Arı balası Maya. Вальдемар Бонзельс
Чтение книги онлайн.
Читать онлайн книгу Arı balası Maya - Вальдемар Бонзельс страница 3
– Rüsvayçılıqdır! Qoymurlar dinc oturaq!
Maya artıq bərk acmışdı, hətta qonaqlığa görə təşəkkür eləməyi belə unutdu. O, acgözlüklə yeyirdi, bu müddətdə böcək alnının tərini silib paltarının üst düyməsini açdı ki, rahat nəfəs alsın.
– Bu kim idi? – Maya yeyə-yeyə soruşdu.
– Əvvəlcə yaxşı-yaxşı çeynəyib udun! Sonra soruşarsınız! – çəhrayı evciyin sahibi hirslə dedi.
Maya deyilənə əməl etdi, böcək isə sözünə davam elədi:
– Lənətə gəlmiş qarışqalar! Elə bilirlər ki, mən işimi-gücümü buraxıb onlara baş qoşacağam! Qəribə işdir! Anbara düşdüm, gördüm ki, orada qarışqa var! Oğurluq eləməsələr, dayana bilməzlər!
Birdən yadına nəsə düşdü:
– Bağışlayın, özümü təqdim etməyi unutdum! Adım Pepidir!
– Mən də Mayayam! Tanış olmağıma şadam.
Böcək əyildi, bığları iki balaca yelpik kimi yırğalandı. Bu, arının çox xoşuna gəldi.
– Sizin nə qəşəng bığlarınız var!
– Elədir! – məmnun qalmış Pepi dedi. – Biz beləyik! İç tərəfinə baxmaq istəyirsiniz?
Böcək başını çevirdi, günəş işığı bığlarına başqa tərəfdən düşdü.
– Pis deyil, hə?
– Mən bilmirdim ki, bığlar belə qəşəng ola bilər; məsələn, mənim bığlarım güclə gözə çarpır…
– Neynək, – Pepi filosofcasına dedi, – hər kəsin öz görkəmi var! Sizin isə cazibədar gözləriniz var. Özünüz də başdan-başa qızılı rəngdəsiniz.
Maya utandığından qızardı. Ömründə ilk dəfə idi ki, onu tərifləyirdilər. Sevinclə baldan bir az da yedi.
– Çox dadlı baldır!
– Buyurun, qonaq olun. Bu, çəhrayı baldır. Bu ilin ilk balıdır. Amma ehtiyatlı olun, mədəniz xarab ola bilər! Məndə şeh də var. Bəlkə, içmək istəyirsiniz?
– Təşəkkür edirəm, mənim getmək vaxtımdır!
– Elə hey uçursunuz! – böcək gülümsündü. – Düzdür, buna sağlam həyat tərzi demək olmaz. Bir yerdə məskən salmaq yaxşı olmazdımı?
– Mən uçmağı çox sevirəm!
Böcək nəzakətlə çəhrayı pərdəni araladı:
– Gəlin sizi bir az ötürüm. Burada bir yarpaq var, oradan uzaqlar görünür. Hara istəsəniz, uça bilərsiniz.
– Təşəkkür edirəm! Mən elə istədiyim yerə uçuram!
– Sizin işiniz yaxşıdır, mənimsə alt qanadlarım çətinliklə açılır!
O, qonağı ilə əl tutuşub sonuncu pərdəni çəkdi.
– Ah, səma! – Maya ucadan dedi. – Xudahafiz!
– Xudahafiz! – Pepi yarpağa çıxdı və qonağının arxasınca baxdı.
O, düz göyə yönəldi və tezliklə səhərin təmiz havasında günəşin qızılı şüalarına qarışıb yox oldu. Pepi astadan köksünü ötürüb fikirli-fikirli öz çəhrayı evciyinə girdi. Bu qəribə arıcığaz, deyəsən, özü ilə hərarət gətirmişdi. Pepi gülümsəyib səhər nəğməsini oxumağa başladı. Səsi çəhrayı ləçəklərdən çıxıb oyanan günün gözəlliklərinə qarışdı.
İsinir göy çəmənlər,
Günəş boylanır yenə.
Doğmadır yazda-yayda
Qəşəng evciyim mənə.
Özüm bilmirəm kiməm,
Mən necə yaranmışam.
Al-qırmızı günəşi
Bir möcüzə sanmışam.
Bu ecazkar aləmdə
Min cür rəng göz oxşayır.
Bənövşə çiçək açır,
Qızılgül ətir yayır!
MEŞƏ GÖLÜ VƏ SAKİNLƏRİ
– Oy! – birdən Maya nəyisə xatırladı. – Pepidən adamlar haqqında soruşmaq tamam yadımdan çıxdı! Yəqin, o mənə maraqlı şeylər danışa bilərdi, axı çox bilir. Ola bilsin ki, mən özüm də tezliklə insanlara rast gəldim.
O, qarşısında gözəl bir xalı kimi uzanıb gedən geniş, ala-bəzək torpağı sevinclə gözdən keçirtdi.
Maya böyük bir bağın üzəri ilə uçurdu. Bağ əlvan rənglərə qərq olmuşdu. Qarşısına çoxlu həşərat çıxırdı. Hamısı onu salamlayır, uğurlu yol arzu edirdi. Gözünə arılar da dəyirdi, bu zaman ürəyi həyəcanla döyünür, özünü günahkar hiss edirdi, çünki onlar işləyir, o isə gəzib-dolaşırdı! Bir yandan da qorxurdu ki, arıların hansısa onu tanıyar. Amma tezliklə başa düşdü ki, arılar ona əhəmiyyət vermirlər.
Birdən Maya gördü ki, aşağıda da başı üzərində olduğu kimi mavi, dərin səma parıldayır! Əvvəlcə qorxdu, elə bildi ki, göyün lap yuxarılarına qalxıb. Ancaq sonra ağacların əksini görüb başa düşdü ki, qarşısındakı səhər işığına qərq olmuş sakit meşə gölüdür. Maya heyranlıqla suyun səthinə yaxın uçdu və özünü gördü! Budur o! Qanadları şüşətək parıldayır, ayaqlarını Kassandranın öyrətdiyi kimi bədəninə sıxıb. Özü də başdan-başa par-par yanır!
– Suyun üzəri ilə uçmaq nə gözəldir!
Şəffaf suda irili-xırdalı çoxlu balıq vardı, bəziləri üzür, bəziləri sakit-sakit yırğalanırdı. Maya onlara yaxınlaşmağa qorxdu, bilirdi ki, bu, təhlükəlidir.
Qamış da, ağ suzanbağılar da, suyun üzərində boşqab kimi üzən böyük, yaşıl yarpaqlar da xoşuna gəldi. Bu yarpaqlardan birinə qondu. Onun üzərində qamış gövdələri yırğalanırdı. Yarpağa kölgə düşmüşdü, yalnız bir neçə yerdə sarı ləkə parıldayırdı.
– Oxqay! Nə sərindir! – Maya ləzzət aldı.
O özünü səliqəyə salmağa başladı. Əlləri ilə başını tutub dartdı, elə bil qopartmaq istəyirdi! Amma, əslində, başını qopartmaq fikrində deyildi, sadəcə onun tozunu təmizləyirdi! Sonra ayaqları ilə qanadlarını sildi, qanadları yenə də par-par parıldadı.
Birdən