Əhməd bəy Ağaoğlu. Айдын Гусейнага оглы Балаев

Чтение книги онлайн.

Читать онлайн книгу Əhməd bəy Ağaoğlu - Айдын Гусейнага оглы Балаев страница 8

Əhməd bəy Ağaoğlu - Айдын Гусейнага оглы Балаев Tarixi yaradanlar

Скачать книгу

abidələri ilə bərabər, elm ocaqları və universitetlərinə də xüsusi maraq göstərirdi. 1892-ci il sentyabrın 9-da konfrans iştirakçılarının Britaniya Muzeyinə birsaatlıq qısa ekskursiyası zamanı onu burada ən çox valeh edən Şərq dillərindəki əski və nadir əlyazmalar olmuşdu. Məruzəçisi olduğu konqres bitdikdən sonra Britaniya Muzeyinin İran və semit bölmələri rəhbərlərinin razılığı ilə Əhməd bəy bir həftə ərzində buradakı əlyazmalarla daha yaxından tanış olmaq imkanı qazanmışdı. O etiraf edirdi ki, Türkiyə, İran, Misir, Hindistan və digər Şərq ölkələrindən gətirilmiş əlyazmaların sayı və orijinallığına görə dünyanın heç bir kitabxanası Britaniya Muzeyi ilə rəqabət apara bilməz.

      Ağaoğlu Britaniyada olduğu zaman baş çəkdiyi Kembric və Oksford universitetlərini də böyük həyəcanla təsvir edirdi. O, «mühitdən uzaq, əlahiddə fəaliyyət göstərən» bu elm ocaqlarında təhsil almaq və elmi araşdırmalarla məşğul olmaq üçün ideal bir şəraitin yaradıldığını vurğulayırdı. Bu da, onun fikrincə, tələbə və professor-müəllim heyətinə, gündəlik məişət problemlərinin həllinə əlavə vaxt və enerji sərf etmədən bütün səylərini təhsil və elmi tədqiqatlara yönəltməyə imkan verirdi.

      Parisdə təhsil aldığı illərdə Əhməd bəy həmçinin Qərb cəmiyyətinin həyatını uşaqlıqdan yaxşı tanıdığı Şərqin gündəlik praktikası ilə müqayisə edərək onlardan hər birinin müsbət və mənfi cəhətlərini müəyyənləşdirməyə çalışırdı. Bu baxımdan Parisdəki həyat Əhməd bəyə yalnız Qərbi anlamaq yox, həm də Şərqi yenidən kəşf etmək imkanı verirdi.

      1889-cu ildə Parisdə keçirilən və Böyük Fransa inqilabının 100 illiyinə həsr olunan ümumdünya sərgisi bu məsələdə ona yardımçı oldu. Qərbin ən son elmi-texniki və mədəni nailiyyətlərinin nümayiş olunduğu həmin sərgiyə dünyanın hər yerindən, o cümlədən müsəlman ölkələrindən nüfuzlu qonaqlar təşrif buyurmuşdular. Həmin qonaqlar arasında İranın ozamankı hökmdarı Nəsrəddin şah Qacar da var idi. Əhməd bəyə Fransa prezidenti Sadi Karno tərəfindən Nəsrəddin şahın qarşılanması mərasimini izləmək nəsib olmuşdu. Mərasimin gedişində Şərq və Qərb sivilizasiyalarını təmsil edən bu iki dövlət başçısının görünüş və davranışlarındakı kəskin fərq onda dərin təəssürat yaratmışdı.

      Ağaoğlu şahidi olduğu bu səhnəyə çox simvolik qiymət verərək onu demokratiya ilə despotizmin, azadlıqla əsarətin amansız qarşıdurması kimi dəyərləndirirdi: «Şahın tacındakı brilyantlar gözləri qamaşdırırdı. Sinəsi cəvahiratlarla örtülü idi. İri gözləri, qalın çatıq qaşları, dik başı təsviri mümkün olmayan bir qürur və təkəbbür ifadə edirdi… Sadi Karnonun sadə siyah redinqotu7, dik bəyaz qalstuku, təvazökar davranışı bu qürur və təkəbbürlə tam bir təzad təşkil edirdi. Mən ilk dəfə hürr və sərbəst milləti təmsil edən rəhbərlə əzəmət və təkəbbürü təmsil edən bir despotu yan-yana görürdüm».

      Taleyin hökmü ilə Əhməd bəy bu olaydan sonra bir daha Parisdə İran şahı ilə qarşılaşmalı oldu. Bu ikinci görüş də onu Şərqin həmin dönəmdəki durumu barədə acı düşüncələrə qərq etdi. Ağaoğlu Nəsrəddin şahı nəzərdə tutaraq yazırdı: «Gecə idi, yenə xalqın iki cərgəsi arasından keçirdi. Yolda üzərindəki xəzli paltosunu nəyə görə isə çiyninin bir hərəkəti ilə yerə atdı. Və arxasınca gələn sədr-əzəmə (birinci nazir, baş nazir) dönərək «Götür!» əmrini verdi. Zavallı sədr-əzəm bütün camaatın gözü önündə yerə qədər əyilərək paltonu qaldırdı və qolu üzərinə alaraq bir uşaq kimi onun arxasınca getdi. Şahın bu ədası və sədr-əzəmin bu cür aşağılanması Şərq istibdadının mahiyyətini göstərən açıq örnəklərdəndir!»

      Təbiətinə xas olan ədalət hissi və azadlıq istəyi Əhməd bəyi zaman keçdikcə səlahiyyət sahiblərinin hər cür təkəbbür, özbaşınalıq və zülmünə qarşı prinsipial, barışmaz mübarizə çevirəcəkdi. Şərq cəmiyyətində belə hallara hər yerdə və hər gün rast gəlindiyini nəzərə alsaq, xarakterinə görə olduqca emosional və həssas olan Əhməd bəyin həyatı boyunca özünə saysız-hesabsız güclü düşmənlər qazanması təəccüblü görünməməlidir.

      Əhməd bəy Parisdə həmçinin özü kimi saf və təmiz insanların simasında xeyli sayda sadiq dostlar da qazandı. Burada tanış olduğu və ünsiyyət qurduğu «İttihad və Tərəqqi» partiyasının8 gələcək liderləri də həmin dostlar sırasında idilər. Əhməd bəyin Türkiyənin gələcək təhsil naziri doktor Nazim və Əhməd Rıza ilə xüsusilə sıx və isti münasibətləri yaranmışdı. Əhməd bəyin «Gənc türklər»9 hərəkatının üzvü olan bu yeni dostları arasında Əhməd Rızanın xüsusi yeri vardı. O, Osmanlı sultanının Fransada ali təhsil almış ilk təbəələrindən biri idi. Təhsilini bitirdikdən sonra Osmanlı dövlətinin Təhsil Nazirliyinin strukturlarında yetərincə yüksək vəzifələr tutsa da, Sultan II Əbdülhəmid istibdadına qarşı çıxdığı üçün ölkəni tərk etməyə məcbur olmuşdu. Əhməd Rıza Fransada çətinlik və məhrumiyyətlərlə dolu mühacirət həyatını Türkiyədəki rahat yaşayışdan üstün tutmuşdu.

      «Gənc türklər» hərəkatının baş ideoloqu olan Ə.Rıza öz siyasi baxışlarının doğruluğuna sarsılmaz inamı və dürüstlüyü ilə seçilirdi. Bu isə gənc və idealist Əhməd bəydə ona qarşı dərin hörmət oyatmışdı. Belə ki, Parisdə maddi sıxıntılar içərisində yaşamasına baxmayaraq Ə.Rıza Fransanın bir çox məşhur şəxslərinin, o cümlədən onu yaxından tanıyan ölkənin gələcək baş naziri Jorj Klemansonun (1841–1929) himayə və yardımından imtina etmişdi. Həmçinin Sultan II Əbdülhəmid Parisdəki səfiri vasitəsilə ona siyasi fəaliyyətdən əl çəkəcəyi təqdirdə 100 min frank təklif etmişdi. Lakin Rıza sultanın həmin təklifini də rədd etmişdi. Onun bu davranışı isə Əhməd bəydə unudulmaz təəssürat yaratmışdı.

      Əhməd Rıza ilə ilk görüşə böyük həyəcanla getdiyini xatırlayan Əhməd bəy tərcümeyi-halında yazırdı: «Mənzilin zəngini basarkən əlim titrəyirdi. Qapı açıldı. Qarşıma uzunboylu, bəyaz üzlü, azca ağarmış saqqalı olan bir insan çıxdı. Bu, Əhməd Rıza idi. Kəkələyərək gəlişimin səbəbini anlatdım. Əlimdən tutdu, içəri çəkdi. Kiçik bir otaqda qarşı-qarşıya oturduq. Məndən məmləkətimi, təhsilimi bitirdikdən sonra nə işlə məşğul olacağımı soruşdu…

      «Yaxında, lap yaxında Türkiyədə hürriyyət olacaq! O zaman mən İstanbula dönəcəyəm. Məni mütləq axtararsınız», – deyə bildirdi.

      Birdən gözlərim ayaqlarına dikildi. Corabları bir-birinə uyğun gəlmirdi. Baxdığımın fərqinə vardı. Gülərək «hürriyyət bu qədər məhrumiyyətlərə dəyməzmi?» – dedi».

      Biri rusların əsiri olan Qafqazdakı türk diyarından, digəri isə vaxtilə qüdrətli türk dünyasının sonuncu müstəqil parçası olan Osmanlı dövlətindən Fransa paytaxtına gəlmiş bu iki ruh arxadaşı asanlıqla ümumi dil tapa bildi. Çünki onları yalnız qürbətçilik hissi deyil, həm də ümumi ideallar, sarsılmaz

Скачать книгу


<p>7</p>

Redinqot – uzunətəkli sürtük

<p>8</p>

«İttihad və Tərəqqi» partiyası – 1889-cu ildə Osmanlı dövlətində qurulmuş, 1908–1918-ci illərdə qısa fasilələrlə hakimiyyətdə olmuş siyasi təşkilat. Bu partiya monarxın hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırılmış hakimiyyət quruluşunu – konstitusiyalı monarxiyanı əsas ideya kimi qəbul etmişdi (red.).

<p>9</p>

«Gənc türklər» – XIX əsrin II yarısında Osmanlı dövlətində formalaşmış, ölkədə liberal islahatların həyata keçirilməsi və konstitusiyanın bərpası uğrunda mübarizə aparan siyasi hərəkat