Lessi. Эрик Найт
Чтение книги онлайн.
Читать онлайн книгу Lessi - Эрик Найт страница 6
Pristsilla fikrə getdi, burnunu qırışdırdı:
– Belədirsə, onda niyə iti geri gətirdilər?
– Başınızı belə şeylərə görə ağrıtmayın! Burada, qəsəbədə heç kimə etibar etmək olmaz. Hər addımda adamı aldada bilərlər. Amma bizə kələk gələ bilməzlər!
– Əgər oğlan itini geri istəyirdisə, onda, ümumiyyətlə, onu niyə satırdılar? İt mənim olsa idi, onu satmazdım.
– Siz, əlbəttə ki, satmazdız.
– Bəs onlar niyə satıblar?
– Niyə? Çünki babanız itə görə onlara külli miqdarda pul verib! Bax belə! Qudurdub onları!
Sonra Haynz hələ də hürən itə tərəf çevrildi:
– İndisə, kəs səsini! Rədd ol damına! Uzan!
İt ona heç fikir də vermədi. Haynz qəfəsə yaxınlaşıb iti vurmaq istəyirmiş kimi əlini qaldırdı. Lessi sakitcə çevrildi, üst dodağı yuxarı dartıldı, iri ağ dişləri parıldadı, mırıldamağa başladı.
– Hə, hirslənirsən?
Bu vaxt Pristsilla qabağa gəlib Haynzla qəfəsin arasında dayandı.
– Miss Pristsilla, ehtiyatlı olun, yerinizə olsam, yaxın durmazdım.
Haynz getdi. Qız yavaşca məftil çəpərə yaxınlaşdı. Barmaqlarını içəri saldı, Lessinin başına toxundu:
– Gəl yanıma, dostum, sənə heç nə etməyəcəm, gəl! – qız mülayim səslə dedi.
İt sakitləşdi, yerə uzandı. Onun qonur gözləri bir anlığa qızın mavi gözləri ilə toqquşdu. Sonra o, qıza heç fikir vermədən sakitcə uzanıb Sem Kerraklaf və onun oğlunu sonuncu dəfə gördüyü səmtə baxdı.
VI FƏSİL
Torf bataqlığında gizli yer
Ertəsi gün Lessi öz həyətində, günəşin altında uzanmışdı. Burnunun ucu keçən axşan Sem Kerraklaf və oğlunun gözdən itdikləri səmtə yönəlmişdi. Qulaqları şəklənmiş və qabağa əyilmişdi. Bütün hissiyyat üzvləri – görmə, eşitmə və iybilmə – diqqət kəsilmişdi. Sahiblərinin qayıtmasından xəbər verə biləcək hər şeyi duymağa hazır idi.
Amma günortanın keçməsinə baxmayaraq sakitlik idi.
Axşam düşmək üzrə idi və Lessi canlandı. Daxildən nəsə onu hərəkətə gətirir, xəbərdar edirdi. Birdən Lessi başını qaldırdı və burnunu əsən küləyə tərəf tutdu. Amma bu ona bir cavab vermədi.
O ayağa qalxdı, tələsmədən öz damına yaxınlaşdı və orada, kölgədə uzandı. Sonra durub o biri tərəfə keçdi. Daxili bir həyəcan onu inadla hərəkətə gətirmək istəyirdi. Gəzişməyə başladı. Çəpərin bir küncündə dayanıb pəncəsi ilə məftildən yapışdı.
Birdən nə istədiyini anladı. Vaxtdır! Oğlanı qarşılamaq vaxtıdır!
Lessi bərk-bərk tordan yapışdı, amma tor davam gətirdi. Yaddaşı ona xəbər verirdi ki, əvvəllər o məhz bu yolla qaçırdı. Caynaqları ilə çəpəri tərpədəcək, sonra torpağı eşəcək, toru qaldıracaq və sivişib çıxacaq. Ancaq Haynz azadlığa aparan bu yolu bağlamışdı. O, çəpəri daha qalın məftillə möhkəmlətmişdi. Lessi nə qədər əlləşsə də, bir şey çıxmırdı. Haynz hər yeri möhkəmlətmişdi.
Lessi başını qaldırıb hürdü, sonra arxa pəncələri üstə durdu, qabaq pəncələrini məftil çəpərə qoyub o biri tərəfə baxdı. Çəpərin altından keçmək olarsa, deməli, üstündən də olar!
Beləliklə, itin ağlına yeni fikir gəldi. Lessi hoppandı, amma yerə yıxıldı. Belə hündürə tullanmağa onun gücü çatmazdı. Nə qədər hoppansa da, çəpərin yuxarısına çata bilmirdi.
Nəhayət, Lessi iki çəpərin birləşdiyi küncdə yuxarı tullandı. Göydə olarkən arxa ayaqları çəpərin hər iki divarında istinad tapdı. Güc verib qalxdı, qabaq pəncələri ilə çəpərin yuxarısından yapışdı. Bir az da güc verdi və çəpəri aşdı. O azadlıqdadır!
Sinə-sinə hasara yaxınlaşdı. Daş hasarın altında, hələ neçə gün əvvəl aşkar etdiyi oyuq var idi. Oradan sivişib keçdi.
Co Kerraklaf bir daha Lessini görəcəyinə ümid etmirdi. Özü itə bir daha evə qayıtmamasını əmr etdikdən sonra bunun belə olacağına inanmışdı.
Amma qəlbinin dərinliklərində arzusunun baş tutacağına inanmasa da, bir ümidi var idi. Həmin gün məktəbdən çıxıb Lessinin onu gözlədiyini görəndə buna inanmamışdı. O, itə baxa-baxa təəccübündən yerində quruyub qalmışdı. Lessi isə pis iş görmüş kimi başını aşağı salıb quyruğunu bulayır, sanki bağışlanmasını istəyirdi.
Co Kerraklaf əlini onun tüklərinin arasına saldı:
– Düz eləmisən, Lessi.
Oğlan itə baxmırdı, düşünürdü. İti iki dəfə evlərinə gətirdiyini xatırladı. Onun bütün yalvarışlarına rəğmən iti geri apardılar. Bu dəfə o, sevinə-sevinə evə tələsməyəcək…
Haynz yumruğu ilə evin qapısına vurub dəvət gözləmədən özünü içəri saldı:
– Deyin görüm, o hardadır?
Mister və missis Kerraklaflar əvvəlcə ona, sonra bir-birinə baxdılar. Qadının gözlərindən həyəcan oxunurdu, Haynza heç fikir də vermirdi.
– Conun indiyədək evə gəlib çıxmamasının səbəbi məlum oldu, – qadın dedi.
– Həə… – əri təsdiq etdi.
– Aydın oldu: ikisi – Lessi və o – bir yerdə yoxa çıxıb. İt yenə qaçıb və Co evə gəlməyə qorxur. Bilir ki, biz iti geri aparacağıq. Biz bunu edə bilməyək deyə itlə birlikdə qaçıb. Ay Allah, mənim evimdə görən əmin-amanlıq nə vaxt olacaq? Bir dəqiqə sakitlik yoxdur!
Əri yerindən ağır-ağır qalxdı. Qapıya tərəf yönəldi. Asılqandan papağını götürdü və arvadına sarı döndü:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту