Qaraçı köçünün sirri. Энид Блайтон
Чтение книги онлайн.
Читать онлайн книгу Qaraçı köçünün sirri - Энид Блайтон страница 4
– Culian! Dik! Nə yaxşı gəlib çıxdınız! – qız sevinclə dilləndi. – Yoxsa burada sizsiz çox darıxırdıq. Bəs sizi kimsə qarşıladı?
– Bir oğlan idi, – Dik dedi. – Yüklərimizə də kömək elədi. Siz niyə onun barəsində bizə heç nə yazmamışdınız?
– Görəsən, bu, Vilyam olub? – Enn maraqla soruşdu. – Yox, axı o, balacadır, arabanı təkbaşına sürə bilməz.
– Yox, o qədər də balaca deyildi, – Dik başını bulayıb dedi, – elə biz yaşda olardı.
– Sizə bircə Henrietta haqqında heç nə yazmamışdıq! – Corc dilləndi. – O elə bilir, anadangəlmə oğlandır, əlləri cibində fit çala-çala ətrafda gəzir. Biz də onu ələ salıb gülürük.
Birdən Enn nəyisə xatırlayıb cəld soruşdu:
– Sizi qarşılayan oğlan adını demədi ki?
– Dedi, qoy görüm necə idi… – Dik fikirləşməyə başladı. – Hə, yadıma düşdü, adı Henri idi! Qiyamət oğlandır!
Corc qulaqlarına inana bilmirdi, heyrətdən yerində donub-qalmışdı.
– Necə? Henri? – nəhayət, qız dilləndi. – Sizi o mənfur qız qarşılayıb?
– Qız niyə? – Culian təəccüblə soruşdu. – Henri oğlandır, gülərüz uşaqdır.
– O, Henriettadır! – Corc var gücü ilə qışqırdı. Qızın üzü qəzəbdən qıpqırmızı olmuşdu. – İndicə haqqında danışdığım o zəhləm getmiş qızdır. Hamıya adının Henri olduğunu deyir, saçlarını oğlan sayağı vurdurur, qalife şalvar geyinib bütün gün fit çalır, bu atdan düşüb o birinə minir…
– Bura bax, Corc, – Dik qızın sözünü kəsib dedi, – o lap sənə oxşayır ki! And içirəm ki, onun qız olduğu mənim ağlıma da gəlmədi. Əməlli-başlı artistdir!
– Həyasızlığın dərəcəsinə bir bax! – Corc sakitləşmək bilmirdi. – Bizə bir kəlmə də demədən sizi qarşılamağa gedir, özünü oğlan kimi qələmə verir, hər şeyi alt-üst edir!
– Yaxşı, Corc, bəsdir özündən çıxdın! – Culian əmisi qızını sakitləşdirməyə çalışırdı. – Səni də kimsə oğlana oxşadanda xoşuna gəlir, bircə şeyi başa düşə bilmirəm ki, bütün bunlar nəyə lazımdır? Görürəm ki, aradan keçən müddətdə bir qram da ağıllanmamısan!
Corc heç nə deməyib ildırım kimi otaqdan çıxdı. Culian boynunun ardını qaşıyıb Dikə baxdı.
– İşə düşdük də! – oğlan dilləndi. – O niyə belə eləyir? Əslində, Henri onun xoşuna gəlməlidir, çünki ikisi də bir yuvanın quşudur. Nə isə, yəqin, əvvəl-axır öyrəşərlər.
– Ağlım kəsmir, – Enn dedi. – Onların yola getməməyi bizə əməlli-başlı problem yaradacaq.
O, haqlı idi, həqiqətən də, qızların arasındakı çəkişmə onlara çox böyük çətinliklər yaratdı…
Sümsük
Corc otaqdan yenicə çıxmışdı ki, Henri içəri girdi. Əlləri yenə qalife şalvarının cibində idi.
– Salam, Henrietta! – Dik ucadan dilləndi.
– Oho! Deməli, mənim haqqımda artıq sizə məlumat veriblər! – qız gülümsəyib dedi. – Siz mənim oğlan olduğumu fikirləşəndə bir xeyli əylənmişdim! Lakin, hər bir halda, mən Corcdan daha çox oğlana oxşayıram.
– Hə, yəqin, saçlarına görə, – Dik dedi. – Corcun saçları ilə müqayisədə səninkilər daha düzdür.
– Nəbadə Corcun yanında bunu deyəsən! – Enn qardaşına xəbərdarlıq elədi. – Yoxsa dərhal gedib əsgərlər kimi saçlarını lap dibdən vurduracaq.
– Henri, sağ ol ki, bizi qarşıladın, əşyalarımızı arabaya yükləməyə kömək elədin! – Culian qıza bir daha minnətdarlıq elədi. – Yaxşı, bəs burada işlər necə gedir?
– Pis deyil, – Henri dedi. – Hə, bircə şam yeməyində qalife şalvarımı dəyişdirməyə məcbur etməsələr… Bu, adamı qıcıqlandırır. Çünki kapitan Conson özü masaya oturmamışdan əvvəl iş paltarını dəyişdirmir.
– Bəs başqa nə xəbər var? – Culian limonadından bir qurtum alıb soruşdu. – Maraqlı heç nə baş verməyib?
– Elə bir şey yoxdur, – Enn cavab verdi. – Maraqlı nə varsa, atlarla bağlıdır, vəssalam. Bura darıxdırıcı yerdir. Amma bu yaxınlarda bir yer haqqında eşitmişik. Ora «Sirli Xam Torpaqlar» adlanır.
– Bəs niyə o yerə belə deyirlər? – Dik soruşdu.
– Bilmirəm, – Enn çiyinlərini çəkdi. – Deyəsən, indi ora yalnız qaraçılar gedir. Dünən bura bir qaraçı oğlan gəlmişdi, atı da axsayırdı. Dedi ki, tezliklə Sirli Xam Torpaqlara yola düşməlidirlər. Bilmirəm orada nə işləri var. Eşitdiyimə görə, o yerin ətrafında nə bir ev var, nə də ferma.
– Qaraçıların adət-ənənələri çox qəribədir, – Henri dilləndi. – Onların arxalarınca gələn yoldaşları üçün yolboyu qoyduqları işarələr mənim xoşuma gəlir. Qaraçılar həmin işarələrə «patrinlər» deyirlər.
– Patrinlər? Mən bu barədə eşitmişəm, – Dik dedi. – Bu, yollarda xüsusi formada düzülmüş budaq parçaları, yarpaqlardır, elə deyil?
– Hə, – Henri təsdiqlədi. – Bir dəfə bizim bağban mənə bağın qapısının yanında o budaqlardan bir neçəsini göstərmişdi. Demişdi ki, qaraçılar bu yolla onların arxasınca gələnlərə xəbərdarlıq edirlər. Sonra da mənasını izah eləmişdi.
– Mənası nə idi ki? – Culian maraqla soruşdu.
– Onların çatdırmaq istədikləri fikir bundan ibarət idi: «Buradakı adamlar acgözdürlər, yaxşı insanlar deyillər, onlardan heç nə istəmə!» – Henri bunu deyib gülürdü. – Bağban elə beləcə də demişdi, təsəvvür edirsiniz?
– Bura gələn o qaraçı oğlandan həmin işarələri oxumağın yolunu öyrənə bilərik, – Enn dilləndi. – Bilmək olmaz, bəlkə, nə vaxtsa işimizə yaradı.
– Düzdür, – Culian razılaşdı. – Ondan qaraçıların niyə Sirli Xam Torpaqlara getdiklərinin səbəbini də soruşarıq. Yəqin ki, ora boş yerə yollanmırlar.
– Bura bax, bəs bizim Corc hara yoxa çıxdı? – Dik soruşdu.