Əhməd bəy Ağaoğlu. Айдын Гусейнага оглы Балаев

Чтение книги онлайн.

Читать онлайн книгу Əhməd bəy Ağaoğlu - Айдын Гусейнага оглы Балаев страница 5

Əhməd bəy Ağaoğlu - Айдын Гусейнага оглы Балаев Tarixi yaradanlar

Скачать книгу

yetirməkdən imtina etdi. Bunun əvəzində isə professor ona qeyri-kafi qiymət yazdı. Sonradan məlum oldu ki, professorun yəhudi düşməni (antisemit) olması bu məsələdə həlledici rol oynayıb. Belə ki, Ə.Ağaoğlunu yəhudi zənn edən professor qəsdən onun instituta qəbul olunmasını əngəlləyib. Əhməd bəyin məsələni orijinal üsulla həll etməsi isə professor üçün, sadəcə, bəhanəyə çevrilib.

      Təbii ki, belə bir haqsızlıqla üzləşməsi Ağaoğlunu son dərəcə qəzəbləndirmişdi. O bununla bağlı yazırdı: «Hiddətim o dərəcədə idi ki, bütün Rusiyanı bir stəkan suda boğmağa hazırdım. Çarından tutmuş nihilistinə3, universitetindən professoruna, mətbuatından ədəbiyyatına, dilindən elminə qədər rus adı, rus qoxusu daşıyan hər kəsə, hər şeyə qarşı dərin bir nifrət, bir qeyzi-ədavət bəsləyirdim».

      Ruslardan «qisas» almaq məqsədilə Əhməd bəy Peterburqu tərk edib Rusiya ali məktəblərindən daha nüfuzlu bir Avropa universitetinə daxil olmaq qərarına gəlir. O zaman Əhməd bəy xəyalında qətiləşdirmişdi ki, Paris Universitetini bitirmiş ilk Qafqaz türkü olaraq Peterburqa dönəcək və bununla «rusları mat qoyacaqdır».

      Lakin Parisdə təhsil almaq planını gerçəkləşdirmək üçün xeyli vəsait lazım idi. Bu səbəbdən Əhməd bəy bir neçə ay da Peterburqda qalmalı oldu. Axırda başa düşdü ki, ailəsinin maddi yardımı olmadan istəyini həyata keçirə bilməyəcək. Odur ki atası Mirzə Həsənə teleqram göndərərək Parisə getmək üçün pul istədi. Üç gündən sonra atasından belə bir məzmunda cavab gəldi: «150 rubl göndərirəm. Hara ürəyin istəyir, get!» Teleqramdakı son cümlə atasının Əhməd bəyin Parisdə təhsil almaq istəyindən məmnun olmadığının ifadəsi idi. Buna baxmayaraq ata oğlunun xahişini yerinə yetirdi və, həqiqətən də, pulu göndərdi. Aldığı məbləğin 60 rublunu borclarına verdikdən sonra Əhməd bəyin cəmi 90 rublu qalmışdı. Yoldaşları onu Parisə getmək fikrindən daşındırmağa çalışaraq xəbərdarlıq edirdilər ki, bu pulla belə uzaq yola çıxmaq ağılsızlıqdır. Tanışlarından biri isə hətta onun «acından öləcəyini» söyləmişdi. Lakin Əhməd bəy qərarında qəti idi və atasından pul aldığı günün səhərisi ən ucuz bilet alaraq 4-cü dərəcəli vaqonda Berlindən keçməklə Parisə yola düşdü. 1888-ci il yanvarın 8-də isə Fransa paytaxtına çatdı. Heç bir tanışı olmayan bu nəhəng şəhərdə tamamilə tənha olan Əhməd bəyin durumunu fransız dilini mükəmməl bilməməsi və ciddi maddi çətinliklərlə üzləşməsi bir qədər də ağırlaşdırırdı. Parisə gəldikdən sonra o, qatarda təsadüfən tanış olduğu bir fransız xanımın məsləhəti ilə vağzaldan birbaşa «Hotel de Peterburq»a yollandı. Əsasən, Rusiyadan olan müsafirlərin qaldığı həmin hotelin xidmət personalı rus dilini bilirdi. Bu isə Əhməd bəy üçün çox önəmli idi. Lakin hoteldə keçirdiyi ilk gecədən sonra məlum oldu ki, orada gündəlik ödəniş 15 rus rubluna bərabərdir. Parisə gələrkən isə, dediyimiz kimi, Əhməd bəyin cəmi 90 rubl pulu vardı.

      Tamamilə yad şəhərdə, demək olar ki, çıxılmaz vəziyyətə düşən Ə.Ağaoğluna hotelin Aron adlı xeyirxah əməkdaşı kömək əlini uzatdı. O, Əhməd bəyə ilk növbədə «Hotel de Peterburq»u tərk edərək ucuz bir mənzil kirayələməyi məsləhət gördü. Daha sonra Aron Paris Universitetinin Tibb fakültəsində təhsil alan yəhudi tanışları ilə görüşüb onlardan Panteonun arxasındakı məhəllələrin birində iki gürcü tələbənin yaşadığını öyrəndi. Dərhal Əhməd bəyi onların yanına apardı. Hər iki tələbə öncə Əhməd bəyin gürcü olduğunu güman etdi. Odur ki onunla gürcücə danışmağa başladılar. Lakin Ə.Ağaoğludan «gürcü deyiləm, gürcücə bilmirəm, mən türkəm, qarabağlıyam» cavabını aldıqdan sonra belə gürcülər əsl qafqazlı kimi davrandılar: ona yardımlarını əsirgəmədilər.

      Əhməd bəy sonralar xatırlayırdı ki, hər iki gürcü tələbə onu böyük bir səmimiyyət və mehribanlıqla qarşılayıb: «Qarabağlı bir türkün Parisə qədər təhsil üçün gəlməsi onlara çox qəribə, eyni zamanda xoş bir hadisə kimi görünürdü. Dərhal çay hazırladılar, pendir-çörək gətirdilər və səmimi söhbətə başladılar. Hal və vəziyyətlərindən onların da çox yaxşı yaşamadıqları bəlli idi. Mənə ümid və təsəlli verdilər. Çay içdikdən sonra isə mənim üçün otaq axtarmağa çıxdılar. Mən də onlarla birlikdə. Otağın onlara yaxın olması əsas şərt idi. Yaxın küçədə bir xanımın mənzilində, dördüncü mərtəbədə ayda 25 franka (təxminən 10 rubla) bir otaq tapdılar. Yaxşı-pis yerləşdim».

      Gürcülər sonralar da özləri ciddi maddi çətinlik yaşamalarına baxmayaraq Əhməd bəyə bütün mümkün vasitələrlə yardımçı olmağa çalışırdılar. Bu baxımdan təəccüblü deyil ki, Əhməd bəy gələcəkdə Aron və iki gürcü tələbəni minnətdarlıq hissi ilə xatırlayaraq onları özünün xilaskarı adlandırmış, ardınca da əlavə etmişdi: «İsimləri ruhumun daşıdığı ən əziz və müqəddəs izlərdəndir».

      Parisdə yaşadığı ilk aylarda Əhməd bəy inanılmaz maddi məhrumiyyətlərlə üzləşdiyindən onun gündəlik rasionu çay, göy-göyərti və otaqdakı yeganə istilik və işıqlandırma qurğusunun – spirt lampasının köməyi ilə bişirdiyi qayğanaqdan ibarət olur.

      Əhməd bəy qənaətlə yaşamağa nə qədər səy göstərsə də, maddi durumu günü-gündən pisləşirdi. Doğrudur, Parisə gəldikdən dərhal sonra atasına teleqram vuraraq pul istəmişdi, lakin günlər, həftələr keçir, evdən isə xəbər gəlmirdi. Fevral ayının ortalarına yaxın Əhməd bəyin narahatlığı pik həddinə çatdı. O, Fransada təhsil almaq qərarından məmnun olmayan atasının birdəfəlik ondan üz döndərəcəyindən qorxurdu. Bununla belə, bir tərəfdən qəlbinin dərinliklərində hələ də atasının qəzəbinin soyuyacağına ümid edir, digər tərəfdən isə anası kimi bir dəstəkçisinin olduğunu xatırlayıb özünə toxtaqlıq verir və gec-tez evdən yardım alacağına inanırdı.

      Belə bir çətin durumda Əhməd bəyin yeganə təsəllisi gürcü dostlarının ona yardımçı olmaqda davam etmələri idi. Hər iki tələbə Qarabağdan heç bir kömək gəlməməsinə heyrətlənmişdi. Əhməd bəy özlüyündə fikirləşirdi ki, «kim bilir, bəlkə də, məndən şübhələnirlər. Mənim qarabağlı olmağıma, atam, anam, ailəm olmağına inanmayaraq məni bir sərsəri hesab edirlər». Sonralar Qafqazda təsadüfi görüş zamanı Əhməd bəy həmin gürcü dostlarına ozamankı şübhələrindən danışdıqda onlar birlikdə qəhqəhə çəkib güləcəkdilər. Fəqət 1888-ci ilin fevralında Əhməd bəy nəinki qəhqəhə çəkmək, adicə gülümsəmək iqtidarında belə deyildi.

      Əhməd bəy dərk edirdi ki, gürcü dostları da maddi sıxıntı içində yaşayır və özlərini güclə dolandırırlar. Buna baxmayaraq hər gün ona birgə nahar etməyi təklif edirlər. Əhməd bəy gürcü dostlarının qonaqpərvərliyindən sui-istifadə etməmək qərarına gəldi. Bu barədə sonralar belə yazacaqdı: «Onları sıxmamaq üçün üç-dörd gündə bir dəfə görüşməyə başladım. Artıq onlar məni axtarırdılar».

      Fevral ayı üçün kirayə pulunu ödəmək vaxtı gəldikdə isə Əhməd bəyin cibində artıq franklar deyil, santimlər4 qalmışdı. Odur ki

Скачать книгу


<p>3</p>

Nihilist – XIX əsrin II yarısında Rusiyada çar rejiminə qarşı mübarizə aparan inqilabçı-xalqçılar belə adlandırılırdı.

<p>4</p>

Santim – Fransanın xırda pul vahidi. 1 frank = 100 santim.