Alisa möcüzələr diyarında. Льюис Кэрролл
Чтение книги онлайн.
Читать онлайн книгу Alisa möcüzələr diyarında - Льюис Кэрролл страница 4
Siçan iri dalğaları yararaq bacardıqca tez üzüb ondan aralandı.
Alisa nəvazişlə Siçanı çağırdı:
– Əziz Siçan! Geri qayıdın. Sizin xoşunuza gəlmirsə, bundan sonra biz nə itdən, nə də pişikdən söhbət açarıq.
Bunu eşidən Siçan çöndü və yavaş-yavaş geri, Alisaya tərəf üzdü; onun üzü ağappaq idi. (Alisa düşündü, “hirsindəndir”.) Siçan boğuq, titrək səslə dedi:
– Sahilə çıxaq, mən başıma gələn əhvalatı başdan-ayağa sənə danışaram. O zaman başa düşərsən nə üçün mən pişiyə, itə nifrət edirəm.
Həqiqətən də, sudan çıxmaq vaxtı idi. Gölə o qədər heyvan və quş düşmüşdü ki, onların əlindən tərpənmək olmurdu: Qaz və kökü kəsilmiş Dront quşu, Tutuquşu Lori və Qartal, cürbəcür başqa qəribə quşlar və heyvanlar suda qaynaşırdılar. Alisa başda olmaqla bütün dəstə sahilə tərəf üzdü.
III fəsil
KÖNÜLLÜ CIDIR VƏ DAVAMI
Sahildə çox qəribə dəstə toplaşmışdı: ağırlıqdan qanadları yerlə sürünən quşlar, dərisi bədəninə yapışmış heyvanlar. Hamısı da yamyaş, hirsli, narazı!
Əlbəttə, birinci, ən vacib iş qurunmaq idi; onlar bu barədə məsləhətləşirdilər. Bir neçə dəqiqədən sonra Alisa sıxılmadan söhbət edirdi. Sanki onları çoxdan tanıyırdı. O, Lori ilə uzun-uzadı höcətləşdi. Nəhayət, qaşqabağını sallamış Lori dedi:
– Mən səndən böyük olduğuma görə daha yaxşı bilirəm.
Onun yaşının nə qədər olduğunu təsəvvür etməyən Alisa bununla razılaşa bilməzdi. Lori isə yaşını deməkdən qəti imtina etdi və beləliklə də söhbət bitdi.
Görünür, onların içində xüsusi hörməti olan Siçan, nəhayət, bildirdi:
– Əyləşin və mənə qulaq asın! Mən sizi çox tezliklə qurudaram.
Hamı o saat Siçanı dövrəyə aldı. Alisa gözlərini ondan çəkmirdi, çünki əmin idi ki, tez qurunmasa, möhkəm xəstələnəcək.
Siçan təkəbbürlə dedi:
– Hm! Hazırsınızmı? İndi danışacağım əhvalat bildiklərimin ən qurusudur. Xahiş edirəm, sakit olun! İngiltərəni işğal etmək üçün Roma papasının xeyir-duasını alan İstilaçı Vilhelm kiminsə hökmranlığı altında olmaqdan ötrü ürəkləri gedən, qəsb və istilalara çoxdan alışmış ingilislərə təqdim olundu. Edvin və Morkar, Mersiya və Nortumbriya qrafları…
Lori titrəyə-titrəyə dedi:
– Uf!
– Üzr istəyirəm! – Siçan narazılıqla ona baxdı, lakin çox hörmətlə etiraz etdi. – Siz nə dediniz?
– Mən susmuşam, – deyə Lori tələsik cavab verdi.
Siçan dedi:
– Mənə elə gəldi ki, siz nəsə dediniz. Davam edirəm. Edvin, Morkar, Mersiya və Nortumbriya qrafları onun tərəfinə keçdilər. Hətta vətənini sevən baş Kenterberiya keşişi Stiqand da bunu bəyəndi…
Ördək soruşdu:
– Nəyi bəyəndi?
– Bunu bəyəndi! – deyə Siçan çox acıqla cavab verdi. – Siz, əlbəttə ki, “bunun” nə olduğunu bilirsiniz?
– Mən bir şey tapanda “BUNUN” nə olduğunu çox yaxşı bilirəm, – Ördək dedi. – Adətən, bu, qurbağa, ya da soxulcan olur. Məsələ məhz baş keşişin nəyi bəyənməsidir?
Siçan onun sualına fikir vermədi, lakin tələsik davam etdi:
– O bunu bəyəndi və Edqar Atelinqlə birlikdə Vilhelmi qarşılamağa çıxdı və tacı ona təklif etməyi doğru bildi. Əvvəlcə Vilhelm özünü çox sadə aparırdı. Lakin normanların həyasızlığı… Mənim əzizim, indi özünü necə hiss edirsən? – deyə o, gözlənilmədən Alisaya müraciət etdi.
– Əvvəlki kimi yamyaşam, – deyə Alisa məyus halda cavab verdi. – Deyəsən, heç qurumuram.
Ayağa duran Dront vüqarla dedi:
– Elə isə mənim təklifim var: iclası kəsək və başqa bir tədbir tökək.
Qartal dedi:
– İngiliscə danışın! Mən bu uzun sözləri başa düşmürəm və əminəm ki, siz də heç nə başa düşmürsünüz.
Qartal təbəssümünü gizlətmək üçün başını salladı, quşların bəzisi qaqqıldadı.
– Demək istəyirəm ki, – deyə Dront incik halda davam etdi, – qurumağımız üçün ən yaxşı üsul könüllü cıdır təşkil etməkdir.
Alisa soruşdu:
– Könüllü cıdır nədir? – qız bir o qədər də bunu bilmək istəmirdi. Dront isə başqa birinin də sualını gözləyirmiş kimi dayandı. Lakin heç kim heç nə soruşmadı.
– Hə, – Dront dedi, – başa salmağın ən yaxşı üsulu göstərməkdir!
Drontun nə etdiyini sizə söyləmək istəyirəm. Çünki qış günlərinin birində, bəlkə, siz də belə bir şey etmək istədiniz.
Əvvəlcə o, dairəyə oxşar formada cıdır yolu çəkdi (“bunun dəqiq olmasının mənası yoxdur” – dedi), sonra da hamı cıdır boyu istədiyi yerdə durdu. “Bir, iki, üç, irəli!” – komandası da heç verilmədi. Hər kəs istədiyi vaxt qaçır, istədiyi vaxt dayanırdı. Beləliklə, yarışın qurtarmasını bilmək olmurdu. Amma bütün dəstə yarımca saat qaçdıqdan sonra qupquru qurudu. Dront gözlənilmədən komanda verdi:
– Yarış qurtardı!
Heyvanlar və quşlar onu dövrəyə alıb ağır-ağır nəfəslərini dərərək soruşdular: “Bəs qalib gələn kim oldu?”
Dront ciddi fikirləşməmiş bu suala cavab verə bilməzdi. O, barmağını alnına dirəyib (siz, adətən, Şekspiri şəkillərdə bu vəziyyətdə görürsünüz) bir müddət dayandı; hamı səssizcə gözləyirdi. Nəhayət, Dront dedi:
– Hamı udub və hamı da mükafat almalıdır.
Hamı xorla soruşdu:
– Mükafatı kim verəcək?
– Əlbəttə