gördüm hərif tutuldu, ancaq özünü o yerə qoymadı. Bir gözü ilə Alekseyə baxdı, bilirdi ki, o, baş leytenantdır, ancaq məndən baş aça bilmədi.
– Sizin rütbəniz? – deyə soruşdu.
Mən geriyə dönüb çarpayıya yaxınlaşdım, yastığın altından tapançanı götürüb yenidən qapıya yaxınlaşdım.
– Bu da mənim rütbəm! – dedim.
– Zarafatı boşlayın. İndi qırx birinci il deyil.
– Əlbəttə, – dedim, – sizin kimi qərargahlarda yançağını isidənlərin günahıdır ki, indi qırx birinci il deyil.
– Mən bütün bunlar haqqında sizin hərbi hissəyə xəbər verməli olacam, – deyib mayor pilləkənlə aşağı düşməyə başladı, əsgər də onun dalınca.
– Xəbər verin! – dedim. – Əlinizdən ayrı nə gəlir ki!
Onlar qapıdan çıxdılar. Biz susurduq. Motosikletin tırıltısını eşitdik, sonra səs-səmir kəsildi.
– Sən onunla çox kobud danışdın, – Aleksey dilləndi. – İndi bizə rahatlıq verməyəcəklər.
– Qorxma, – dedim, – bizi komandirlərimiz yaxşı tanıyırlar. Böyük iş olub, alman qızları ilə gecələmişik.
– Axı sən onu tapança ilə hədələdin, – Aleksey dedi. – Təsəvvür edirsən, o bunu necə qələmə verə bilər?
– Biz də deyərik ki, o, yalan deyir, – cavab verdim. – Deyərik ki, o özü qadınlarla qalmaq istəyirdi, hər şey də ona görə başladı. Yoxsa niyə gecə saat üçdə motosikletdə fırlanır.
– Əlbəttə, – Aleksey razılaşdı. – İndi gərək bir-birimizin tərəfini saxlayaq. Ancaq sən gərək onunla kobudluq etməyəydin.
Mən başa