Arı balası Maya. Вальдемар Бонзельс
Чтение книги онлайн.
Читать онлайн книгу Arı balası Maya - Вальдемар Бонзельс страница 6
Buna baxmayaraq balaca arının yadına yenə ev düşdü. Yəqin ki, indi arılar pətəkləri düzəldir, ya da balaca sürfələri yemləyirlər. Bayırda yağış yağanda pətəyin içi isti və rahat olur! Yalnız müşahidə aparanlar hərdənbir küləyin istiqamətini müəyyən etmək, yağışın kəsib-kəsmədiyini öyrənmək üçün bayıra baxırlar. Kraliça öz krallığını gəzir, mərtəbədən mərtəbəyə keçib hər şeyi yoxlayır. Kimini tərifləyir, kimini danlayır, ora-bura yumurta aparır, hamı da onun gəlişindən özünü xoşbəxt hiss edir. Onun xeyirxah baxışı, yaxud xoş bir sözü arıları nə qədər sevindirir! Bəzən öz işçi həyatına yenicə başlamış gənc bir arının başını mehribanlıqla tumarlayır, onun nə kimi çətinliklərlə üzləşdiyini soruşur.
Amma bunun nəyi xoşbəxtik oldu axı – doğma arıların əhatəsində yaşayasan, biləsən ki, onlar sənə hörmət bəsləyir və səni qorumağa hazırdırlar! Maya burada təhlükələri tək-tənha qarşılamağa həmişə hazırdır. Bəs yağış kəsməsə, nə yeyəcək? Zəngçiçəyinin şirəsi yoxdur, tozcuğu isə tez tökülür… Səyahəti ərzində ilk dəfə başa düşdü ki, günəş ona necə lazımdır! Əgər günəş olmasaydı, heç kəs qayğısız olmazdı, hamı ciddi olardı! Amma Maya günəşi xatırlayan kimi ürəyi sevinc və qürurla doldu: axı o, tək yaşamaqdan qorxmurdu! Gör nələr görmüş, nələr yaşamışdı! Amma başqa arılar uzun ömür sürsələr də, bunların hamısından xəbərsizdirlər. Yox, həyat təcrübəsi elə bil nemətdir ki, ondan ötrü təhlükələrlə qarşılaşmağa dəyər!
Aşağıda, ot saplaqlarının arası ilə qarışqalar gedirdi. Harasa tələsirdilər. Oxuduqları mahnının ahənginə uyğun addımlayırdılar. Amma bu mahnı nədənsə balaca arını qəmləndirdi:
Ömür qısa, gün qısa,
Tez ötüb-keçir yaman.
Biclərsə axmaqları
Aldadırlar hər zaman.
Qarışqalar yaxşı silahlanmışdılar, təhlükəli və cəsarətli görünürdülər. Tezliklə uzaqda gözdən itdilər. Amma kimisə oyada bildilər. Kobudtəhər, cingiltili səs eşidildi və böyük bir çiçəyin ləçəkləri aralandı. Oradan iri, gonbul bir böcək çıxdı. O, başdan-ayağa parıldayan zirehlə örtülmüşdü, bu zireh gah göy, gah yaşıl, gah da qara rəngə çalırdı! Böcək Mayadan azı iki-üç dəfə böyük idi. Maya fikirləşdi ki, bu zirehi deşmək mümkün deyil, üstəlik də böcək sərt və qorxunc səs çıxarır. Qarışqalar onu oyadıb kefini pozublar. Böcəyin saçları dağınıq idi, acıqla yuxulu-yuxulu gözlərini silirdi.
– Mən gəlirə-əm! – deyə vızıldadı. – Yol veri-in!
«Nə yaxşı ki mən zəngçiçəyinin içində oturmuşam!» – Maya sevindi. Burada özünü təhlükəsiz yerdə hiss etməsinə baxmayaraq yenə də bir az qorxdu…
Böcək sıx bitmiş nəm otların arası ilə ayaqlarını sürüyə-sürüyə gedirdi. Sözün düzü, elə bir gözəlliyi də yox idi. Gəlib düz Mayanın gizləndiyi zəngçiçəyinin altında dayandı. Solmuş yarpağı kənara çəkib bir addım geri atdı. Arıcığaz yuvaya gedən yolu gördü.
«Bu dünyada nələr olmur! – hər şeylə maraqlanan Maya fikirləşdi. – Budur, mən çox az ömür sürmüşəm, ancaq nələr görməmişəm!» O gizləndiyi yerdən sakitcə böcəyə göz qoydu. Böcək yuvaya tərəf əyildi, pəncələrini ağzına tutub qışqırdı:
– Mənimlə ova getmək istəyirsinizsə, tez qalxın! Artıq səhər açılıb!
O özünə o qədər əmin idi ki, nəzakətlə danışmağı da unutmuşdu.
Bir an keçmiş Maya incə, titrək səs eşitdi:
– Xahiş edirəm, qapını bağlayın, bayırda yağış yağır!
Böcək deyilənə əməl etdi, amma bir dəqiqədən sonra yenə səbirsizliklə qışqırdı:
– Tələsin də!
Mayanı maraq götürdü: görəsən, yuvadan kim çıxacaq? Arıcığaz çiçəyin lap kənarına gəldi, birdən üstünə böyük bir yağış damcısı düşdü. Qorxub tələsik üst-başını çırpdı. Bu zaman yuvadan qəhvəyi rəngli qəribə bir məxluq çıxdı. Onun yöndəmsiz bədəni, kiçik buynuzlu başı vardı. Pəncələri isə elə nazik idi ki, məxluq yavaş-yavaş hərəkət etməli olurdu. Özü də qayğılı görünürdü. Bu, çöl sisəyi* idi.
– Sabahın xeyir, əziz İfi! – böcək, axır ki, nəzakətlə danışdı, hətta elə bil azacıq arıqladı da. – Gecəni necə keçirdiniz? – Bir az susub əlavə etdi: – Əzizim!
İfi onunla laqeyd salamlaşdı.
– Bütün bunlar nəyə lazımdır, Kurt? Mən sizinlə görüşə bilmərəm. Bizim barəmizdə söz-söhbət gəzir!
Yazıq böcək məyus oldu.
– Mən başa düşə bilmirəm ki, bizim təzə-təzə möhkəmlənən dostluğumuz niyə başqa həşəratların dedi-qoduları ucbatından pozulmalıdır! Sizin onlarla nə işiniz var, İfi? Siz həmişə öz damınızın altında oturursunuz!
Ancaq İfi kədərlə və fikirli-fikirli gülümsədi:
– Siz heç nə anlamırsınız, Kurt! Bundan başqa, mənim qəti əmin olduğum məsələlər var. Təəssüflə onu da əlavə etməliyəm ki, siz mənim təcrübəsizliyimdən istifadə edib özünüzü mənə çəhrayı böcək kimi təqdim etmisiniz. Amma dünən ilbiz mənə məlumat verdi ki, siz peyinqurdusunuz! Ümidvaram ki, fərqi hiss edirsiniz? İlbiz sizi elə bir iş başında tutub ki, mən bu barədə heç danışmaq istəmirəm. Elə buna görə də münasibətimizi kəsmək fikrindəyəm!
Kurt pərtlikdən coşub-daşdı:
– Yox, mən heç nə anlamıram! İstəyirəm ki, mənə peşəmə görə sevgi bəsləməsinlər! Sizin üçün fərqi yoxdurmu ki…
– Əgər söhbət peyindən getməsəydi, – İfi təmkinlə sözə başladı, – mən çox şeylərə göz yumardım. Amma siz başa düşməlisiniz ki, ərini üç gün bundan əvvəl köstəbək yemiş cavan dul sisək özünü bacardığı qədər ciddi aparmalıdır. Odur ki, əlvida!
İfi bunu deyib cəld yuvasına girdi. Böcək elə axmaq vəziyyətdə qalmışdı ki, Maya istər-istəməz gülümsündü.
Nəhayət, o özünə gəlib bığları aşağı sallanmış başını qəzəblə buladı:
– Ürəksiz! Əfsus ki, beləsinin nə ağlı olur, nə də ürəyi!
Maya onun gözlərində yaş gördü, böcəyə yazığı gəldi. Birdən Kurt tərpənib irəli gəldi və göz yaşlarını
*
Sisək – cırcıramayabənzər həşərat növü