Arı balası Maya. Вальдемар Бонзельс
Чтение книги онлайн.
Читать онлайн книгу Arı balası Maya - Вальдемар Бонзельс страница 5
– Bu barədə danışmaq mənim üçün ağırdır! – iynəcənin üzündə əzab duyuldu. – Amma qulaq asın: mənim bir qardaşım vardı. Ona böyük ümidlər bəsləyirdim. Ancaq, təəssüf ki, bir az yüngülxasiyyət və hər şeylə maraqlanan idi. Bir dəfə o, bir oğlanın qurduğu tələyə düşdü. Bu, ağaca bərkidilmiş tor idi. Oğlanlar ona əl toru deyirlər. Deyin görüm, belə dəhşətli silah düzəltmək bizim hansımızın ağlına gələr?
– Mənim heç zaman ağlıma gəlməz!
– Oğlan mənim qardaşımın əl-əyağını nazik qara sapla bağladı, odur ki zavallı qardaşım qaçıb canını qurtara bilməzdi. Hər dəfə ona elə gələndə ki uça biləcək, sap dartılır, qardaşım təzədən insanın əlinə keçirdi!
– İnanılmazdır! – Maya kədərlə pıçıldadı.
– Mən qardaşımın dəhşətli ölümünü heç vaxt unutmayacağam! – Şnuk ağır-ağır köksünü ötürdü. Hər gün onu fikirləşir, gecələr yuxumda görürəm. Yazıq qardaşımın canı çıxana kimi insan onu özü ilə gəzdirdi!
– Bəs o nədən öldü? – arı canıyananlıqla soruşdu.
Şnuk dərhal cavab verməyib acı-acı ağladı.
– Oğlan onu cibinə qoydu! Buna kim dözə bilərdi?!
– Cib? Bu nə deməkdir? – Maya məyus olmuşdu. Elə təzə və dəhşətli şeylər öyrənmişdi ki, həyəcandan az qalırdı nəfəsi kəsilə.
Şnuk izah elədi:
– Cib insanın xarici qabığına bərkidilmiş anbar kimi şeydir. Bircə biləydiniz bu cibdə nələr yerləşir! Qardaşım ömrünün son dəqiqələrini bu dəhşətli yerdə keçirib! Yox, siz cibin nə olduğunu başa düşməzsiniz…
– Başa düşmərəm! – Maya razılaşdı. – Bir cibdə nə olur? Bəlkə, bal olur, hə?
– Yox, – Şnuk kədərlə dedi. – Cibdə bal nadir hallarda olur. Həmin vaxt oğlanın cibində görün nələr varmış: qurbağa, cib bıçağı, bir də kök!
– Dəhşət! – Maya pıçıldadı. – Bəs cib bıçağı nədir?
– Bu, süni iynə növlərindən biridir. Təbiət insana əsl iynə verməyib, buna görə də o, süni iynə düzəldir! Qurbağa ölüm ayağında idi: bir gözü çıxardılmış, pəncəsinin biri sındırılmış, çənəsi qırılmışdı. Amma qardaşım oraya atılan kimi oyanıb quruldamışdı:
– Qoyun bir özümə gəlim, bu iynəcəni ləzzətlə yeyərəm!
O, bircə gözünü bədbəxtə zilləyib baxır. Bu qorxunc baxışlar yarımqaranlıqda qardaşımı lap qorxudur. O özündən gedir, huşu qayıdanda isə cibin silkələndiyini hiss edir, görür ki, qanadının biri qurbağanın soyuq bədəninə yapışıb. Heç sözlə təsvir ediləsi deyil!
– Bəs… siz bunları necə öyrəndiniz?
– Elə ki oğlan acıb kökü cibindən çıxarır, qardaşımı da qurbağa ilə birlikdə yerə atır. Mən yaxınlıqdaydım, qardaşımın köməyə çağırdığını eşidəndə o səmtə uçub onları otluqda tapdım. Vaxtında gəlmişdim. Qardaşım mənə hər şeyi söylədi, son dəfə qucaqlaşıb-öpüşdük. O, ölümü şikayətsiz-filansız, əsl qəhrəman kimi mərdliklə qarşıladı. Mən onun gözlərini bağladım, palıd yarpaqları ilə üstünü örtdüm və qəbri peyğəmbərçiçəyi ilə bəzədim. «Rahat yat» – dedim və sakit yay axşamına doğru uçdum. Məni iki qürub günəşi müşayiət edirdi, biri səmada, biri də suda. Bəlkə də, o axşam yer üzünün ən kədərli və vüqarlı məxluqu mən idim! Siz heç belə hisslər yaşamısınız? Ümidvaram ki, mənə söyləyəcəksiniz…
– Yox! – Maya cavab verdi. – Mənim həyatımda indiyədək kədərli heç nə olmayıb!
– Onda taleyə minnətdar olun! – Şnuk məyus-məyus dedi.
Arıcığaz soruşdu ki, bəs qurbağanın axırı necə oldu.
– Qurbağa? Məncə, o da ölmüşdü. Ona belə də lazım idi! Mən onun qaçmağa çalışdığını gördüm, amma bir pəncəsi və bir gözü olmadığı üçün yerində fır-fır fırlanırdı. Bu çox gülməli idi. «Ümid edirəm ki, tezliklə leyləyə yem olacaqsan!» – dedim, bu arzu ilə də uçub getdim.
– Yazıq qurbağa, – balaca Maya kədərləndi.
– Xahiş edirəm, elə deməyin! – iynəcə hiddətlə səsini qaldırdı. – Siz lap ağ elədiniz. Həşərat nədir, qurbağaya yazığı gəlmək nədir! Həyat barədə çox az məlumatınız var!
– Əlbəttə! Amma başqalarının əzab çəkmələri də ağırdır…
– Cavan olduğunuz üçün belə düşünürsünüz, – iynəcə Mayanı sakitləşdirdi.
– Yəqin, yaşa dolduqca dəyişəcəyəm. Bura get-gedə sərinləşir. Mən günəşə doğru uçuram. Xudahafiz!
Maya ona tanış olan səsləri eşitdi və iynəcənin qanadları daş-qaş kimi minlərcə rəngə çaldı. O gözdən itdi və çox keçmədi ki, Maya onun mahnısını eşitdi. Bu uzun mahnı arıcığazın ürəyini həm kədər, həm də sevinclə doldurdu.
Buludlar arxasından
Günəş boylanan zaman
Sular da par-par yanır.
Çayda qamışlar üstə
Zanbaqlar dəstə-dəstə
Astaca yırğalanır.
Uçub çəkməyəsən qəm,
Nə gözəldir bu aləm,
Bu böyük, geniş səma.
Xoş gün görən qəm yemir
Qısa olsa da ömür,
Parlaq, şən keçir amma!
Mayanın yanından iki kəpənək uçub keçdi.
– Sən bir iynəcənin mahnısına qulaq as! – ağ kəpənək rəfiqəsinə dedi. Balaca Maya da qanadlarını açdı və astadan vızıldayıb meşə gölünün gümüşü səthi ilə vidalaşaraq uçub getdi.
İFİ VƏ KURT
Maya səhəri gün oyanıb özünü mavi bir zəngçiçəyinin kasacığında gördü. Birdən hiss elədi ki, havada xəfif meh var, çiçək azacıq yırğalandı, nəsə yüngülcə ona toxundu. Açıq kasacığa nəm ot və torpaq iyi doldu. Hava çox soyuq idi.
Maya sarı erkəkciklərdən bir az tozcuq yığıb üst-başını təmizlədi və ehtiyatla bayıra baxdı.