Şərq ekpresində qətl. Агата Кристи
Чтение книги онлайн.
Читать онлайн книгу Şərq ekpresində qətl - Агата Кристи страница 2
– Siz birbaşa İngiltərəyə gedirsiniz, yoxsa İstanbulda bir neçə gün qalacaqsınız? – polkovnik soruşdu.
– Xeyr, İstanbulda ləngimək istəmirəm, – qız dedi.
– Buna görə peşman olmazsınız ki?
– İki il əvvəl elə bu qatarla səyahət edəndə İstanbulda düşüb üç gün qalmışdım.
– Aydındır. Buna ancaq sevinə bilərəm. Çünki mənim də İstanbulda vaxt itirmək fikrim yoxdur. Deməli, axıra kimi yol yoldaşı olacağıq.
Bu sözləri deyəndən sonra polkovnikin üzü azacıq qızardı.
«Hə, deməli, bizim polkovnik qadınlara qarşı laqeyd deyil» – Puaro öz-özünə fikirləşdi. Cənab Arbetnotun bu xüsusiyyətini kəşf etməsi kefini açmışdı.
Çox keçmədən qatar Tavr dağlarına yaxınlaşdı. Hər üç sərnişin pəncərədən görünən gözəl mənzərəyə tamaşa edirdi. Puaro qızın həyəcanla söylədiyi sözləri eşitdi.
– Ah, necə də gözəldir! Təəssüf ki, mən… bu mənzərədən zövq ala bilmirəm.
Arbetnot əvvəl heç nə demədi, sonra birdən dilləndi:
– İnanın ki, sizi bütün bunlardan azad eləmək üçün çox şeydən keçərdim!
– Yavaş danışın, yalvarıram…
– Yaxşı, yaxşı, – polkovnik Puaroya qəzəblə nəzər saldı.
«Burada maraqlı hadisələr baş verir» – Puaro öz-özünə mızıldandı.
Gecə 12-nin yarısında qatar Konyaya çatdı. İngilislər hava almaq üçün qatardan düşdülər və perronda gəzişməyə başladılar. Puaro əvvəl stansiyada baş verənləri kupenin pəncərəsindən izləməklə kifayətləndi, amma bir az sonra o da hava almaq qərarına gəldi. Çamadanında qalın nəyi vardısa, əyninə keçirdi, şərfini boynuna doladı, şlyapasını başına qoydu, çəkmələrinin üstündən də qaloş geyindi. Sonra pilləkənləri ehtiyatla düşüb qatar boyunca gəzişməyə başladı. Yük vaqonunun yaxınlığında gözünə iki tanış siluet[4] dəydi. Miss Debenhemlə polkovnik nə barədəsə möhkəm mübahisə edirdilər. Puaro Meri Debenhemin həyəcanla «İndi olmaz, hər şey qurtarsın, sonra!» dediyini eşitdi.
– Qəribədir! – xəfiyyə öz-özünə mızıldanıb oradan uzaqlaşdı. O, sonralar bu hadisəni tez-tez yada salacaqdı…
Ertəsi gün Puaroya elə gəldi ki, ingilislər küsüşüblər, çünki bir-biri ilə kəlmə kəsmirdilər. Miss Debenhem həyəcanlı görünürdü, gözlərinin altı kölgələnmişdi, deyəsən, bu gecə də yatmamışdı.
Saat 14:30-da qatar qəfildən dayandı. Sərnişinlər pəncərədən boylandılar. Bir dəstə adam qatarın yanında durub hündürdən danışır, əlləri ilə vaqon-restoranın altındakı relsləri göstərirdi. Puaro başını pəncərədən çıxarıb nə baş verdiyini soruşdu. Geri çevriləndə az qala Meri Debenhemlə toqquşacaqdı.
– Orada nə olub? – qız təşvişlə fransızca soruşdu. – Niyə dayanmışıq?
– Boş şeydir, madamuazel. Vaqon-restoranın altında nəsə yanıb. Narahat olmayın, yanğını artıq söndürüblər.
– Amma vaxt gedir! Biz gecikəcəyik!
– Hə, yəqin ki…
– Mən yubana bilmərəm! Qatar İstanbula 18:55-də çatmalıdır. Dərhal Bosfor boğazını keçib saat 21:00-da yola düşən «Şərq ekspresi» nə yetişməliyəm. Əgər burada 1-2 saat vaxt itirsək, bu, mümkün olmayacaq!
– Tamamilə doğrudur, – Puaro dedi. Sonra diqqətlə qızı süzməyə başladı. Meri Debenhemin vaqonun qapısına söykədiyi əli həyəcandan titrəyirdi.
– Bu sizin üçün belə vacibdir?
– Bəli, çox vacibdir! Mən mütləq o qatara çatmalıyam!
Amma qız əbəs yerə təşvişə düşmüşdü. On dəqiqə keçməmiş qatar yerindən tərpəndi və sürətlə irəliləyərək tezliklə İstanbulun Heydərpaşa vağzalına çatdı. Qatar beşcə dəqiqə gecikmişdi.
Puaro gəmi ilə Bosfor boğazını keçərkən ingilisləri gözdən qaçırdı. Sonra o, Qalata körpüsünü adlayıb «Tokatliyan» mehmanxanasına gəlib çatdı.
«Tokatliyan» mehmanxanası
Mehmanxanada Puaro özünə vanna otağı olan nömrə sifariş verdi. Sonra da ona məktub gəlib-gəlmədiyini soruşdu. Onu üç məktub və bir teleqram gözləyirdi. Teleqramı görüb təəccüblə qaşlarını qaldırdı. Sonra tələsmədən səliqə ilə kağızı açıb oxumağa başladı:
«Təxmin etdiyiniz kimi, Kassner məsələsində çətinliklər yarandı, dərhal gəlməyinizi xahiş edirik».
– Bu heç yaxşı olmadı, – Puaro öz-özünə mızıldandı.
Sonra başını qaldırıb saata baxdı.
– Mən burada qala bilməyəcəyəm, – o, mehmanxana işçisinə dedi. – «Şərq ekspresi» nə vaxt yola düşür?
– 9 tamamda, müsyö.
– Mənə bilet ala bilərsiniz?
– Əlbəttə. Bu mövsümdə bilet tapmaq çətin deyil. Qatar, demək olar ki, boş gedir. Birinci dərəcəli vaqona bilet istəyirsiniz, yoxsa ikinci?
– Birinci.
– Əla! Bəs müsyö hara gedir?
– Londona.
– Oldu, müsyö. Mən sizə Londona bilet alaram.
Puaro yenə saata baxdı. 8-ə 5 dəqiqə qalmışdı.
– Sizcə, şam eləməyə vaxtım çatar?
– Əlbəttə, müsyö.
Puaro mehmanxananın restoranında yemək sifariş elədiyi vaxt kimsə əlini onun çiyninə qoydu.
– Əziz dostum! İnanmazdım ki, sənə burada rast gələ bilərəm!
Çevrilib
4