Əhməd bəy Ağaoğlu. Айдын Гусейнага оглы Балаев

Чтение книги онлайн.

Читать онлайн книгу Əhməd bəy Ağaoğlu - Айдын Гусейнага оглы Балаев страница 4

Əhməd bəy Ağaoğlu - Айдын Гусейнага оглы Балаев Tarixi yaradanlar

Скачать книгу

yol. Siranuş xanımla görüşəcəksiniz, deyilmi?

      Və cavab gözləmədən əlavə etdi:

      – Allah səni qorusun.

      Sonra sürətlə uzaqlaşdı».

      Göründüyü kimi, ilk məhəbbətin acısını və bu itkinin ağrısını Əhməd bəy bütün ömrü boyu qəlbində daşımışdı. Əks halda, Çiçək xanımla Qarabağ yaylağında yaşadığı bu gənclik macərasını bütün incəlikləri ilə onilliklər sonra, artıq ixtiyar yaşında belə həyəcan və həssaslıqla yada salmazdı. Həm də Qarabağın yaylaqlarından çox-çox uzaqlarda yerləşən Bosforun sahilindəki İstanbulda!

      Amma bu, illər sonra baş verəcəkdi. 1887-ci ilin avqustunda isə o, ali təhsil almaq üçün Peterburqa getməyə hazırlaşırdı. 3500 kilometrlik uzun yol üçün hər şey tədarük olunmuşdu. Əhməd bəy xatırlayırdı ki, «zavallı anam son günlərdə ara-sıra üzümə diqqət və həsrətlə baxır, gözləri yaşarır, bunu göstərməmək üçün başını çevirirdi. Fəqət mən hər şeyi anlayır, kiçicik vücudunu qucaqlayaraq ona ümid və təsəlli verirdim. Zatən bütün ailədə ondan ziyadə bu səfəri istəyən yox idi».

      Nəhayət, ayrılıq günü gəlib çatdı. Araba Əhməd bəyi və Tiflis məktəblərində təhsil almaq üçün yola düşən bir neçə səfər yoldaşını Şuşadan bir qədər kənarda, Topxanada gözləyəcəkdi. Anası və doğmaları ilə həmin təsirləndirici ayrılıq səhnəsini Ağaoğlu xatirələrində belə təsvir edirdi: «Məni yola salmağa qadın və kişilərdən ibarət bir çox qohum və tanışlar gəlmişdi. Arabanın yanında hər kəslə vidalaşdım. Növbə anama gəlincə o məni bir kənara çəkdi, çarşabını açdı, köynəyinin yaxasından iki məməsini çıxardı. Başımı onların arasına aldı və göz yaşları içində mənə bunları söylədi: «Oğlum, get. Allah yardımçın olsun. Amma mənə bu andı iç: «Söylə ki, ana, əgər mən bir xristian qızı ilə evlənsəm, bu məmələrdən əmdiyim süd mənə haram olsun!» Kənardan hər kəs bizə baxırdı. Fəqət anam arxasını arabaya çevirmiş olduğundan kimsə burada nə baş verdiyinin fərqində deyildi. Mən o qədər mütəəssir olmuşdum ki, həm ağlayır, həm anamı qucaqlayır, həm də arabanı unudaraq məmələri üzərindəki başımı qaldırmadan duruyordum. Anam incə səsi ilə:

      – Haydı, oğlum, bizi gözləyirlər, and iç, – dedi.

      – And içirəm, – dedim.

      – Xeyr, dediyim kimi and iç.

      Onun sözlərini eynən təkrarladım. O da son dəfə alnımdan öpdü. Yaxasını və çarşabını bağladı, arabaya yaxınlaşdıq. Mən arabaya mindim. Üzüntü və həyəcanımdan bitkin halda idim. Onların mümkün qədər tez getmələrini arzulayırdım. Nəhayət, onlar getdilər və mən də son göz yaşları ilə anamdan və əqrəbalarımdan ayrıldım.

      İndi yüksək bir dağdan enirik. Təkərlərin hər dönməsiylə doğulub böyüdüyüm bu yerlərdən, mənə can və ruh vermiş olan bu insanlardan bir az da uzaqlaşırdım. Yalnız cismən deyil, mənən də uzaqlaşırdım. Fəqət kimə və nəyə yaxınlaşmaq üçün?»

      Bu emosional vidalaşma səhnəsi həmin dönəmdə bir çox azərbaycanlı ailələrin üzləşdiyi dilemmanın təzahürü idi. Konkret bu halda isə məhz Əhmədin anası Tazə xanım oğlunun ənənəvi dini təhsil almasına qarşı çıxmış və ailədə əsas söz sahibi olan qaynı Mirzə Məhəmmədin bütün etirazlarına rəğmən Əhmədin rus məktəbində oxumasına nail olmuşdu. Lakin eyni zamanda özünün təşviq etdiyi həmin yolun başlanğıcında ana artıq əndişəli idi: rus toplumu ilə ünsiyyətin sonda oğlunun müsəlman kimliyini itirməsi və ənənəvi dəyərlərdən uzaqlaşması ilə nəticələnəcəyindən qorxurdu.

      Hərçənd həmin vaxt bütün Azərbaycan cəmiyyəti, bir növ, yolayrıcında və tərəddüdlər burulğanında idi. Bir tərəfdən cəmiyyətdə köklü dəyişikliklərin qaçılmaz olması qənaəti getdikcə güclənirdi. Digər tərəfdən isə zəruri olan yeniliklərin bütün nəticələrinin qabaqcadan proqnozlaşdırılmasının mümkünsüzlüyü və bunun nəticəsində ortaya çıxan qeyri-müəyyənlik ictimai təşəbbüsü iflic edirdi. Beləliklə, irəliyə doğru inkişaf ləngiyirdi. Bu mənada Tazə xanımın durumu Azərbaycan cəmiyyətindəki ümumi mənzərənin konkret təzahürü idi.

      Doğmaları və tanışları ilə Topxanadakı bu təsirli ayrılıq anında Əhməd bəy, yəqin, ağlına belə gətirmirdi ki, valideynləri ilə həmişəlik vidalaşır. Çünki altı ildən sonra ali təhsil alıb vətənə döndüyü zaman nə anası, nə də atası bu dünyada idi…

      Peterburqa, oradan da Parisə

      Doğmalarından ayrılıb uzaq səfərə çıxan insanlara xas olan daxili həyəcan və narahatlığa baxmayaraq Əhməd bəy Peterburqa böyük bir coşqu və ümidlə gedirdi. Təsadüfi deyil ki, o, Peterburqla görüşünün ilk anlarını sonralar da xüsusi həyəcanla xatırlayırdı. Gənclik arzusunu gerçəkləşdirməsi, Turgenev, Dostoyevski və digər rus klassiklərinin əsərlərindən qiyabi olaraq tanıdığı şəhəri öz gözləri ilə görməsi Əhməd bəyə «dadlı və unudulmaz bir röya» kimi gəlirdi.

      Ağaoğlu Peterburqda bir polkovnikin dul qadınının mənzilində ayda 20 rubla otaq kirayələdi. Hərçənd başlanğıcda evin sahibəsi və onun iki qızı ilə Əhməd bəy arasında kiçik anlaşılmazlıq yaşanmışdı. Ə.Ağaoğlu xatirələrində bu barədə belə yazırdı: «Onlar məni erməni zənn edirdilər. Yanıldıqlarını söylədikdə isə heyrətləndilər. Xanım:

      – O halda kimsiniz? – deyə soruşdu.

      – Mən türkəm, – dedim.

      Ana və qızları, üçü birdən sanki elektrik cərəyanı vurmuş kimi sarsıldılar:

      – Nə, türkmü?!

      – Bəli, türkəm. Bunda heyrət ediləcək bir şeymi var?

      Üçü birdən qızardı və ixtiyar qadın dedi:

      – Xeyr, cənab, xeyr. Mən türkləri çox görmüşəm. Onları çox sevirəm. Çox dürüst və doğru insanlardır. Lakin indiyə qədər onlardan tələbə görmədiyim üçün…

      – Bəli, burada siz haqlısınız. Biz ancaq indi başlayırıq. Ermənilər və digər xristianlar bizdən çox əvvəl başladılar. Bu səbəbdən onlara alışqanlıq vardır.

      Ev sahibəsinin böyük qızı Sonya söhbətə qarışdı:

      – Zavallı atam Qafqazda uzun müddət yaşamışdı. Oradakı türkləri tərifləyərdi. Onların hamısının gözləri qara, saçları gur və qapqara deyilmi?

      Burada kiçik qız Mariya dözməyərək həsədlə bildirdi:

      – Ah, mənim gözlərim və saçlarım da elə olsaydı!

      Hamımız

Скачать книгу