İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans
Чтение книги онлайн.
Читать онлайн книгу İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə - Eşli Vans страница 13
Cümə günü axşamlar dinamiklərin gurultusundan ev silkələnirdi. Mey oğluna baş çəkməyə gələndə məcbur qalıb uşaqlara kömək üçün qarderoba baxası olmuşdu. Daha sonra kassa işini də ona tapşırdılar. Kluba giriş haqqını ayaqqabı qutusuna yığırdılar. Hər ehtimala qarşı Mey iki qayçı saxlayırdı.
İkinci ev isə artıq 14 otaqlı idi. Mask və Ressidən savayı, orada başqa birisi də yaşayırdı. Evi müxtəlif masalar, üzəri fanerlə örtülmüş çəlləklər və əşyalarla dekorasiya etmişdilər. Bir gün evə qayıdan Mask Ressinin onun masasını divara dayayıb gün işığında parıldayan bir boya ilə rənglədiyini gördü. Mask masanı qara rəngə boyayıb üstündə dərs çalışmağa davam etdi. Ressi “Bu bizim əyləncələrimiz üçün art-installyasiyadır (məkan kompozisiyasından ibarət modern sənət forması – İ.N.)’’ desə də, illər sonra Maska o münaqişəni xatırladanda quru bir cavab vermişdi: “O, çalışma masası idi’’.
Mask spirtli içki az içirdi: aradabir araq, özü də koka-kola ilə qarışdıraraq. İçkiyə meyli yoxdu, dadını da ki heç sevmirdi. Mask ovaxtkı gecə əyləncələri haqda belə deyir: “Birimizin ayıq qalmağımız lazım idi. Mən təhsilimin pulunu özüm ödəyirdim, evdəki gecə klubunda isə bir axşam ərzində bir aylıq təhsil haqqımı qazana bilirdim. Adeo Ressi evin tərtibatına cavabdehdi, gecə əyləncəsi isə mənə bağlı idi’’. Ressi İlonun dünyada tanıdığı ən düzgün adam olduğunu deyir və əlavə edir: “O heç vaxt içməzdi. Əsla oyun çıxardıb problem yaratmazdı. Heç vaxt. Heç nə’’. Amma Maskın ən zəif yeri bilgisayar oyunları idi, Ressi onun bəzən bir neçə gün dalbadal oyun oynamaqdan “sərxoş’’ olduğunu söyləyir.
Pensilvaniyada Maskın Günəş enerjisinə və alternativ enerji mənbələrinə olan əvvəlki marağı daha da artdı. 1994-cü ilin dekabr ayında dərslərdən biri üçün biznes-plan hazırlamalı idi. Nəticədə ortaya “Günəş enerjisindən istifadənin vacibliyi’’ adlı elmi məruzə çıxdı. Məruzə Maska xas olan bir ironiya ilə başlayırdı. Səhifənin üst tərəfinə belə yazmışdı: “Günəş sabah doğacaq’’ – bərpa edilən enerji haqda, Kiçik Orphan Annie”[6]. Məruzə yeni materialların yaranması və irimiqyaslı günəş enerjisi texnologiyalarının inkişafı ilə günəş energetikasının rolunun artması haqdadır. Mask təfsilatı ilə günəş batareyalarının necə çalışması və onların effektivliyinin artırılmasından yazıb. Məruzə gələcəyin enerji stansiyasının təsviri ilə bitir. Stansiya kosmosa göndərilmiş iki nəhəng günəş batareyasından ibarətdir, onlar enerjini Yerə (diametri yeddi km olan qəbuledici antenə) mikrodalğalar vasitəsilə göndərir. Professor “çox maraqlı və yaxşı yazı’’ hesab etdiyi araşdırma üçün Maska 98 bal verdi.
Maskın ikinci məruzəsi kitab və yazılı sənədlərin “skan’’ olunaraq məlumatların optik tanınması və onların vahid bazada (bugünkü Google Books ilə Google Scholar arasında orta bir şey) toplanması haqda idi. Üçüncü məruzə isə Maskın başqa bir sevdiyi mövzuya – ionistor və ya superkondensatorlara (orqanik və ya qeyri-orqanik elektrolitli kondensatorlar – İ.N.) həsr olunmuşdu. Qırx dörd səhifəlik coşqu dolu yazıda Mask enerjinin yeni saxlanma şəklindən bəhs edir. Bu yenilik gələcəkdə avtomobil, təyyarə və raketlərdə istifadə olunacaq. Mask Silikon Vadisindəki son araşdırmalara istinad edərək belə yazır: “Son hədəf böyük miqdarda elektrik enerjisinin saxlanması üçün yeni vasitələr tapmaqdır. Onlar akkumulyator batareyaları ilə yanacaq elementlərindən prinsipial olaraq fərqlənir. Digər tərəfdən, superkondensatorlar kondensatorların əsas xassələrini qoruduğu üçün onlar enerjini eyni ağırlıqdakı adi batareyadan 100 dəfə daha sürətlə buraxır, o sürətlə də enerji ilə yüklənə bilir’’. Ona bu məruzəsinə görə 97 bal verdilər, “mükəmməl hesablamalar’’ və “olduqca əsaslı analız’’ə görə də təqdir aldı.
Professorlar təqdirlərində haqlı idilər. Maskın aydın, lakonik üslubu məntiqlə məşğul olan filosofun bir nöqtədən digərinə ardıcıl və əmin hərəkətinə bənzəyirdi. Onu fərqləndirən cəhət mürəkkəb fiziki konseptləri biznes-planlara daxil etmək bacarığı idi. Bununla bərabər, o, elmi ideyanı məharətlə gəlirli bir müəssisəyə çevirir, nadir istedad nümayiş etdirirdi.
Universitetdən məzun olub nə işlə məşğul olacağını düşünəndə Maskın ağlına kompüter oyunları sferasında çalışmaq gəldi. Zatən uşaqlıqdan bu işə mübtəla idi. Ancaq bunun böyük hədəf olmadığına qərar verdi: “Mən, həqiqətən də, kompüter oyunlarını sevirəm, amma dünyanın ən çılğın oyunlarını yaratsam, onlar dünya işlərinə necə təsir edəcək və ümumən dünyaya nə verəcək? Heç nə. Mən kompüter oyunlarını karyeramı məhdudlaşdıracaq səviyyədə sevmirəm’’.
Mask söhbətlərində o dövr üçün böyük planlarının olduğunu xatırlayır. Onun sözlərinə görə, Quenn’s və Pensilvaniya universitetlərindəki xəyalları eyni şeylər idi – internet, bərpa edilən enerji və kosmos. O belə hesab edirdi ki, bu üç sahəni ciddi dəyişikliklər gözləyir və onların bazar iqtisadiyyatında önəmli payı olacaq. Və Mask bu 3 sahədə böyük layihələr həyata keçirmək üçün and içdi. Sonralar belə etiraf edəcəkdi: “Bu ideyalar haqda qız dostlarıma və keçmiş arvadıma danışırdım. Yəqin ki, söylədiklərim bir dəlinin sayıqlamaları kimi səslənirdi’’.
Mask elektromobil, günəş enerjisi və raketlərə olan ifrat aludəliyinin səbəbləri haqda uzun-uzadı danışır. Sanki o özünün həyat hekayəsini zorla bu istiqamətdə şəkilləndirmək istəyir. Ancaq Mask üçün bir şeylə “təsadüfən məşğul olmaq’’la bir şeyə “can atmaq’’ arasındakı fərq olduqca prinsipialdır. Mask uzun müddətdir ki, dünyanın onunla Silikon Vadisindəki adi bir sahibkar arasındakı fərqi bilməsini istəyir. O, trendləri qoxulayaraq zəngin olmağa çalışmırdı. O, əsas, ümumbəşəri suallara cavab axtarırdı: “Mən bu suallar ətrafında universitetdə baş sındırırdım. Bunlar sonradan uydurulmuş hekayə deyil. Mən trend dalınca qaçan deyiləm, konyunktura adamı deyiləm, avantürist deyiləm. Mən investor da deyiləm. Gələcək üçün önəmli və faydalı olacağını düşündüyüm texnologiyaları həyata keçirmək istəyirəm’’.
4. İlonun ilk startapi
1994-cü ilin yayında Maskla qardaşı Kimbal əsl amerikalı olmağa qərar verdilər. Onlar ölkə içində səyahətə çıxdılar.
6