Qaraçı köçünün sirri. Энид Блайтон
Чтение книги онлайн.
Читать онлайн книгу Qaraçı köçünün sirri - Энид Блайтон страница 2
– Kəs səsini! – Corc kobudluqla onun sözünü ağzında qoyub oradan uzaqlaşdı.
Bayaqdan bəri onları müşahidə eləyən kapitan Conson Henriyə yaxınlaşıb soruşdu:
– Siz niyə özünüzü belə aparırsınız axı? Başa düşmürsünüz ki, oğlanları yamsılamaqla oğlan olmayacaqsınız. Heç olmasa, Enndən ibrət götürün, o heç vaxt problem yaratmır. Yaxşı, de görüm, tövlədəki atlara saman vermisən?
– Hə, – Henrietta başını aşağı salıb dilləndi.
Bu vaxt balaca bir oğlan uşağı qaça-qaça onların yanına gəlib dedi:
– Bir oğlan gəlib, yanında axsaq bir atı da var. Deyəsən, atın ayağına nəsə olub. Soruşur ki, siz ona kömək edə bilərsiniz, ya yox?
– Yenə bu avaralar gəldi də! – kapitan Conson deyinməyə başladı. – Yaxşı, de ki, indi gəlirəm.
Enn də kapitan Consonun arxasınca getdi, çünki Henri ilə baş-başa qalmaq istəmirdi. Uzaqdan Corcun bir oğlanla arıq, ala-bula atın yanında dayandığını gördü.
– Yenə bu atın başına nə oyun açmısan? – kapitan Conson heyvanın ayağını gözdən keçirib dedi. – Qoy hələlik burada qalsın, biz onu sağaldarıq.
– Onu burada qoya bilmərəm, – oğlan etiraz elədi, – biz yenə Sirli Xam Torpaqlara yola düşürük.
– Yazıq heyvan addım ata bilmir, o qədər yolu necə getsin? Əgər xəstə atı o boyda yolu getməyə məcbur etsəniz, polis çağıracağam, qoy atan buna görə cavab versin. Başa düşdün?
– Yox, yox! Polis çağırmayın! – oğlan yalvarmağa başladı. – Mənim günahım yoxdur, atam özü dedi ki, sabah yola düşməliyik.
– Niyə belə tələsirsiniz ki? – kapitan Conson maraqla soruşdu. – Bir neçə gün gözləyə bilməzsiniz? Xam Torpaqlar heç yerə qaçmır. Ümumiyyətlə, o düzəngahda nə işiniz var axı? Ora yaxın nə bir ferma var, nə də ev.
– Yaxşı, atı burada qoyaram, – oğlan heyvanın ayağını sığallayaraq dedi. Belə görünürdü ki, atını çox istəyir. – Düzdür, dəstədən geri qalacağıq deyə atam hirslənəcək, ancaq nə etmək olar, sonradan onlara birtəhər çatarıq.
Bu ortaboylu, arıq, dərisinin rəngi günəşdən yanıb-qaralmış oğlan kapitanla sağollaşıb oradan uzaqlaşdı. Ala-bula at isə sakitcə öz yerində dayanmışdı.
– Atı kiçik tövləyə aparın, – kapitan Conson üzünü Ennlə Corca tutub dedi. – İndi gəlib baxaram, görüm ona nə olub.
Qızlar atı tövləyə apardılar.
– Sirli Xam Torpaqlar! – yolda Corc dedi. – Qəribə addır. Yəqin, ora bizim oğlanları maraqlandırardı. Hətta dərhal Xam Torpaqlara yola düşmək istəyərdilər, düzdür, Enn?
– Hə, düz deyirsən, – Enn razılaşdı. – Bircə gəlib çıxsaydılar! Lakin, məncə, onların düşərgədə kefləri kökdür, çətin bura gəlmək istəsinlər.
Qızlar xəstə atı tövləyə salıb qapını arxadan bağladılar. Geri qayıdanda isə bir qədər əvvəl atını gətirmiş oğlanın gəlişini xəbər verən uşaqla rastlaşdılar.
– Corc! Enn! Sizə daha bir məktub gəlib! – uşaq hələ yaxınlaşmadan qışqırdı. – Mən onu evə qoymuşam.
Qızlar bunu eşidib evə tərəf qaçmağa başladılar.
– Ümid eləyirəm ki, atamın vəziyyəti yaxşılaşıb, artıq evə qayıda bilərik, – Corc qaça-qaça deyirdi. – Oğlanları da elə Kirrin-kottecdə qarşılayarıq.
Corc evə çatan kimi zərfi götürüb açdı. Gözlərini tələm-tələsik kağızda yazılan sətirlərin üstündə gəzdirəndən sonra qəfildən elə qışqırdı ki, Enn diksindi:
– Gəlirlər!
Enn dərhal məktubu qızın əlindən alıb oxumağa başladı.
«Sabah sizin yanınıza gəlirik. Əgər evdə qalmağa yer olmasa, çadır qurarıq. Ümid eləyirik ki, vaxtımızı çox maraqlı keçirəcəyik.
Hörmətlə: Culian və Dik».
– Gəlirlər! Gəlirlər! – Enn də qışqırmağa başladı. – Çox maraqlı olacaq!
– Heyif ki, burada onları maraqlı heç nə gözləmir, – Corc mızıldandı. – Lakin, kim bilir, bəlkə də, belə deyil…
Culian, Dik və Henri
Əmisi oğlanlarının ertəsi gün fermaya gələcəyini öyrənəndən sonra Corc çox dəyişmişdi. İndi hətta Henri ilə də nəzakətli davranırdı.
Kapitan Conson əlavə iki uşağın da gələcəyini öyrənəndə boynunun ardını qaşıyıb dedi:
– Onlara evdə yer verə bilməyəcəyik, boş otağımız qalmayıb. Ya tövlədə yatarlar, ya da çadırda, mənim üçün heç bir fərqi yoxdur. Lakin yeməyi bizimlə birlikdə yeyə bilərlər.
– Yeni gələn oğlanlarla birlikdə on nəfər olacaqsınız, – kapitan Consonun arvadı dedi, – Enn, Corc, Henri, Con, Süzanna, Alisa, Rita, Vilyam, Culian, Dik. Bəlkə, Henri də çadırda yatmalı oldu.
– Lakin bizimlə yox, – Corc dərhal dilləndi.
– Mənə elə gəlir ki, sən Henri ilə yaxşı rəftar etmirsən, – missis Conson qıza məzəmmətlə baxıb dedi. – Halbuki siz onunla bir-birinizə çox bənzəyirsiniz. İkiniz də belə hesab eləyirsiniz ki, bu dünyaya oğlan kimi göz açmalı idiniz.
– Mən Henriettaya oxşayıb eləmirəm! – Corc əsəbi halda dilləndi. – Missis Conson, qoy əmim oğlanları gəlib çıxsın, onlar da bizim bir-birimizə oxşamadığımızı təsdiqləyəcəklər. Məncə, onlar Henriettanın üzünə belə baxmaq istəməyəcəklər!
– Corc, bilirsən nə var, əgər burada qalmaq istəyirsinizsə, bir-biriniz ilə yaxşı yola getməlisiniz, – missis Conson dedi. – Gedim görüm oğlanlar üçün yorğan-döşək tapa bilirəm. Enn, sən də mənimlə gəl.
Enn, Corc və Henri yerdə qalan beş uşaqdan yaşca bir az böyük idilər. Bütün uşaqlar Diklə Culianın gəlişinə çox sevinirdilər. Çünki Corcla Enn bundan əvvəlki yay tətillərində Kirrin adasında başlarına gələn bütün sərgüzəştləri uşaqlara danışmışdılar. Balacaların hamısı onları əsl qəhrəman hesab eləyirdi.