Şərq ekpresində qətl. Агата Кристи
Чтение книги онлайн.
Читать онлайн книгу Şərq ekpresində qətl - Агата Кристи страница 5
– Narahat olmayın, belə daha yaxşıdır, – cənab Buk qətiyyətlə dedi. – Bu vaqon bomboşdur, bir mənəm, bir də yunan həkim, vəssalam! Havanı görürsünüz, müsyö Puaro, lap çovğundur. Burada qış heç bu qədər soyuq keçməmişdi. Ümid eləyək ki, qar yolu bağlamayacaq.
Puaro vaqon-restoranın yanındakı yeni kupesinə keçdi. Qatar 21:15-də yola düşdü.
Səyahətin ikinci günü sərnişinlər artıq bir-birini tanımağa başlamışdılar. Hektor Makkuinlə polkovnik Arbetnot dəhlizdə söhbət eləyirdilər. Makkuin xəfiyyəyə təəccüblə baxdı:
– Müsyö Puaro! Elə bildim, siz artıq qatardan düşmüsünüz. Axı demişdiniz ki, Belqrada kimi gedəcəksiniz.
– Yox, dostum, görünür, siz məni səhv başa düşmüsünüz, – Puaro dedi. – Başqa vaqona keçdim.
O bunu deyib irəlilədi. Qarşıda kök amerikalı qadınla (Puaro onu «missis Habbard» deyə çağırdıqlarını eşitmişdi) sifəti qoyunu andıran isveçli xanım dayanıb söhbət edirdilər. İsveçli qadın başının ağrıdığını deyib kupeyə girdi. Missis Habbard bu dəfə üzünü Puaroya tutdu:
– Zavallı qadın! Heyif ki, ingiliscə pis danışır, amma qızım haqqında danışdıqlarıma diqqətlə qulaq asır.
Missis Habbard qatara mindiyi andan bəri qızından o qədər çox danışmışdı ki, Puaro da daxil olmaqla bütün sərnişinlər artıq onun haqqında hər şeyi bilirdilər.
Elə bu vaxt yaxınlıqdakı kupenin qapısı açılıb-örtüldü, kök ingilis lakey[8] kupedən çıxdı. Qapı açılanda Puaro cənab Retçetti yatağına uzanmış vəziyyətdə gördü. Onunla bir anlıq nəzərləri toqquşdu, Retçett qaşqabağını töküb üzünü çevirdi.
Missis Habbard Puaronu bir kənara çəkib pıçıldadı:
– Bilirsiniz, mən bu adamdan çox qorxuram. Qızım həmişə deyir ki, mənim intuisiyam çox güclüdür. Əgər kimsə xoşuma gəlmədisə, deməli, burada nəsə var. Bu adamı görən kimi ondan zəhləm getdi. Lap qatilə oxşayır! Tərslikdən qonşu kupelərdə qalırıq. Bəlkə də, bu, axmaqlıqdır, amma intuisiyam mənə deyir ki, tezliklə bu qatarda dəhşətli hadisə baş verəcək!
Puaro öz kupesinə gəlib yatağına uzandı, yarım saat kitab oxuyandan sonra işığı söndürdü.
Bir neçə saatdan sonra xəfiyyə dəhşətli qışqırıq səsinə oyandı. Ardınca da zəng çalındı. Əlini uzadıb işığı yandırdı. Hiss elədi ki, qatar dayanıb. «Yəqin, hansısa stansiyaya çatmışıq» – o öz-özünə fikirləşdi.
Qapını açıb dəhlizə çıxdı. Vaqonun o biri başından hövlnak qaçıb gələn bələdçi cənab Retçettin qapısını döyürdü. İçəridən səs gəlmədi. Bələdçi qapını ikinci dəfə döyəndə yenə sərnişinlərdən hansısa zəngi çaldı və kupelərdən birinin qapısının üstündəki kiçik lampa yanıb-söndü.
– Üzr istəyirəm, səhv eləmişəm, – qonşu kupedən fransızca bu sözlər eşidildi.
– Eybi yoxdur, müsyö, – bələdçi cavab verib tələsik lampa yanan qapıya tərəf getdi.
Puaro dərindən nəfəs alıb yerinə uzandı. İşığı söndürməzdən əvvəl saatına baxdı. 1-ə 23 dəqiqə qalmışdı.
Cinayət
Xəfiyyə bir müddət yuxuya gedə bilmədi. «Görəsən, qatar niyə dayanıb? – o öz-özünə götür-qoy eləməyə başladı. – Əgər hansısa stansiyaya çatmışıqsa, bəs perronda niyə belə sakitlikdir?!»
Cənab Retçettin kupesindən səs gəlirdi: su şırıldadı, nəsə taqqıldadı. Dəhlizdən ayaq səsləri eşidildi; kimsə şap-şaplarını sürüyüb keçdi.
Puaro yatağında uzanıb gözünü tavana zilləmişdi. Yenə saatına baxdı: 2-yə 15 dəqiqə işləmişdi. Boğazı qurumuşdu. Bələdçidən su istəməyi unutmuşdu. Elə əlini düyməyə uzatmaq istəyirdi ki, zəng səsi eşidildi. Kimsə onu qabaqlamışdı. Zəngin ardı-arası kəsilmirdi, elə bil kimsə əlini düyməyə basıb dayanmışdı. Nəhayət, bələdçi boş dəhlizdə gurultu salaraq qaçıb gəldi. Eşidilən səslərdən məlum oldu ki, zəngi çalan missis Habbard imiş. Puaro qaranlıqda gülümsündü. Uzun mübahisədən sonra bələdçi missis Habbarda «Gecəniz xeyrə qalsın, madam!» deyib getdi. Bu dəfə Puaro zəngi basdı. Bələdçi dərhal gəldi. O çox həyəcanlı görünürdü.
– Zəhmət olmasa, mənə mineral su gətirin.
– Yaxşı, müsyö, – bələdçi dedi, sonra da Puaronun üzündəki gülümsər ifadəni görüb əlavə elədi:
– Yenə o amerikalı xanım idi…
– Nə olub ki?
– Əlindən lap təngə gəlmişəm! – bələdçi şikayətləndi. – Deyir, guya gözünü açanda görüb ki, kupedə kişi var. Sonra kişi hardasa gizlənib. Kibrit qutusu boyda yerdə necə gizlənə bilər axı?! Bayaqdan başa salmağa çalışıram, əl çəkmir. Elə bil gecə vaxtı başqa dərd-sərimiz yoxdur. Onsuz da yolda qalmışıq, tərpənə bilmirik.
– Yolda qalmışıq?
– Hiss eləmirsiniz? Qatar xeyli vaxtdır ki, dayanıb. Bayırda şiddətli çovğun var, qar qatarın hərəkətinə mane olur. Allah bilir, burada nə qədər ləngiyəcəyik!
– Bəs indi hardayıq ki?
– Vinkovci[9] ilə Brod[10] arasında.
– Vay-vay! – Puaro narahatlıqla başını buladı.
Bələdçi çıxıb əlində bir şüşə mineral su ilə qayıtdı.
– Gecəniz xeyrə qalsın, müsyö! – deyib getdi.
Puaro sudan içib yerinə uzandı. Elə təzəcə gözünə yuxu getmişdi ki, onu yenə oyatdılar. Bu dəfə sanki ağır bir şey kupenin qapısına dəyib yerə düşdü. Tez yerindən sıçrayıb dəhlizə çıxdı. Qeyri-adi bir şey gözə dəymirdi; dəhlizin sağ tərəfində qırmızı kimonoya bürünmüş bir qadın görünüb yox oldu. Sol tərəfdə isə qatar bələdçisi öz kətilində oturub əlindəki uzun kağıza nəsə yazırdı. Ətrafa sanki ölüm sükutu çökmüşdü…
«Yəqin, əsəblərim korlanıb» – Puaro öz-özünə fikirləşib kupeyə girdi, yerinə uzanıb bərk yuxuya getdi və bir də səhər oyandı…
Yuxudan duranda qatar hələ də yerindən tərpənməmişdi. O, pərdəni qaldırıb pəncərədən çölə nəzər saldı.
8
9
10