Lessi. Эрик Найт
Чтение книги онлайн.
Читать онлайн книгу Lessi - Эрик Найт страница 5
– Mən onu istəmirəm! İstəmirəm! – anası qışqırdı. – Onu içəri salmağa cürət eləmə… mənə əziyyət vermə, bezdirmə! Onu elə bu saat geri aparmaq lazımdır. Yubanmadan!
Sözlər Conun sinəsindən aşıb-daşırdı. Oğlan çox nadir hallarda valideynləri ilə höcətləşirdi. Amma indi hiss etdi ki, cəhd göstərməli, onları anlamağa məcbur etməlidir.
– Ay ana, bircə dəqiqə! İmkan ver, heç olmasa, bircə dəqiqə onu burda saxlayım.
– Lazım deyil, Co. Onu burada nə qədər çox saxlasan, geri aparmaq bir o qədər çətin olacaq. Aparmaqsa lazımdır.
– Ana… ata… xahiş edirəm! Özünüz də görürsünüz ki, yazıq nə haldadır. Ona lazımi qədər yemək də vermirlər. Necə düşünürsüz, bəlkə…
Sem Kerraklaf ayağa qalxıb üzünü oğluna çevirdi. Üzündə bir ifadə olmasa da, səsində anlayış hiss olundu:
– Yox, Co, bir şey alınan deyil. Bilirsən, oğlum, bunun mənası yoxdur. Çayımızı içən kimi onu aparacağıq.
– Yox, siz onu elə bu dəqiqə aparacaqsınız! – missis Kerraklaf bağırdı. – Yoxsa bu Haynz yenə burada peyda olacaq. Mənsə onun evimə soxulmasını, özünü xozeyin kimi aparmasını istəmirəm. Papağını başına qoy, düş yola.
– Onsuz da yenidən evə qayıdacaq, ana. Məgər görmürsən? Qayıdacaq. O bizim itimizdir…
– Başa düşürsən, o, evə Cona görə qayıdır, – Sem arvadına baxıb dedi.
– Hər nədir, Sem, onu aparmaq lazımdır, – qadın astadan dedi. – Əgər Cona görə qayıdırsa, deməli, onu da özünlə aparmalısan. Qoy o səninlə getsin, iti aparıb hersoqa versin və bir daha evə qayıtmamasını tapşırsın. Əgər Co ona belə bir əmr versə, bəlkə, köpək sakitləşər və bir də qaçıb evə gəlməz.
– Hə, məntiq var, – əri də sakitcə cavab verdi. – Co, papağını götür, mənimlə gedəcəksən.
– Baba, heyvanlar bizim eşidə bilmədiyimiz nəyisə eşidə bilərlər? – Pristsilla soruşdu.
– Əlbəttə! – hersoq bağırdı. – Elə götürək iti. Adamdan beş dəfə yaxşı eşidir…
Pristsilla birdən babasının əlindəki ağacı yelləyərək qabağa atıldığını gördü:
– Kerraklaf! Mənim itimlə nə işiniz var?
Pristsilla xiyabanın dərinliklərində hündür, möhkəm bədənli bir kişi gördü. Yanında özü kimi qüvvətli bir oğlan dayanmışdı, əllərini yavaşca kollinin boynuna qoymuşdu. Qız babasının dalınca getdi.
Sem qızı görcək papağını çıxartdı, oğlunu dümsüklədi ki, o da belə etsin.
– Bu, Lessidir, – Kerraklaf dedi.
– Lessi olmağını bilirəm. Gözü olan hər bir kəs bunu görür. Ondan nə istəyirsiniz?
– O yenə qaçmışdı, mən də onu yenə geri gətirdim.
– Yenə? Məgər o bir dəfə qaçmışdı ki?
Sem başa düşdü ki, Haynz hersoqa heç nə deməyib, onu ayağa vermək istəmədi. Hersoq hirslənə və onu işdən qova bilər. İndiki zəmanədə iş tapmaq müşküldür.
– Nə isə, onu geri gətirmişəm, vəssalam.
Hersoq tərs-tərs ona baxdı, sonra daha da ucadan qışqırdı:
– Haynz! Haynz! Bu avara yenə hardadır?
– Gəlirəm, ser, gəlirəm, – tın-tın səs eşidildi. Sonra kolların arasında Haynz göründü.
– Haynz, it bundan əvvəl də qaçıbmış?
– Bilirsiniz, ser, məsələ belədir də…
– Hə, ya yox?
– Bir növ, hə, həqiqətən də, qaçmışdı… amma mən sizi narahat etmək istəmədim. Amma daha qaça bilməyəcək. Heç başa düşmürəm ki, necə qaçır… İndi ona elə göz-qulaq olacam ki…
– Hünərin var, olma! – hersoq bağırdı. – Gicbəsərin biri! Sal iti qəfəsə. Bir də qaçsa…
Hersoq sözünü bitirməyib çıxıb getdi, heç Kerraklafa təşəkkür də etmədi.
Pristsilla bunun heç yaxşı olmadığını düşündü, əvvəlcə babasının ardınca yollandı, sonra dayandı, geri çöndü, baş verənləri müşahidə etməyə başladı. Haynz əsəbindən coşmuşdu:
– Onu qəfəsə salıb ağzını bağlayacağam. Hünəri var, bir də qaçsın. Onun başına elə…
Haynz sözünü bitirə bilmədi, o, əlini atıb Lessinin boynundan tutmaq istəyirdi. Amma itə yaxınlaşa bilmədi, çünki Sem Kerraklafın dəmir nallı, ağır çəkmələri onun ayağının üstünə çıxıb tərpənməyə qoymadı. Kerraklaf sakitcə dedi:
– Mən oğlumu özümlə gətirmişəm ki, bu dəfə iti qəfəsə o salsın. İt qaçıb onun yanına gəlir. Oğlum onu qəfəsə salıb burada qalmasını əmr edəcək. – Sonra qüdrətli səsi ilə əlavə etdi: – Bıy, bağışla. Ayağının üstünə çıxdığımı heç hiss eləməmişəm. Co, oğlum, gedək. Haynz, daxmanın ağzını aç, onu içəri salaq.
Pristsilla itin daxmanın yanı ilə öz yerinə tərəf getdiyini gördü. Oğlan məftil çəpərboyu hərəkət edəndə başını qaldırıb ona yaxınlaşdı. Kolli qəfəsə sıxıldı, oğlansa barmaqlarını içəri salıb itin soyuq burnunu sığallayaraq xeyli beləcə dayandı.
Sükutu kişi pozdu:
– Co, oğlum, gedək. Vaxtdır, qurtar. Uzatmağın nə mənası var? Əmr elə qalsın… de ki, bir də evə gəlməsin, de ki, olmaz.
Pristsilla oğlanın əvvəlcə atasına, sonra sanki haradansa kömək gözləyirmiş kimi ətrafa baxdığını gördü. Sonra Co sakit səslə, sözləri güclə ağzından çıxararaq dedi:
– Lessi, burada qal və xoşbəxt ol. Bir də… evə gəlmə. Daha qaçma. Bir də dalımca məktəbə gəlmə. Burada yaşa və bizdən əl çək… çünki… çünki sən daha bizim deyilsən və biz səni görmək istəmirik… heç vaxt. Çünki sən pis itsən… və biz səni daha sevmirik, görmək də istəmirik. Həmişəlik burda qal və heç vaxt evə gəlmə!
İt elə bil hər şeyi başa düşdü, qəfəsin uzaq