Qəbrinizə tüpürməyə gələcəyəm. Борис Виан
Чтение книги онлайн.
Читать онлайн книгу Qəbrinizə tüpürməyə gələcəyəm - Борис Виан страница 4
– O cümlədən…
– Buraya keç, – mən küləyin küyündən səsimi qaldıraraq dedim. – Söhbətləşmək rahat olacaq.
– Yox bir, – qız burnunun altında mızıldanıb gözlərini yüngülcə yumdu. Görünür, bu fəndi hansısa filmdən götürmüşdü.
– Özünü gözdən salmamağa çalışırsan?
– Yaxşı görək, – o dedi.
Mən Cikinin çiyinlərindən tutdum və o, oturacağın söykənəcəyindən aşıb keçdi.
– Ey, siz! – Cudi dedi. – Qəribə söhbətləşmək üslubunuz var.
Mən Cikini özümdən solda əyləşdirmək və yolboyu əllərimi bədənində gəzdirmək qərarına gəldim. Pis alınmadı. Zarafatın onun ürəyindən olduğu görünürdü. Qızı oturacağa əyləşdirdim və əllərimlə qucaqladım.
– Özünü sakit apar, – mən dedim, – yoxsa şillələyərəm.
– Qabdakı nədir? – dizlərimin üstündəki pencəyimə əlini salıb soruşdu. Bilmirəm, bunu qəsdənmi etdi, əgər qəsdən etdisə, sərrastcasına hədəfi vurdu.
– Əsəbiləşmə, – onun əlini kənarlaşdırıb dedim. – Sənə elə indi yaxşıca qulluq eləyərəm.
Bunu deyib üzərinə nikel çəkilmiş mantarı burub açdım və qabı ona uzatdım. O, böyük qurtum aldı.
– Hamısını yox, – güzgüdən bizi izləyən Dik qəfildən çığırdı. – Li, qoca timsah, mənə də saxla!
– Qorxma, məndə yenə var.
O, sükanı bir əllə saxlayıb digər əlini arxaya, mənə sarı uzatdı.
– Ey, axmaqlama! – Cudi dedi. – Yoxsa harasa çırpılarıq.
– Sən soyuqqanlılığını heç vaxt itirmirsən? – mən kinayə ilə soruşdum.
– Heç vaxt! – Cudi viski qabını havada tutub mənə bomboş qaytardı.
– Belə de, – razılıqla dilləndim. – İndi yaxşıdır?
– Əladır.
Onun gözlərində yaş gördüm, baxmayaraq ki bunu gizlətməyə çalışırdı, ancaq səsi bir qədər boğuq çıxırdı.
– Bax belə, – Ciki dedi. – Bəs mənə?
– İndi taparıq, – ona vəd verdim. – Gitaranı götürək və Rikardonun yanına qayıdaq.
– Bəxtin gətirib, – Dik dedi. – Bizə heç kim heç nə satmır.
– Yeniyetmə görünməyin də belə-belə işləri var, – təbəssümlə dedim.
– «Yeniyetmə görünməyin» məsələyə nə dəxli var? – Ciki donquldandı.
O, yerində eşələnməyə başladı, axırda elə əyləşdi ki, mənə barmaqlarımı bir qədər əyləndirməkdən başqa çarə qalmadı. Maşın qəfil dayandı və mənim əlim saymazyana şəkildə onun çiynindən asılı vəziyyətdə qaldı.
– İndi qayıdıram, – Dik elan etdi.
O, maşından çıxıb digərlərindən heç də fərqlənməyən evə doğru qaçdı. Görünür, evlərin hamısını eyni podratçı tikmişdi. Tezliklə Dik artırmada göründü. O, əlində laklanmış futlyarda gitara tutmuşdu. Qapını çırpıb üç sıçrayışa maşının yanına çatdı.
– Bi-Ci evdə yoxdur, – Dik dedi. – Yaxşı, bəs indi biz nə edəcəyik?
– Gitaranı sonra gətirərik, – mən dedim. – Otur, Rikardonun yanına sür, mən qarnımı orada doydururam.
– Özünə yaxşı ad qazanacaqsan, – bu dəfə Ciki kinayə ilə dedi.
– Vecimə də deyil, – onu arxayın etdim. – İstənilən axmağa da aydındır ki, siz məni aldadıb öz çirkli orgiyanıza cəlb etmisiniz.
Biz geriyə də eyni yolla qayıdırdıq, ancaq gitara rahat əyləşməyimə mane olurdu. Dik barın yanında saxladı və mən viski ehtiyatımı daha bir şüşə ilə artırdım. Qayıdıb maşına yaxınlaşanda Dik və oturacaqda dizləri üstə dayanmış Cudi Ciki ilə nə barədəsə qızğın mübahisə edirdilər.
– Necə fikirləşirsən, Li, – Dik dedi, – çimməyə gedək?
– Gedək, – mən dedim, – əgər sən çimərlik tumanını mənə borc versən.
– Hər şey yaxşı olacaq.
O, mühərriki işə saldı və biz yola düşdük. Maşınımız şəhərdən çıxıb dağılmış kəndarası yola doğru buruldu.
– Burada çimmək üçün əla yer var, – Dik bildirdi. – Özü də heç kim olmur.
– Çay və çayda da alabalıq, – mən sataşdım.
– Yox, çınqıl və ağ qum. Burada bizdən başqa kimsə olmayacaq.
– Baxarıq, – hər çala-çuxurda yerindən çıxmağa hazır olan çənəmi əlimlə tutaraq dedim. – Buraya buldozerlə gəlmək daha yaxşı olardı.
– Bu, proqrama daxildir, – Dik dedi. – Əvəzində isə heç kəs özünün çirkli burnunu buralara soxmayacaq.
Dik sürəti artırdı və mən bədən üzvlərimi taleyin ümidinə buraxdım. Tezliklə yol dönərək iki yüz metrdən sonra qamışlığa dirəndi. Dik və Cudi yerə tullandılar, sonra da mən Cikini götürüb maşından düşdüm. Dik gitaranı alıb dar cığırla irəlidə getməyə başladı. Qəfildən cin stəkanı kimi şəffaf çay göründü. Artıq Günəş batırdı, ancaq havanın hərarəti hələ düşməmişdi. Su gün işığında bərq vururdu, sahili sıx otlar basmışdı.
– Əcəb guşədir, – mən buranı bəyəndiyimi gizlətmədim. – Özünüz kəşf etmisiniz?
– Yəni sən fikirləşirdin ki, biz belə fərsizik? – Cikinin bunu deyib atdığı torpaq topası boynuma dəydi.
– Şıltaqlıq etsən, bir şeydən məhrum qalacaqsan.
Mən cavab olaraq cibimdəki şüşəni şappıldatdım.
– Yaxşı, qoca bluz ifaçısı, hirslənmə, – o dedi. – Yaxşısı budur, nə bacardığını göstərəsən.
– Bəs çimərlik