Arı balası Maya. Вальдемар Бонзельс
Чтение книги онлайн.
Читать онлайн книгу Arı balası Maya - Вальдемар Бонзельс страница 4
– Arıların vəzifəsi, ümumiyyətlə, işləməkdir. Ancaq sizin istirahətə ehtiyacınız varsa, mən gözləyə bilərəm!
– Ətraf yarpaqla doludur axı!
– Hamısı tutulub! İndi belə yaşayış yeri hamıya qismət olmur! Əgər iki gün bundan əvvəl qurbağa burada məndən qabaq yaşayan böcəyi yeməsəydi, mən indiyədək özümə sığınacaq tapmayacaqdım. Allah bilir, haralarda gecələyəcəkdim! İcazə verin, özümü təqdim edim: mənim adım Hans Kristofdur!
Maya susdu, qurbağanın pəncəsinə keçməyin necə xoşagəlməz olduğunu dəhşət içində fikirləşdi.
– Gölünüzdə qurbağa çoxdur? – ehtiyatla soruşdu və yarpağın düz ortasına qaçdı ki, sudan baxanda görünməsin.
Böcək qəhqəhə çəkdi.
– Boş yerə zəhmət çəkməyin! – səsində istehza duyuldu. – Suzanbağı yarpağı şəffafdır, parlaq günəş işığında qurbağa sizi aşağıdan asanlıqla görə bilər.
Maya domba gözlərini acgözlüklə ona zilləmiş böyük qurbağa təsəvvür etdi. Bu çox qorxulu idi və arıcığaz qərara aldı ki, tez uçub getsin. Amma bu zaman görün nə oldu… O, əvvəlcə başı üzərində incə bir səs eşitdi. Bu, küləyin quru yarpaqları xışıldatmasına bənzəyirdi. Səs getdikcə sürəkli vızıltıya çevrildi. Yarpağın üstünə şəffaf kölgə düşdü. Balaca arının ürəyi qorxudan az qaldı ki, partlasın! O, böyük, çəhrayı bir iynəcənin zavallı Hansı tutduğunu və bıçaq kimi iti çənəsi ilə onu parçaladığını gördü! Böcək ümidsiz halda çığırdı. İynəcə öz qənimətini əldən buraxmadan qamışın gövdəsinə qonub onu aşağı əydi. Maya suyun səthində ovçunun və ovun əksini gördü! Hansın çığırtıları ürəyini ağrıtdı. Çox düşünmədən qərara aldı ki, məsələyə özü qarışsın.
– Ey! Bu saat böcəyi buraxın! Sizin başqasının həyatına qəsd eləməyə haqqınız yoxdur!
İynəcə çənəsini açdı və güclü əli ilə böcəkdən bərk-bərk yapışaraq Mayaya tərəf çevrildi. Onun iri, ciddi gözləri Mayanı bir az qorxutdu, amma qanadlarının parıltısı balaca arını heyran etdi. Bu böyük qanadlar daş-qaş kimi parıldayırdı. Maya özü də başa düşmədi ki, belə bir məxluqun üstünə qışqırmağa necə cəsarət edib və yavaşca titrədi.
Amma iynəcə mülayimliklə soruşdu:
– Sənə nə olub, mənim balam?
– Onu buraxın! – arıcığazın gözləri yaşla doldu. – Onun adı Hans Kristofdur!
– Mən onu niyə buraxmalıyam ki? – iynəcə lovğa-lovğa gülümsündü.
– O!.. – Maya köməksiz halda pəncələrini yellədi. – O çox sevimlidir! Həm də sizə pisliyi dəyməyib, eləmi?
İynəcə fikirli-fikirli zavallı böcəyə baxdı.
– Hə, qəşəng gəncdir! – nəvazişlə dedi və yazığın başını qopartdı.
Mayaya elə gəldi ki, ağlını itirir, baş verənlər ona möhkəm təsir eləmişdi. Vahimə içində dinməz-söyləməz iynəcənin Hansın bədənini xırçaxırçla yeməsinə baxdı.
– Xahiş edirəm, yalandan canıyananlıq etməyin! – iynəcə ovunu çeynəyib udandan sonra dedi. – Məgər siz arılar nümunəvi davranırsınız? Siz hələ çox cavansınız, xalqınızın adət-ənənələrinə yaxşı bələd deyilsiniz. Yay qurtaranda erkək arıları öldürməyiniz heç kəsi heyifsiləndirmir, düzdür?
– Yeyib qurtardınız? – Maya soruşdu. O qərara gəlmişdi ki, Hans Kristofu yeyən iynəcənin üzünə baxmasın.
– Hələ bir ayaq qalıb!
– Xahiş edirəm, onu da yeyin, sonra sizə cavab verərəm! – Maya erkək arıların yayın sonunda niyə öldürüldüyünü yaxşı bilirdi, belə axmaq sual verdiyi üçün iynəcəyə acığı tutmuşdu. – Özünüz də mənə yaxınlaşmağa cürət etməyin! Yoxsa sancaram sizi!
Maya yaman hirslənmişdi. Həyatında ilk dəfə idi ki, başqa məxluqu hədələyir və silahı olduğuna sevinirdi.
İynəcə də ona hirslə baxırdı. O, naharını yemişdi, indi azacıq əyilmiş halda oturub balaca arını hər an öz qurbanının üstünə atılmağa hazır olan quldur kimi süzürdü. Ancaq Maya daha qorxmurdu. Özü də anlamırdı ki, bu cəsarət onda haradandır. Ucadan vızıldadı. Bir dəfə pətəyə eşşəkarısı yaxınlaşan vaxt keşikçi arının bu cür vızıldadığını eşitmişdi.
– İynəcələr arı xalqı ilə həmişə sülh şəraitində yaşayıblar! – iynəcə yavaş-yavaş və hədələyici tərzdə danışmağa başladı.
– Düz də eləyiblər! – Maya tez cavab verdi.
– Sizə elə gəlir ki, mən sizdən qorxuram? Mən – sizdən!
Qamış gövdəsi bərk silkələndi və iynəcə qanadlarını bir neçə dəfə sürətlə çalıb suyun üzəri ilə alçaqdan uçmağa başladı. Elə bil iki iynəcə uçurdu: biri suyun üstü ilə, o biri altı ilə. Hər ikisinin şüşə qanadları bir gümüşü işıqda birləşirdi. Bu elə gözəl oldu ki, Maya hətta Hansın yeyildiyini də unudub heyrətlə qışqırdı:
– Gözəldir! Gözəldir!
– Məni deyirsiniz? – İynəcə bir az təəccübləndi, amma o dəqiqə də əlavə etdi: – Bəli, məndə təəccüblənməli çox şey var! Siz hələ axşamlar çay kənarında dincələn insanların mənim haqqımda nələr dediklərini eşidəydiniz!
– İnsanlar! Siz insanları görmüsünüz?
– Əlbəttə, bəs necə! Siz hələ mənim kim olduğumu bilmirsiniz! Mənim adım Şnukdur, mən sərtqanadlılar fəsiləsindənəm, iynəcəyəm!
– Ah, mənə insanlardan danışın! – Maya da özünü təqdim edib xahiş elədi.
Daha bir-birinə acıqları tutmurdu. İynəcə arının yaxınlığına qondu. Maya etiraz etmədi, bilirdi ki, Şnuk ona hücum etməyəcək.
– İnsanların iynəsi var? – arı soruşdu.
– O qədər qorxulu silahları ola-ola iynə onların nəyinə lazımdır! İnsanlardan hamı qorxur! Xüsusən də oğlan uşağı adlanan balacalardan. Bu oğlanlar iki ayaqları üstə çox sürətlə qaçırlar!
– Onlar sizin ardınızca düşürlər? – Maya həyəcanlandı.
– Bəs necə! – Şnuk öz gözəl qanadlarına baxdı. – Çox az oğlan uşağı tapılar ki, iynəcə tutmaq istəməsin!