Lessi. Эрик Найт
Чтение книги онлайн.
Читать онлайн книгу Lessi - Эрик Найт страница 4
– Məktəbdən çıxdım, bir də görürəm həmişəki yerində oturub məni gözləyir. Məni görəndə elə sevindi ki! Quyruğunu bulamağa başladı. Hiss etdim ki, hamımız üçün darıxıb. Fikirləşdim evə gətirim və biz…
– Yox.
Anası bərkdən qışqırıb onun sözünü kəsdi.
– Axı o, evə qayıdıb, ana! Biz onu gizlədə bilərik. Onların xəbəri də olmaz. Deyərik ki, onu görməmişik, onlar da…
– Yox! – anası təkrar etdi. Hirsli-hirsli süfrə açmağa başladı. – İtlər, itlər! Onların adı gələndə ürəyim bulanır. Evdə it istəmirəm. Biz onu satmışıq, vəssalam. Gözümün qabağından nə qədər tez rədd olsa, bir o qədər yaxşıdır. Apar onu buradan. Tələs, yoxsa bir də gördün Haynz qaçıb gəldi.
Anasından əlini üzən Co üzünü atasına tərəf çevirdi. Atası elə bil heç nə eşitmirdi; sakitcə oturmuşdu. Oğlan beynində yeni dəlillər axtarırdı. Ən yaxşı dəlili elə Lessi özü tapdı. O ayağa qalxıb kişiyə yaxınlaşdı və burnunu onun əlləri arasına soxmaq istədi. Amma kişi əlini çəkib ocağa daha da diqqətlə baxmağa başladı.
– Ata, heç olmasa, onunla salamlaş. Axı onun heç bir günahı yoxdur və evə gəldiyinə sevinir. Tumarla onu! – Co atasına dedi.
Kişi özünü elə apardı ki, elə bil heç nə eşitmədi.
– Orada, hersoqgildə, görünür, onun qayğısına qalan yoxdur. Onlar nə bilirlər iti necə yedizdirmək lazımdır. Tükünə bir bax. Gör nə günə düşüb, düz demirəm? Necə düşünürsən, içdiyi suya bir az kətan toxumu qarışdırsaq, köməyi olar? Tükü parlasın deyə mən belə edərdim. Bəs sən? – Co atasından əl çəkmirdi.
Conun atası gözünü ocaqdan çəkmədən sakitcə başı ilə təsdiqləməyə başladı. Missis Kerraklaf oğlunun nə etmək istədiyini anladı:
– Buna bir bax! Sən itlərdən baş çıxarmasan, Kerraklaf, ümumiyyətlə, yorkşirli olmazdın… Vallah, mən hərdən düşünürəm ki, qəsəbəmizin kişiləri ailələrindən çox, tulalarını düşünürlər. Elədir ki var. İndi ağır zəmanədir. Bəs onlar nə edirlər? İşləyirlər? Yox. Yardım dalınca gedirlər. Bəziləri hətta uşaqlarının ac qalmasına razı olar, təki itləri doyunca yesin.
– Yox, ana, o, doğrudan da, arıqlayıb. Mərc gəlirəm ki, onu yaxşı yedizdirmirlər.
– Hə, cənab Haynzın itin yeməyini əlindən alıb özünün yeməsinə inanaram. Ömrümdə belə arıq, belə murdarsifət adam görməmişəm.
Qadın danışa-danışa nəzərlərini Lessinin üzərində saxladı. Birdən səsi dəyişdi:
– Doğrudan da, yazıq nə gündədir. Onu nəyəsə qonaq etmək lazımdır. O dəqiqə kefi açılacaq. Belə olmasa, deməli, mən itləri tanımıram. Amma yeyən kimi aparın onu geri. O gedəndən sonra mən bir daha bu evə it gətirilməsinə icazə verməyəcəm.
Missis Kerraklaf deyinə-deyinə qazanda qaşıqaşını qızdırdı. Sonra yeməyi kasada itin qabağına qoydu və onun necə ləzzətlə yediyinə oğlu ilə bərabər tamaşa etdi.
İt yeyib qurtarandan sonra missis Kerraklaf kasanı yığışdırdı. Co rəfdən dörd qatlanmış mahud parçasını və şotkanı götürdü. Sonra xalçanın üstündə oturub itin tükünü təmizləməyə başladı.
Atası ocağa baxmağa davam etsə də, hərdən gözucu oğluna və ayaqlarına yaxın oturmuş itə baxırdı. Nəhayət, dözməyib çöndü və əlini uzatdı.
– Balaca, bunu belə etmirlər. Əgər bir işin ucundan yapışırsansa, onu yaxşı görmək lazımdır. Bax belə!
O, parçanı və şotkanı oğlundan alıb itin tüklərini təmizləməyə, daramağa başladı. Qısa bir müddət ərzində evdə sakit xoşbəxtlik hökm sürdü.
Lessinin artıq onlara məxsus olmadığı, deyəsən, birinci missis Kerraklafın yadına düşdü.
– Yaxşı, onu burdan aparmaq fikriniz var?
Conun atası acıqlı tərzdə başını çevirdi:
– İstəyirsən ki, onu ora yazıq gündə, büzüşmüş halda aparım?
– Bura bax, Sem, əgər iti bu saat aparmasan…
Qadın səsini kəsdi, hamı qulaq kəsildi. Bağçadan ayaq səsləri gəlirdi.
– İstədiyinizə çatdız. Bu, Haynzdır, – qadın dedi.
O, qapıya tərəf getdi, amma qapı özü açıldı və Haynz içəri girdi. İti gördü:
– Belə də bilirdim. Bilirdim ki, onu burada tapacam.
Conun atası ayağa qalxdı.
– Elə mən də onun tüklərini darayırdım. Darayan kimi gətirəcəydim.
– Mütləq! – Haynz güldü. – Mütləq gətirəcəydiniz! Amma belə oldu ki, mən onu özüm aparacam.
O, xaltanı cibindən çıxarıb itin boynuna keçirdi. Qayışı dartan kimi it ayağa qalxdı, quyruğunu qısıb adamın dalınca qapıya tərəf getdi. Haynz dayandı:
– Bilirsiz, mən dünyaya təzə göz açmamışam və bütün hoqqabazlıqlardan xəbərdaram. Siz yorkşirlilərin də, itlərinizin də cikinizə-bikinizə bələdəm. Onları elə öyrətmisiniz ki, qaçıb evə gəlirlər, sonra siz onları başqasına satırsız. Amma bu fırıldaq mənimlə keçməz. Mən özüm də bəzi şeylər bilirəm…
Birdən o səsini kəsdi. Çünki Sem Kerraklaf hirsindən qıpqırmızı halda qapıya tərəf yönəldi.
– Eee… sağ olun! – Haynz tələsdi.
Qapı açıldı. Haynzla kolli getdilər.
Uzun müddət evdə heç kim dinmədi. Sonra yenə missis Kerraklaf səsini ucaltdı:
– Heç dəxli var! Evə soxulur, heç icazə də almır. Sonra papağını da çıxarmadan dayanır burda. Özünü, deyəsən, hersoq hesab edir. Özü də bir tazının üstündə. Nə isə, indi o, burada yoxdur və bilmək istəyirsinizsə, ondan canımı qurtarmağıma şadam. İndi, bəlkə, evdə bir az sakitlik ola. Ümid edirəm onu bir daha görməyəcəyəm.
O elə hey danışır, Co ilə atası isə sakitcə oturub ocağa baxırdılar.
V FƏSİL
“Bir də evə gəlmə…”
Əgər