Alisa möcüzələr diyarında. Льюис Кэрролл
Чтение книги онлайн.
Читать онлайн книгу Alisa möcüzələr diyarında - Льюис Кэрролл страница 5
– Bircə üskük var.
– Bura ver, – deyə Dront tələb etdi.
Hamı yenə onun ətrafına toplaşdı və Dront bu sözlərlə üsküyü qıza verdi:
– Səndən xahiş edirik, bu gözəl üsküyü qəbul edəsən.
Onun qısa nitqindən sonra dəstə razılıqla qışqırdı.
Alisa baş verən əhvalatın mənasız olduğunu düşündü, amma quşlar və heyvanlar elə ciddi idilər ki, o, gülməyə cürət etmədi. Qız fikirləşib cavab tapa bilmədiyindən ədəblə baş əydi, təmtəraqlı görünməyə çalışaraq üsküyü aldı.
Sonra hamı nabata girişdi. Çaxnaşma və hay-küy qopdu, çünki böyük quşlar şikayətlənirdilər ki, nabatın “dadına da baxmadılar”, balacalar isə boğulduqlarından kürəklərinə çoxlu qapaz vuruldu. Nəhayət, nabat qurtardı. Hamı yenə Siçanı dövrəyə alıb ondan yeni bir şey danışmağı xahiş etdi.
Alisa Siçana dedi:
– Siz əhvalatı sona çatdırmalısınız. – Siçanın yenə də inciməsindən qorxan qız qətiyyətsizliklə pıçıldadı: – Nə üçün “P” və “İ”-yə nifrət etməyiniz barədə danışmağa söz vermişdiniz.
– Danışaram. Ancaq mənim əhvalatım çox uzun və kədərlidir, – deyə Siçan üzünü Alisaya tutaraq ah çəkdi.
“Əhvalat” sözünü tələffüz edən zaman onu öskürək tutduğundan anlaşılmaz səslər çıxartdı. Buna görə də Alisa “əhvalat” əvəzinə “quyruq” eşitdi. O, təəccüblə aşağı, Siçanın quyruğuna baxıb dedi:
– Söz yox ki, bu, uzun quyruqdur, amma nə üçün siz ona kədərli deyirsiniz?
Siçan öz əhvalatını danışmağa başladığı zaman qız buna cavab tapmaq üçün xeyli baş sındırdı.
Bu dəfə qanın gedib,
Yaxşı düşdün əlimə.
Talançılıq,
Oğurluq –
Sənin peşən bu olub.
Nə eləmisən bir-bir sayacağam
sənə mən.
Bu gün ancaq
Bununçün boş-bikaram
səhərdən”.
Teryerə tutub üzünü,
Siçan da dedi sözünü:
“Hakimsiz və vəkilsiz.
Məhkəmə ağlasığmaz,
Hay-küyü boşlayın, ser!
Mən edirəm etiraz!”
Küp qarısı dilləndi,
Dedikləri başdan-başa hiylədir:
“Mən qanuni hakiməm,
Vəkil də mən özüməm,
Şahid də mən özüməm.
Mən nə desəm olacaq,
Buna heç yoxdur şübhəm.
Varsa əgər danışan,
az danışsın, az dinsin, sən qatil
və oğrusan, cəzan ölümdür sənin!”
Siçan qəzəblə Alisaya dedi:
– Sən diqqətsizsən! Nə haqda düşünürsən? Dillən bir görək!
– Bağışlayın, – deyə Alisa çox təvazökarlıqla cavab verdi. – Mən diqqətlə onu izləyirəm. Zənnimcə, siz beşinci döngəyə çatdınız.
Siçan əsəbiliklə qışqırdı:
– Sən hər şeyi tərsinə başa düşürsən! Məni hələ heç kim belə utandırmamışdır…
– USANMISINIZ! – Alisa düz eşitməyib onun sözünü kəsdi. Həmişə bacardığı qədər yaxşılıq etməyə hazır olan qız qayğıkeşliklə Siçana baxdı: – Ah, icazə verin nədən usandığınızı bilim!
Durub getmək istəyən Siçan dedi:
– Mənim heç nəyə ehtiyacım yoxdur. Sən boş danışığınla məni təhqir edirsən.
– Mən heç də bu niyyətdə deyildim! – deyə zavallı Alisa üzr istədi. – Siz çox tez inciyirsiniz!
Siçan cavab verməyib mırıldadı.
– Xahiş edirəm, geri qayıdın və əhvalatı danışıb qurtarın! – deyə Alisa onu çağırdı.
Hamı bir ağızdan ona qoşuldu:
– Bəli, xahiş edirik, qurtarın!
Siçan isə başını bulayıb tez çıxıb getdi.
– Çox təəssüf ki, onu saxlamaq mümkün deyil! – o gözdən itəndən sonra Lori ah çəkdi.
Qoca Yengəc də vəziyyətdən istifadə edib qızına dedi:
– Ah! Mənim əzizim! Qoy bu sənə dərs olsun, həmişə özünü saxlamağı bacar!
– Az danış, ata! – deyə qızı bir qədər kobud cavab verdi. – Sən ilbizi də özündən çıxartmağa qadirsən!
Heç kimə müraciət etməyən Alisa ucadan dedi:
– Əgər bizim Dina burda olsaydı, nə edəcəyimi bilərdim. Dina tez onu geri qaytarardı!
– Cəsarət edib soruşa bilərəmmi: o Dina kimdir? – deyə Lori soruşdu.
Alisa məmnuniyyətlə cavab verdi – sevimlisi barədə o, həmişə danışmağa hazır idi.
– Dina bizim pişikdir. Siz təsəvvür edə bilməzsiniz ki, o, siçanları necə məharətlə tutur… və… eh, bircə görəydiniz o, quşları necə qovur! O, balaca quşu bir saniyədə udur.
Bu sözlər bütün dəstəni həyəcana saldı. Bəzi quşlar o saat qaçdılar. Qoca Sağsağan büzüşə-büzüşə dedi:
– Mən hökmən evə getməliyəm, gecənin soyuq havası boğazıma ziyandır.
Sarıbülbül qorxa-qorxa balalarını çağırdı:
– Bura gəlin, mənim əzizlərim! Çox gecdir, siz indi gərək yatağınızda olaydınız.
Hərə bir bəhanə ilə qaçıb dağıldı. Alisa tək qaldı. O, kədərlə dedi:
– Mən Dinanı yada saldığım üçün çox heyifsilənirəm. Deyəsən, burda, aşağıda onu sevən yoxdur, buna baxmayaraq əminəm ki, o, dünyada ən yaxşı pişikdir.