Hekayələr. Роальд Даль
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Роальд Даль страница 9
Maraqlıdır ki, bəzilərində qatara gecikmək qorxusu kimi adi bir şey beyindən heç cür çıxmayan fikrə çevrilə bilir. Odur ki missis Foster evdən çıxmazdan və vağzala yollanmazdan yarım saat əvvəl buna artıq tam hazır olurdu. Sonra da yerində duruş gətirməyən qadın başında şlyapası, əynində paltosu, əllərində əlcəklər ya liftlə aşağı düşür, ya da narahat halda otaqdan otağa var-gəl edirdi. Ta ki, yəqin, onun halını anlayan əri, nəhayət, kabinetindən çıxır və soyuq, quru səslə artıq getmək vaxtı olduğunu söyləyirdi.
Mister Fosterin, bəlkə də, arvadının bu kifayət qədər səfeh davranışından narazı qalmağa tam haqqı vardı, amma yenə də onun qadını üzücü intizarda saxlamaqla iztirablarını artırması bağışlanılmaz idi. Hərçənd onun bunu qəsdən etməsini təsdiqləmək də düzgün olmaz. Amma yenə də o hər dəfə bir-iki dəqiqə ləngisə belə, vaxtı elə dəqiq hesablayır və özünü o qədər tox tuturdu ki, zavallı arvadını qərəzsiz iyrənc əzaba məruz qoymasına inanmaqda çətinlik çəkirik. Hərçənd o bir şeyi dəqiq bilirdi: qadın heç vaxt səsini başına atmayacaq və ona tələsmək lazım olduğunu deməyəcək. O, arvadını kifayət qədər yaxşı tərbiyə etmişdi. Üstəlik, deyəsən, o bilirdi ki, vaxtı qaçırmaqla qadını az qala isterikaya çatdırmaq olar. Evliliklərinin son illərində bəzən elə hallar olurdu ki, sanki o, qəsdən qatara gecikmələrinə çalışır və bununla da zavallı qadının əzablarını artırırdı.
Ər, bəlkə də, günahkardır (hərçənd buna qəti əmin deyilik), lakin onun hərəkətləri həm də ona görə ikiqat düşüncəsiz görünürdü ki, bu ipə-sapa yatmayan zəifliyi xaricində missis Foster həmişə mehriban və sevgi dolu qadın idi. O, otuz ildən çox idi ki, ərinə sədaqətlə qulluq edirdi. Buna zərrə qədər də şübhəniz olmasın. Son dərəcə təvazökar olan bu qadın mister Fosterin onu nə vaxtsa qəsdən incidə biləcəyi fikrini uzun illər yaxına buraxmamışdı, lakin son zamanlar ara-sıra bu barədə düşündüyünün fərqinə varırdı.
Yetmişi haqlamış mister Yucin Foster arvadı ilə birgə Altmış ikinci küçədə, Nyu-York Sitidə geniş altımərtəbəli evdə yaşayırdı və onların dörd qulluqçusu vardı. Qonaqlı-qaralı ev deyildi, onlara nadir halda kimsə baş çəkərdi. Həmin yanvar səhərində isə ev canlanmış, qulluqçular əl-ayağa düşmüşdü. Qulluqçuların biri qucaq dolusu mələfə gətirir, digəri onları otaqlara paylaşdırır və tozlanmaması üçün mebellərin üstünə sərirdi. Eşikağası çamadanları aşağı düşürür və hollda qoyurdu. Aşpaz dəqiqədə bir başını mətbəxdən çıxarıb eşikağasına nəsə deyir, missis Fostersə əynində köhnə dəbli kürk və təpəsində şlyapa otaqdan otağa keçir, sanki evdəkilərə nəzarət edirmiş kimi bir təəssürat yaradırdı. Əslində isə ərinin vaxtında hazırlaşıb kabinetdən çıxmadığı təqdirdə təyyarəyə gecikəcəklərini düşünürdü.
– Uoker, saat neçədir? – qadın yanından ötüb-keçdiyi eşikağasından soruşdu.
– Ona on dəqiqə işləyib, mem.
– Maşın artıq gəlib?
– Bəli, mem, o sizi gözləyir. Elə indicə baqajı yükləməyə hazırlaşırdım.
– Aydluaylda bir saat yol var, – missis Foster dedi. – Təyyarə saat on birdə havaya qalxır. Qeydiyyatdan keçmək üçün orda yarım saat əvvəl olmalıyam. Hökmən gecikəcəm. Gecikəcəyimə adım kimi əminəm.
– Mem, zənnimcə, sizin kifayət qədər vaxtınız var, – eşikağası iltifatla söylədi. – Saat ona on beş dəqiqə işləmiş evdən çıxmalı olduğunuzu mister Fosterə demişəm. Ehtiyatda hələ beş dəqiqəniz var.
– Hə, Uoker, bilirəm. Amma yenə də, lütfən, baqajı tez yüklə.
O, hollda var-gəl edir və hər dəfə eşikağası yanından ötüb-keçəndə ondan saatı soruşurdu. Bu reysə, o durmadan beynində təkrarlayırdı, heç cür gecikmək olmaz. Bu səfərin icazəsini almaq üçün aylarla ərinə dil tökməli olub. İndi əgər gecikərsə, mister Foster onun bu səfərə saymazyana yanaşdığını düşünəcək. Üstəlik, də bədbəxtlikdən əri onu hava limanınadək ötürəcəyinə israr etmişdi.
– Aman Allah, – missis Foster ucadan dedi, – gecikəcəm. Yüz faiz bilirəm, gecikəcəm.
Sol gözünün kənarı şiddətlə dartınmağa başladı. Sanki elə indicə həmin gözündən yaş sel kimi gedəcəkdi.
– Uoker, saat neçədir?
– Ona on səkkiz dəqiqə işləyib, mem.
– İndi dəqiq gecikəcəm! – qadın çığırdı. – Bircə tez çıxsaydı!
Bu, missis Foster üçün mühüm səfər idi. O, fransızla ailə qurmuş yeganə qızına baş çəkmək üçün təkbaşına Parisə yollanırdı. Fransız missis Fosteri az maraqlandırırdı, qızına isə canını verərdi, üstəlik, üç nəvəsi üçün də darıxmışdı. Qadın onları təkcə ev boyu düzdüyü şəkillərdən tanıyırdı. Nəvələri qəşəng idi. Onları çox sevirdi və hər dəfə yeni şəkil alanda öz otağına çəkilir, bu şəkilləri uzun-uzadı izləyir və uşaq cizgilərində son dərəcə əhəmiyyət verdiyi qan bağının oxşar əlamətlərini tapmağa çalışırdı. Son zamanlar isə hər ötən gün bir az da çox dərk edirdi ki, həyatının qalan hissəsini uşaqlarla keçirmək istəyir. O, nəvələrini görməli, onları gəzməyə aparmalı, cürbəcür hədiyyələr almalı və boya-başa çatmalarını izləməlidir. Qadın, sözsüz ki, əri sağ olduğu müddətdə bu cür düşünməsinin yaxşı olmadığını, hətta hansısa mənada doğru olmadığını başa düşürdü. Mister Foster öz müəssisələrində əvvəlki kimi fəal olmasa da, Nyu-Yorku tərk etməyə və Parisə yerləşməyə əsla razı düşməzdi. Əslində arvadını da təkbaşına ora altı həftəlik göndərməsinin özü təəccüb doğururdu. Qadın isə orda yaşamağı və nəvələrinin yanında olmağı o qədər istəyirdi ki!
– Uoker, saat neçədir?
– Ona iyirmi iki dəqiqə işləyib, mem.
Eşikağası cavab verər-verməz qapı açıldı və mister Foster holla çıxdı. O, bir dəqiqə qapının ağzında dayanıb arvadını diqqətlə süzdü, qadın da öz növbəsində taqətsiz, amma hələ də hərəkətli ərinə baxdı. Bu saqqallı qoca köhnə şəkillərdəki Endryu Karnegiyə9 çox oxşayırdı.
– Belə-belə işlər, – o dedi, – təyyarəyə yetişmək istəyirsənsə, yəqin ki, tələsməliyik.
– Hə,
9