İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans
Чтение книги онлайн.
Читать онлайн книгу İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə - Eşli Vans страница 15
Zip2 informasiya erasını hədəfə almış perspektivli bir internet-müəssisə idi, amma satış köhnəlmiş üsullarla həyata keçirilirdi. Qapı-qapı dolaşaraq müəssisə rəhbərlərini inandırmaq, şəbəkənin faydalarını izah etmək, hətta qılıqlarına da girmək lazımdı. Çünki onlar görünməyən bir şey üçün pul ödəməli idilər. Mask qardaşları 1995-ci ilin sonunda ilk müştərilərini əldə etməyə başladılar, arxasınca isə satış qrupunu formalaşdırdılar. Zip2-nin ilk işçilərindən biri Ceff Heilman adlı 20 yaşında azad ruhlu, həyatını veyillənərək keçirən bir gəncdi. Atası ilə televizorda reklam çarxının sonunda veb-adresi görürlər. Heilman deyir ki, bu, “.com’’-lu bir şeydi, atama nə olduğunu soruşdum, o da bilmirdi: “O zaman anladım ki, internetin nə işə yaradığını öyrənmək lazımdır’’. Heilman bir neçə həftə tanıdıqları adamlardan internet haqda məlumat topladı, “San Jose Mercury News” qəzetində gördüyü bir elanla iş üçün müraciət etdi. Heilman və bir para başqa adam satış bölümünə işə alındılar.
Mask, demək olar ki, ofisdən kənara çıxmırdı. İş masasının altında, lobya torbasının üstündə yatırdı. Heilman belə deyir: “Hər səhər səkkizin yarısı ilə səkkiz arasında işə gələndə onu torbanın üstündə yatan görürdüm. Əmin deyiləm, amma, yəqin, heç olmasa, bazar günləri çimirdi’’. Mask Zip2-nin əməkdaşlarına işə gələn kimi onu oyatmağı tapşırmışdı. Oyanan kimi də qalxıb çalışmağa başlayırdı. İlon proqram kodlarını yazır, Kimbal isə ehtirasla satışa girişirdi. Hər şeyə rəğmən Kimbal çox nikbin idi, işçilərin kefini açır, onları motivasiya edirdi. O, Heilmanı Stanford hipermarketi ilə Palo-Altonun əsas cazibə mərkəzi olan Universitet prospektinə göndərirdi. Onun vəzifəsi pərakəndə satış ticarətçilərini Zip2 ilə çalışdıqları zaman reytinqlərinin qalxacağına inandırmaqdı. Təbii ki, heç kim buna inanmırdı. Həftələrlə Heilman çox sayda qapı döyür, amma hər səfərində ofisə əliboş qayıdırdı. Eşitdiyi tək cümlə “İnternetə reklam vermək ən səfeh şeydir’’ idi. Mağaza sahibləri çox vaxt heç danışmaq belə istəmir, onları rahat buraxmalarını tələb edirdilər. Nahar fasiləsi yaxınlaşanda qardaşlar pulları saxladıqları siqar qutusuna baxır, Heilmanı çağırıb soruşur, ürəkaçan cavab ala bilmirdilər.
Kreyq Mor adlı əməkdaşlardan biri əvvəllər daşınmaz əmlakla məşğul olmuşdu. O, reklama daha çox pul xərclədikləri üçün avtomobol dilerlərini dolaşmağa başladı. Mor avtomobil satan qalereyalara Zip2-nin əsas veb-saytı olan www. totalinfo.com haqda məlumat verib bu saytda qeydiyyatdan keçəcəyi halda onlara olan tələbatın artacağını söylədi. Mor danışdıqlarını nümayiş etdirməyə başlayanda əsas səhifələr yavaş açılır, bu da marağın azalmasına səbəb olurdu. Bu da Zip2-nin potensialını xəyal etmələri üçün Moru danışmaq məcburiyyətində qoyurdu. Mor yaşadığı bir hadisəni belə anlatdı: “Bir gün ofisə əlimdə 900 dollarlıq çeklə gəldim və onlardan bu pulu neyləyəcəyimi soruşdum. İlon klaviaturalara işgəncə verməyi buraxdı, başını monitorun arxasından çıxarıb belə dedi: “Ola bilməz!”
Mask Zip2-nin proqram keyfiyyətini yüksəltdikcə çalışanların ruh yüksəliyi də artırdı. Artıq konseptləri təcrübə nümunəsi olmaqdan çıxmış, prezentasiya edilib istifadəyə hazır real məhsula çevrilmişdi. Marketinqin incəliklərini mənimsədikcə Mask qardaşları göstərdikləri xidmətin effektli olmasını istədilər. İlon standart PC üçün iri bir futlyar düzəldib onu təkərli bir oturacağın üstünə yerləşdirdi. Potensial müştərilərə şou göstərməyə başladılar – Zip2 sanki proqramları superkompüter üzərindən çalışdırırdı. Kimbal bunun investorlarda ciddi təəssürat yaratdığını deyir. Heilman isə müştərilərin Maskın işinə olan sevgi və bağlılığına vurulduqlarını xatırlayır: “Mask üzü sızanaqlı gənc bir yeniyetməydi, amma əzmkarlığı və daxili enerjisi aşıb-daşırdı. O belə hesab edirdi ki, başladığın işi mütləq sona çatdırmalısan və əgər bunu etməsən, həyatının önəmli bir fürsətini itirmiş olacaqsan. İnvestorlar Maskın bu platformanı qurmaq üçün həyatını verməyə hazır olduğunu görürdülər’’. Mask onlardan birinə belə demişdi: “Mən samuray kimiyəm. Uduzmaqdansa, xarakiri edərəm’’.
Mask Zip2-nin hazırlıq mərhələsində dramatik vəziyyətləri yumşaldıb çıxış yolu göstərən etibarlı bir şəxslə dostluq etməyə başladı. Greg Kouri 30–35 yaşlarında kanadalı bir biznesmendi. Maskla Torontoda tanış olmuş, ona inanmış və Zip2-nin “beyin həmləsi’’ qrupuna daxil edilmişdi. Bir səhər Mask qardaşları Kourinin evinin kandarında dayanıb ona Kaliforniyaya gedərək şəxsi bizneslərini açmaq istədiklərini bildirdilər. Qırmızı sabah xalatında olan Kouri evə girib altı min dollarla geri qayıtdı. 1996-nın əvvəlində o da Kaliforniyaya köçdü və Zip2-nin təsisçisi oldu.
Kouri keçmişdə daşınmaz əmlak işində təcrübə toplamış, insanları yaxşı tanıyan biri idi. O, Zip2-də baş məsləhətçi vəzifəsini icra edirdi. Kouri Maskı sakitləşdirməyi bacara bilirdi və nəticədə onun, bir növ, müəllimi, ağsaqqalı oldu. Gələcəkdə Zip2-nin CEO-su olacaq iş adamı Derek Proudian Greg haqda belə deyir: “Çox ağıllı insanlar bəzən anlamırlar ki, hər adam onlara yetişə bilmir. Greg İlonun dinlədiyi nadir insanlardan biri idi. Onun sayəsində İlon situasiyaları daha dolğun şəkildə görürdü’’. Kourinin bir başqa işi də İlon və Kimbal arasındakı mübahisələrdə hakimlik eləməkdi.
Kimbal özü haqda belə deyir: “Mən artıq heç kimlə dalaşmıram, amma İlonla davalarımızı sülhlə nəticələndirə bilmirik’’. İşlə bağlı bir qərar ucbatından yaranan şiddətli münaqişədə Maskın yumruğundakı dəri üzülmüşdü və o, tetanus peyvəndi vurdurmağa məcbur olmuşdu. Kouri bu hadisədən sonra belə davalara son qoydu. Kouri Maskın şirkətlərinə xeyli yatırım qoydu. O, 2012-ci ildə 51 yaşında ürək çatışmazlığından vəfat etdi. Mask onun dəfn mərasimində şəxsən iştirak etmişdi. Kimbal “Ona şox şey borcluyuq’’ deyir.
1996-cı ilin əvvəlində Zip2 ciddi dəyişikliklərə məruz qaldı. Mohr Davidow Ventures adlı investisiya şirkəti iki cənubi afrikalı oğlanın internet üçün Yellow Pages hazırlamaq istədiyini eşidib qardaşlarla görüşdü. Prezentasiya təcrübəsi hələ az olsa da, Mask şirkətini kifayət qədər yaxşı tanıtmağa müyəssər oldu. İnvestorlar onun enerjisinə mat qaldılar. Mohr Davidow Ventures Maskın şirkətinə üç milyon dollar[7] yatırmağa qərar verdi. Məhz bu yatırımdan sonra Global Link adı dəyişərək Zip2 oldu. Şirkət Palo-Altoda, Kembric-avenyu (Cambridge Ave), 390 adresindəki daha böyük ofisə köçdü, işə yeni istedadlı mühəndislər cəlb edildi. Digər tərəfdən Zip2 özünün biznes-strategiyasını dəyişdi. Şirkət o dövr üçün ən yaxşı internet-axtarış sistemini qurmuşdu. Mask San-Fransisko ilə kifayətlənməyib
7
Mask qardaşları bu mərhələdə özlərini pulgir iş adamları kimi aparmadılar. İnvestor Steve Jurvetson belə demişdi: ‘’Şirkətlərinin 25 faizi üçün cəmi 10 min dollar istədilər. Bu çox kiçik bir rəqəm idi. 3 milyonluq yatırımı eşidəndə ‘’Mohr Davidow’’un onların iş planını həqiqətən də oxuduğunu şübhə altına aldım. Amma iki qardaş bu pulu almağa nail olmuşdu’’.