On beş yaşlı kapitan. Жюль Верн
Чтение книги онлайн.
Читать онлайн книгу On beş yaşlı kapitan - Жюль Верн страница 5
Qayıqda güclü adamlara ehtiyac olduğundan Qul gəmini Dik Sendə tapşırdı. Dik Send ovda iştirak etməyi çox istəyirdi. Amma onu da başa düşürdü ki, təcrübəli balina ovçularının getməsi daha faydalıdır. Gəmidə isə kapitan Qulu yalnız o əvəz edə bilər. Odur ki gənc matros gəmidə qalmağa etiraz etmədi.
Beləliklə, “Səyyah”ın heyəti ova hazırlaşmağa başladı. Zolaqlı balina “Səyyah”dan beş mil aralıda üzürdü. Hava ov üçün əlverişli idi, külək əsmirdi. Bosman Qovik qayığa iki nizə, bir neçə itiuclu mizraq, elastik və möhkəm kəndir qoydu. Matroslar da qayıqdakı yerlərini tutdular.
Kapitan Qul “Səyyah”da hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra Dik Sendi yanına çağırdı:
– Dik, səni gəmidə tək qoyuram. Çox uzağa üzəcəyimiz təqdirdə, ola bilər ki, “Səyyah”ın yanımıza gəlməsinə ehtiyac olsun. Onda Tom və yoldaşları sənə yelkəni açmaqda kömək edərlər.
– Kapitan Qul, – deyə Tom dilləndi, – mister Dik bizə güvənə bilər.
– Əmr edin! Əmr edin! – deyə Bat qışqırdı.
– Bir də ki, nə olursa olsun, gəmini tərk etmə!
– Oldu, kapitan!
– Çox uzaqlaşsaq və “Səyyah”ın bizə yaxınlaşmağına ehtiyac olsa, bayraqla sizə işarə edəcəyəm.
– Arxayın olun, kapitan. Gözümü qayıqdan çəkmərəm.
– Əla, oğlum. İndi səndən soyuqqanlılıq və cəsarət tələb olunur! Unutma ki, sən artıq kapitan köməkçisisən. Hər adama bu yaşda bu adı daşımaq qismət olmur.
Zolaqlı balina hələ də dənizin qırmızı hissəsində üzürdü. Kapitan Qul qayığın burnundakı yerini tutdu. “Səyyah”ın sərnişinləri ova tamaşa etmək üçün gəminin burnuna toplaşmışdılar.
Qayıq “Səyyah”dan bir neçə yüz fut uzaqlaşmışdı. Birdən Dinqo yazıq-yazıq ulamağa başladı. Xanım Ueldon diksindi:
– Sus, Dinqo! Ayıb olsun! Dostları ova belə yola salarlar?
İt susdu. O, yavaş-yavaş yaxınlaşıb xanım Ueldonun əlini yalamağa başladı.
– Dinqo boş yerə ulamaz, – deyə Tom pıçıldadı. – Pis əlamətdir!.. Pis əlamətdir!
Birdən it tüklərini qabardaraq qəzəblə nərildədi. Xanım Ueldon arxaya baxdı. Neqoro kayutundan çıxmışdı. Görünür, o da ov prosesinə tamaşa etmək istəyirdi.
Dinqo qəzəblə özünü müdafiə etməyə çalışan aşpazın üstünə atıldı. Sonra isə onun boğazını dişləməyə çalışdı.
– Dinqo, geriyə! – deyə Dik qışqıraraq irəli atıldı. Xanım Ueldon da iti sakitləşdirməyə çalışırdı. Dinqo axırda könülsüz şəkildə aşpazdan əl çəkdi.
Neqoro heç nə deməsə də, rəngi ağappaq olmuşdu. O, kayutuna qayıtdı.
– Herkules! – deyə Dik Send nəhəng zənciyə müraciət etdi. – Aşpaza nəzarət etməyi sənə tapşırıram.
– Oldu.
Xanım Ueldonla Dik Send yenidən gəmidən sürətlə uzaqlaşan qayığa baxmağa başladılar.
O artıq ucsuz-bucaqsız dənizdə balaca bir nöqtə kimi görünürdü.
VIII fəsil
Zolaqlı balina
Kapitan Qul zolaqlı balina ovunun çətin iş olduğunu yaxşı bilirdi. Odur ki bütün təhlükəsizlik tədbirlərini görmüşdü.
Qayıq balinanın olduğu qırmızı sahəyə yaxınlaşdı. Qayığı idarə edən bosman Qovik sol tərəfdən balinaya yaxınlaşmağa, eyni zamanda onun güclü quyruğundan bir qədər uzaq olmağa çalışırdı. Məməli quyruğunu zərbə ilə endirsəydi, qayığı darmadağın edə bilərdi.
Kapitan Qul əlində nizə ilə qayığın burnunda gözləyirdi. Nizənin iti olmayan ucuna kəndir bağlanmışdı. Kapitan:
– Hazır ol, – deyə pıçıldadı. – Yaxınlaş!
Bosman əmri yerinə yetirdi. Artıq balina ilə qayıq arasında cəmi on fut1 məsafə vardı.
Heyvan tərpənmirdi.
– Tərpənmir! Qəribədir! – deyə kapitan Qul fikirləşdi. – Çətin ki yatmış olsun… Yox, burada nəsə var!
Bosman da Qulla eyni fikirdə idi. Ancaq götür-qoy eləməyə vaxt yox idi – hərəkətə keçmək vaxtı çatmışdı.
Kapitan Qul nizənin ortasından tutaraq var gücü ilə balinaya atdı və dərhal qışqırdı:
– Geriyə! Geriyə!
Matroslar qayığı yaralanmış balinadan qorumaq üçün geriyə doğru sürdülər.
Elə bu vaxt Qovik:
– Bala! – deyə qışqırdı.
Yaralı balina çapalayıb yanı üstə çevriləndə qayıqdakı hər kəs onun balasını gördü.
Kapitan Qul bilirdi ki, balinanın balası varsa, ov daha da təhlükəli keçəcək. Çünki dişi balina həm özünü, həm də balasını qorumaq üçün ikiqat qəzəblə müdafiə olunacaqdı.
Ancaq balina gözlənilənin əksinə olaraq qayığa hücum etmədi. O, suya baş vuraraq sürətlə uzaqlaşmağa başladı. Balası da anasının hərəkətini təkrar etdi.
Uğurlu başlanğıcdan sonra bu cür ovdan imtina etmək düzgün olmazdı. Odur ki matroslar heyvanı izləməyə başladılar. Kapitan Qul gözünü ovundan çəkmə- dən eyni sözləri təkrarlayırdı:
– Diqqətli ol, Qovik! Diqqətli ol!
Bosman onsuz da ehtiyatla hərəkət edirdi. Balina isə nə dayanır, nə də sürətini azaldırdı. Kapitan Qul ikinci və üçüncü ehtiyat kəndirləri də nizəyə bərkidilmiş kəndirə əlavə etməli oldu.
Heyvan durmadan irəliləyirdi. Görünür, nizə onun həyati əhəmiyyətli orqanlarını zədələyə bilməmişdi. Kəndirin getdikcə aşağıya doğru əyilməsindən görünürdü ki, balina suyun dərinliklərinə doğru üzür.
– Deyəsən,
1
Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi