İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans
Чтение книги онлайн.
Читать онлайн книгу İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə - Eşli Vans страница 12
Bu görüşdən qısa müddət sonra İlon Piter Nikolsonun qızı Kristini öz ad gününə dəvət etdi. Kristi Meyin Torontodakı evində keçirilən qonaqlığa əlində evdə hazırlanmış bir banka limon mürəbbəsi ilə gəlmişdi. Kristidən başqa daha 15 dəvətli vardı. İlon Kristini ilk dəfə görürdü. Kristi onun ağzından çıxan ikinci cümlənin “Mən elektrikli avtomobillər haqda çox düşünürəm’’ olduğunu deyir: “Arxasınca da mənim bu haqda fikrimi soruşdu’’. Kristi hazırda elmi-publisistik məqalələr yazır. İlonun onun yaddaşında yaraşıqlı, gülərüzlü və “hər şeyi bilən’’ biri kimi qaldığını söyləyir: “Necə oldusa, mənim könlümü fəth etdi. O çox fərqli idi, məni də elə bu cəhəti ilə cəlb etmişdi’’.
Kəskin xətli almacıq sümüyü və sarışın saçları ilə Kristi tam Maskın zövqünə uyğun idi. Kanadada olduğu müddətdə əlaqəni heç kəsmədilər. Aralarında romantik hisslər yaşanmadı. Ancaq Mask Kristi üçün elə maraqlı idi ki, telefonda onunla uzun-uzadı danışmaqdan doymurdu: “Bir dəfə Mask mənə belə dedi: “Əgər yemək yeməmək mümkün olsaydı, mən daha çox çalışmaq üçün yeməzdim. Kaş ki qidalanmağa əlavə zaman ayırmamaq mümkün olsaydı’’. Bu yaşda işə belə münasibət heyrətləndiriciydi. Əvvəllər buna bənzər heç nə eşitməmişdim”.
Maskın Kanadada daha dərin münasibəti tələbə yoldaşı Castin Uilsonla (Justine Wilson) oldu. Uzun ayaqları və sıx şabalıdı saçları olan Uilson romantikdi, seksual enerji saçırdı. Castin daha öncə özündən böyük bir kişi ilə münasibət yaşamış, amma universitetə girmək üçün ondan ayrılmışdı. O, sonrakı aşiqinin dəri gödəkçəli Ceyms Din (James Dean, 1931–1955 – amerikalı kino aktyoru – İ.N.) kimi ehtiraslı və əhlikef biri olmasını xəyal edirdi. Tale isə elə gətirdi ki, onun qarşısına səliqəli, boylu-buxunlu və yaraşıqlı Mask çıxdı. Mask Castini görən kimi onu görüşə dəvət etdu. İlon onu belə xatırlayır: “Möhtəşəm görünürdü. Həm də çox ağıllıydı, qeyri-adi zəkası vardı. Taekvondo üzrə qara kəmər sahibiydi. Tələbə kampusundakı ən gözəl qız idi’’. Mask yataqxananın önündə onunla toqquşma nömrəsi qurmuş, sonra da guya onu hansısa bir qonaqlıqda gördüyünü uydurmuşdu. Castin də onun dondurma yemək təklifini qəbul etmişdi. Mask Castinin dalınca gələndə qapının üstündə “Təəssüf ki, imtahanlara hazırlaşmalıyam’’ yazısı ilə qarşılaşdığını xatırlayır. Mask onun rəfiqələrindən hansı dondurma sevdiyini öyrənir, bir cüt şokoladlı dondurma ilə Castinin ispan dilinə hazırlaşdığı universitet kitabxanasına gəlir.
Castin bir yazarla ehtiraslı məhəbbət yaşamağı xəyal edirdi: “Hər şeyin Silviya və Ted haqqında yazılmış romandakı kimi olmasını arzulayırdım. Amma gedib məndən əl çəkməyən iddialı bir “hər şeyi bilən’’ə aşiq oldum’’. Patoloji psixologiya dərsindən aldıqları imtahan qiymətlərinə baxırdılar. Castin 97, Mask isə 98 almışdı. Castin, Maskın professorun yanına gedərək qiymətini düzəldərək 100 aldığını söyləyir və əlavə edir: “Sanki bir-birimizlə yarışırdıq’’. Maskın romantik tərəfi də vardı. Bir dəfə Castinə hər gülün üstünə fərqli şeylər yazdığı bir dəstə çiçək və The Prophet (“Peyğəmbər”) kitabını hədiyyə etdi. Castin deyir ki, Mask özünə aşiq etdirməyi yaxşı bacarırdı.
İki gənc universitet illərində tez-tez ayrılıb barışırdı. Mask münasibətləri qorumaq üçün daha çox səy göstərirdi. Mey Castinin öz tərzi olan, “bərkgedən’’ oğlanlarla görüşdüyünü, Maskla heç maraqlanmadığını söyləyir, bunun da Maskı dərindən yaraladığını xatırlayır. Bir neçə dəfə Mask başqa qızlarla münasibət qurmağa cəhd etdi, amma yenə də dönüb Castinə qayıtdı. Castin onunla soyuq davranınca İlon səylərini artırırdı. O deyir ki, əgər telefon durmadan zəng edirsə, bilin ki, bu, Maskdır: “O, “yox’’ sözünü anlamırdı, ondan qırılmaq imkansızdı. Terminatora bənzədirdim onu. Baxışını nəyinsə üstünə cəmləyib “Mənimdir’’ deyirdi. Beləcə, addım-addım məni fəth etdi!”
Universitet Maskın ürəyincə idi. O, sadəcə hər şeyi bilməyə deyil, intellektual imkanlarını qiymətləndirən insanları tapmağa can atırdı. Universitetdəki tələbələr onun alternativ enerji mənbələri, kosmos və beynini məşğul edən başqa şeylər haqdakı mülahizələrini gülüş mövzusuna çevirmirdilər. Mask onu dinləyib ciddiyə alındığı mühitdə idi, bu da onu güclü edirdi.
1990-ın payızında Navaid Faruk (Farroq) adlı Cenevrədə böyümüş bir kanadalı onun yataqxanadakı otaq yoldaşı oldu. Otaqları yataqxananın xaricilər üçün olan hissəsində idi. Burada yerli tələbələr otaqlarını xaricilərlə bölüşürdülər. İlon bu sistemə çox da uyğun gəlmirdi, çünki kanadalı sayılsa da, Kanada haqda anlayışı çox deyildi. Mask belə xatırlayır: “Qonşu otaqda Honkonqdan yaxşı bir oğlan vardı, nümunəvi şəkildə bütün mühazirələrə gedir, bu da mənim işimə yarayırdı. Çünki mən dərslərə mümkün qədər az gedirdim’’. Mask bir müddət pul qazanmaq üçün yataqxanada kompüter və onun ehtiyat hissələrini satdı. “Nə istəsələr yığa bilirdim – ən son oyun avtomatından tutmuş elektron yazı makinasına qədər, həm də mağazadan daha ucuz, – Mask danışır. – Kompüterləri təmir edir, bir sözlə, bütün problemlərini həll edirdim’’. Faruk və Maskı masaüstü strateji oyunlara olan maraq da birləşdirirdi. İlonla dostluğu haqda belə deyir: “Asan dostlaşmırdı, amma bu baş verirdisə, çox sadiq olurdu’’. “Civilization’’ adlı oyun çıxanda dostlar saatlarla bu oyunu oynayır, Farukun istədiyi qız isə yan otaqda darıxaraq onu gözləyirdi. Faruk deyir ki, İlon nəsə bir şeyə maraq salsa, onun xaricindəki dünya dayanır: “Biz o insanlardanıq ki, əylənmədən də yaşaya bilirik. Beynimizdə olan fikirlərimizin yanında olur, sıxılıb darıxmırdıq’’.
Mask universitetdə məktəbdən daha əzmli idi. Biznesin idarəetməsində oxuyur, natiqlik sənəti ilə bağlı müsabiqələrdə iştirak edirdi. İndiki xüsusiyyətlərinin təməli də məhz o dövrdə formalaşmağa başladı. İqtisadiyyat imtahanından sonra Mask, Faruk və dostları yataqxanada təəssüratlarını bölüşürdülər. Çox keçmədən aydın oldu ki, Mask materialı hamıdan daha yaxşı mənimsəyib. Faruk bu haqda belə danışır: “Qrupumuz kifayət qədər güclü idi, buna baxmayaraq İlon ümumi fonda çox seçilirdi. Nə ilə məşğul olsa, işin məğzini daha dərindən qavrayırdı. Onu digərlərindən fərqləndirən də məhz budur’’.
1992-ci ildə Quenn’s universitetində iki il oxuduqdan sonra Mask Pensilvaniya universitetindən təqaüd alaraq Kanadadan Amerikaya köçdü. İlon Ivy League-yə[5] daxil məktəbin ona yeni imkanlar açacağına inanır, iki ixtisasa birdən yiyələnib itisadiyyat və fizikadan bakalavr, fizikadan isə magistr diplomları almaq istəyirdi. Castin öz universitetində yazıçı olmaq xəyalına sadiq qalacaq, Maskla
5