Lessi. Эрик Найт
Чтение книги онлайн.
Читать онлайн книгу Lessi - Эрик Найт страница 3
– İti “dəyişmədiyini” hardan bilirsən?
Sual əbəs yerə verilməmişdi. Yorkşirlilər belə işlərdə usta idilər.
Ancaq Pristsillanın sualını eşitcək hersoq daha da bərkdən bağırdı:
– Hardan bilirəm? Çünki mən özüm də yorkşirliyəm, onların bütün hoqqabazlıqlarını, hətta ondan da artığını bilirəm. İt həmin itdir. Özü də ki onu… nədi onun adı… Kerraklafdan almışam. Onu tanıyıram. Belə iş görən deyil, özü də mənə qarşı. Heç vaxt!
O, nəvəsi ilə birlikdə itlər saxlanan qəfəslərə yaxınlaşdı. Yeni itin saxlandığı yerin qabağında dayandılar. Pristsilla yerdə uzanan iri qara-ağ-qızılı kollini gördü. İt başını qabaq pəncələrinin üstünə qoyub uzanmışdı.
Hersoq dili ilə səs çıxarıb onu səslədi. İt cavab vermədi. Bircə qulağının tərpənməsindən səsi eşitdiyini anlamaq olardı. Onu diqqətlə süzən adamlara fikir vermədən uzanmışdı.
Pristsilla əyildi, əllərini şappıldatdı və iti çağırdı:
– Kolli, bura gəl! Bura gəl! Bir mənə baxsana. Gəl yanıma.
Kolli iri, qonur və qəmli gözləri ilə bircə anlığına qıza çəpinə baxdı. Sonra yenidən boşluğa daldı.
Pristsilla dikəldi:
– Baba, it elə bil xəstədir!
– Boş şeydir! – hersoq bağırdı. – Sapsağlamdır. Haynz, Haynz! Bu sarsaq hara yoxa çıxıb?
– Gəlirəm, ser, gəlirəm! Məni çağırırdız? – hersoqun xidmətçisi peyda oldu.
– Təbii ki, çağırırdım! Karsız? Haynz, itə nə olub? Tükü rəngini itirib.
– Bilirsiniz, ser, o az yeyir. O bir az ərköyün böyüyüb. İtləri evdə, otaqda saxlayanda nazları ilə çox oynayırlar. Əlləri ilə yedizdirirlər. Amma mənim yanımda bu vərdişləri tərgidəcək. Bir neçə gündən sonra əsl it kimi yeməyə başlayacaq.
– Hə, Haynz, gör nə edirsən. Gözün üstündə olsun. Bu kolliyə yaxşı bax!
– Baş üstə, ser, əlimdən gələni edəcəm.
– Gəl bir etmə!
Hersoq bunu deyib burnunun ucunda nəsə deyinərək getdi. O bir az məyus idi. Pristsillaya yeni aldığı gözəl iti göstərmək istəyirdi. Qız isə əvəzində adi bir köpək gördü. Nəvəsinin səsini eşitdi:
– Nə deyirsən?
– Deyirəm ki, o adam itini sizə niyə satdı?
Hersoq dayandı, qulağını qaşıdı:
– Düşünürəm ki, o mənim, həqiqətən də, itə görə bundan artıq pul verməyəcəyimi anladı. Vəssalam.
Baba ilə nəvə köhnə, böyük evə tərəf yollananda Haynz üzünü qəfəsdəki itə tutdu:
– Hünərin var yemə! Elə yeyəcəksən ki! Lazım gəlsə, yeməyi öz əlimlə ağzına dolduracam.
İtin heç tükü də tərpənmədi. Təkcə gözlərini qıymaqla kifayətləndi. Sanki adama “səni tanımaq belə istəmirəm” deyirdi.
Adam çoxdan çıxıb getmişdi, it isə günəşin altında hərəkətsiz uzanmışdı. Kölgələr uzananda o, könülsüz ayağa qalxdı, başını qaldırıb burnunu küləyə əks istiqamətə tutdu, qoxunu aldı. İstədiyini duymadığından yavaşca zingildədi. Sonra qəfəsboyu qabağa-dala gəzişməyə başladı, sanki qarovul çəkirdi.
O, it idi və bizim kimi düşünmürdü. Onun beyni və bədənində əvvəlcə qeyri-müəyyən istək baş qaldırdı. Getdikcə bu istək daha aydın oldu. Zaman duyğusu onun beyni və əzələlərinə təkan verdi.
Birdən nə istədiyi Lessiyə aydın oldu. İndi o bilirdi.
IV FƏSİL
Lessi evə qayıdır
Co Kerraklaf məktəb binasından çıxıb darvazadan bayıra ayağını basanda gözlərinə inanmadı. Oğlan yerində donub-qaldı, sonra bərkdən qışqırdı:
– Lessi! Lessi!
O özünü itə tərəf atdı, qabağında dizi üstə oturdu, barmaqlarını onun qalın tükləri arasına saldı, sığalladı.
Sonra ayağa qalxdı, sevincindən lap atılıb-düşməyə hazır idi. Oğlanla itin özlərini aparmaqları arasında qəribə bir təzad var idi. Oğlan xoşbəxtlikdən özünü itirmişdi, it isə sakitcə oturmuşdu. Təkcə quyruğunu oynatması onun da oğlanı görməkdən şad olduğunu göstərirdi. O sanki deyirdi:
“Belə həyəcanlanmağa nə gərək var? Mən bura gəlməliyəm və gəlmişəm. Burda nə var ki?”
– Lessi, getdik, – oğlan dedi.
O, küçə ilə qaçmağa başladı. İlk anlarda itin burada necə peyda olduğu barədə düşünmədi. Ancaq bunun qəribə olduğu, nəhayət, ona çatanda bu fikri özündən uzaqlaşdırdı.
Belə qəribə bir hadisənin nə üçün baş verdiyini soruşmaq lazım deyil, əsas odur ki, o baş verib.
Ancaq həyəcan yatmaq bilmirdi. Bəlkə, atası iti geri alıb? Bəlkə də belədir!
O, Yuxarı küçə ilə qaçırdı, onun həyəcanı sanki, nəhayət, Lessiyə də keçmişdi. O da oğlanın yanı ilə qaçırdı.
Əmək birjasına çatanda Co sürətini azaltdı və elə bu vaxt onu bir kişi səsi çağırdı:
– Ey, oğlan, sən öz itini haradan tapmısan?
– Mən baxdım, bir də gördüm məktəb darvazasının qabağında oturub, – Co cavab verdi.
Amma indi o, həqiqəti bilir. Deməli, atası iti geri almayıb. Belə olsaydı, bunu artıq hamı bilərdi. Qrinol-Bric kimi qəsəbələrdə hamı hər şeyi bilir. Deməli, Lessi qaçıb! Belə de!
Co Kerraklaf artıq sevinə-sevinə qaçmırdı. İndi o, yavaş-yavaş, fikir içində evlərinə tərəf gedirdi. Qapıya çatanda arxaya döndü və qəmli şəkildə itə baxdı.
– Dayan, Lessi. Gəl dur yanımda.
Oğlan fikirli halda qapının ağzında dayanmışdı. O, üzündəki ifadəni gizlədib içəri keçdi:
– Ana, sürprizim var: Lessi qayıdıb.