On beş yaşlı kapitan. Жюль Верн

Чтение книги онлайн.

Читать онлайн книгу On beş yaşlı kapitan - Жюль Верн страница 3

On beş yaşlı kapitan - Жюль Верн Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

zəncilərə xüsusi qayğı ilə yanaşırdılar. Nəhayət, uzun müddət məhrum olduqları su və bir neçə qurtum bulyon zavallıları özlərinə gətirdi. Onlardan biri – təxminən altmış yaşı olan qoca zənci ingilis dilində danışırdı.

      – Sizin gəmiyə nə olub? – deyə kapitan Qul ondan soruşdu. – Başqa gəmi ilə toqquşub?

      – On gün əvvəl gecə hamı yatanda bir gəmi üstümüzə hücum elədi.

      – “Valdek”in heyətinin aqibəti necə oldu?

      – Bilmirəm. Biz göyərtəyə qalxanda orada heç kim yox idi, cənab.

      – Sizcə, “Valdek”in heyəti onunla toqquşmuş gəminin bortuna çıxıb?

      – Ümid edirəm ki, belə olub, cənab.

      – O biri gəmi zərərçəkmişləri götürmək üçün dayanmadı?

      – Xeyr.

      – Bəlkə, batıb?

      – Xeyr. Onun uzaqlaşdığını gördük.

      Digər zəncilər də qocanın dediklərini təsdiqlədilər. Kapitan Qul sorğu-sualı davam etdirdi:

      – “Valdek” haradan gəlirdi?

      – Melburndan.

      – Deməli, siz Sakit okeandakı koloniyalardan birində satılmaq üçün aparılan qullar deyilsiniz?

      – Xeyr, cənab. Biz müstəqil Amerika vətəndaşlarıyıq.

      Məlum oldu ki, onlar üç il Melburn yaxınlığında – Avstraliyanın cənubunda bir ingilisin plantasiyasında işlədikdən sonra vətənlərinə qayıdırmışlar. Yola çıxdıqdan on yeddi sutka sonra gecə “Valdek” böyük bir gəmi ilə toqquşub. Yatmış zəncilər səsə oyanıb göyərtəyə çıxanda gəmi böyrü üstə yıxılıbmış. Onun heyəti isə yoxa çıxmışdı.

      Yaşlı zəncinin adı Tom idi. Gənc yoldaşları – Bat, Ostin, Akteon və Herkules onu rəhbər kimi qəbul edirdilər. Bat Tomun oğlu idi.

      Gəminin qəzaya uğramasından “Səyyah”ın onu tapmasına qədər on gün keçmişdi. Bu müddətdə zəncilər bufetdən tapdıqları ərzaqlarla qidalanmışdılar. Su çəlləkləri toqquşma zamanı sınmışdı. Spirtli içkilərin olduğu mətbəxi isə su basmışdı.

      Doqquzuncu gün Tomla yoldaşları susuzluqdan huşlarını itirmişdilər. “Səyyah” məhz belə çətin bir məqamda peyda olmuşdu.

      “Valdek”dən tapılmış Dinqo isə iri gözətçi iti idi. Tom hələ “Valdek”də ikən hiss eləmişdi ki, Dinqonun zəncilərdən xoşu gəlmir. Heyvan onlara zərər yetirməsə də, uzaq durmağa çalışırdı.

      Qəzaya uğramış zənciləri vətənlərinə çatdırmaq lazım idi. “Səyyah” bunun üçün Kaliforniya sahillərinə üz tutmalı olacaqdı. Xanım Ueldon Toma və yoldaşlarına söz verdi ki, orada əri Cems Ueldon onlara vətənlərinə getməkdə kömək edəcək. Zavallı zəncilərin artıq gələcəyə dair ümidləri vardı. Bunun üçün xanım Ueldonla kapitan Qula minnətdar idilər.

      V fəsil

      “S” və “V”

      “Səyyah” mümkün qədər şərqə tərəf üzməklə yoluna davam edirdi. Tom, Ostin, Bat, Akteon və Herkules hər cür işdə kömək göstərməyə hazır idilər. Ancaq küləyin eyni istiqamətdə əsdiyi və yelkənlərin aşağı salınmış olduğu bir vaxtda görməli iş yox idi. Gəminin istiqamətini dəyişdirmək lazım olanda isə Tomla yoldaşları dərhal gəmi heyətinin köməyinə çatırdılar. Nəhəng Herkules ipləri dartmağa başlayanda matroslar hamısı kənara çəkilirdi.

      Balaca Cek ona heyranlıqla tamaşa edirdi. Uşaq Herkulesin onu gəlincik kimi göyə qaldırmağından qorxmur, əksinə, zövq alaraq qışqırırdı:

      – Bir az da qaldır, Herkules!

      – Yaxşı, mister Cek.

      – Ağır deyiləm?

      – Çox yüngülsünüz!

      – Onda lap yuxarı qaldır, lap yuxarı!

      Beləliklə, artıq Cekin iki dostu vardı: Dik Send və Herkules. Bir azdan o, Dinqo ilə də dostlaşdı. Uşaq iti at kimi çapmağa, it isə onu belində gəzdirməyə öyrəşmişdi.

      Dinqo tezliklə bütün heyətin sevimlisi oldu. Yalnız Neqoro onunla qarşılaşmamağa çalışırdı.

      Benedikt entomologiyanın sirlərini zəncilərə öyrətmək üçün fürsət axtarırdı. Odur ki Tom, Bat, Ostin və Akteon Benedikti göyərtədə görən kimi aradan çıxırdılar. Entomoloq yalnız Herkuleslə kifayətlənməli olurdu. İndi nəhəng zənci bütün gününü həşəratlarla keçirirdi. O, müəllimini diqqətlə dinləyir, onun kolleksiyasını həvəslə araşdırırdı.

      Xanım Ueldon isə balaca Cekə oxumağı və yazmağı, Dik Send isə riyaziyyatı öyrədirdi.

      Anası uşağa oxumağı əlifba ilə yox, üzərinə böyük qırmızı hərflər yazılmış taxta kublarla öyrədirdi. Cek bu kubları yan-yana düzüb söz düzəltməyi çox sevirdi.

      Fevralın 9-da, səhər saatlarında uşaq göyərtədə kubları ilə söz düzəldirdi. Oyunun şərtinə görə, Tom ona baxmamalı, kublar qarışdırıldıqdan sonra isə həmin sözü yenidən düzəltməli idi. Qoca oyunun qaydalarına uyğun olaraq uşağın sözü necə düzəltdiyini görməmək üçün əlləri ilə gözlərini qapamışdı.

      Cekin başı kublara qarışdığından yanında fırlanan Dinqonu görmürdü. Birdən it gözlərini kublardan birinə zilləyərək yerində donub-qaldı. Sonra onu ağzına alıb göyərtənin o biri tərəfinə apardı.

      Kubun üzərində böyük “S” hərfi yazılmışdı. Sonra it qayıdıb bu dəfə üzərində böyük “V” hərfi yazılmış kubu götürdü.

      Bunu görən Cek təəccüblə qışqırdı. Xanım Ueldon, kapitan Qul və Dik Send uşağın qışqırığına qaçıb gəldilər. Cek baş verənləri danışdı.

      Dinqo hərfləri tanıyırdı! Dinqo oxuya bilirdi! Cek bunu öz gözləri ilə görmüşdü.

      Dik Send itin bir kənara qoyduğu kubları götürməyə getsə də, it onu görən kimi mırıldamağa başladı. Ancaq oğlan kubları götürüb digərlərinin yanına qoya bildi.

      Dinqo yenidən həmin kubları götürüb digərlərindən uzaqlaşdırdı. Sonra isə uzanıb pəncələrini kubların üzərinə qoydu. Sanki onları heç kimə vermək niyyətində olmadığını deyirmiş kimi insanlara baxmağa başladı. Xanım Ueldon dedi:

      – Qəribədir!

Скачать книгу