İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans
Чтение книги онлайн.
Читать онлайн книгу İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə - Eşli Vans страница 18
Maskın planı möhtəşəmdi. Pinnacle araşdırmaçıları insanların internetdə mühasibat işlərini aparmasının rahat olmayacağını deyirdilər. Bəlkə, kimsə risk edərək kredit kartının nömrəsi ilə şəbəkəyə girəcək, amma kimsə bank hesablarını internetə etibar etməyəcək, bunu heç eşitməyəcəklər belə. Onda nə etmək lazımdı? Mask onlayn xidmət göstərən maliyyə qurumu yaratmağı düşündü. Bu şirkət hesab açacaq, əmanətləri qəbul edəcək, cari hesablara baxacaq, broker və sığorta xidmətləri göstərəcəkdi. Texnoloji baxımdan belə bir servis mümkündü, ancaq onlayn-bank qurmağın özü cəhənnəm əzabıydı. Hətta ən nikbin insan belə bunun çətin olacağını deyirdi. Bu artıq hansısa pitseriyaya marşrut çəkmək və ya daşınmaz əmlak kataloqu hazırlamaq deyildi. İşiniz insanların pulları ilə bağlı olacaqdı və əgər nəsə tərs getsə, nəticə dəhşət olacaqdı.
Ancaq bunlar Maskı qorxutmurdu. O, planını hələ Zip2-nin satışından öncə hazırlamışdı. Şirkətin ən yaxşı mühəndisləri ilə danışmış, kimin yeni macəraya qatılmaq istədiyini öyrənmişdi. Müzakirələrə Kanada bankındakı tanışlarını da cəlb etdi. 1999-un yanvarında Zip2-nin İdarə Heyəti satış üçün müştəri axtaranda Mask bank planını həyata keçirməyə başladı. Mart ayında isə Mask pornoqrafik bir ismə bənzəyən X.com adlı maliyyə startapını qeydiyyatdan keçirtdi.
Çiynində bel çantası ilə Kanadaya ayaq basmış yeniyetmədən 27 yaşlı multimilyonerə dönməsi üçün Maska on ildən də qısa bir zaman lazım olmuşdu. Qazandığı 22 milyon sayəsində o, üç nəfərlə yaşadığı birotaqlı evdən 200 m2 -lik təmirli evə köçmüşdü. Bundan başqa, bir milyon dollara McLaren F1 idman avtomobili və pərli təyyarə aldı, təyyarə sürməyi öyrəndi.
Dotcom milyoneri kimi məşhurlaşmağa başladı. Səhər saat 7-də CNN müxbirləri onun evinin qarşısında avtomobilin təhvil verilməsini gözləyirlər. Budur, 18 təkərli qara rəngli bir yük maşını evin önündə dayanır və içindən gümüşü rəngli zərif bir maşın çıxır. Mask qolları sinəsində, ağzıaçıq, heyranlıqla onu izləyir. Və ona tuşlanan CNN mikrofonuna bunları deyir: “Dünyada cəmi 62 ədəd McLaren var və onlardan biri mənimdir. İşə bir bax! İnana bilmirəm! Aləmsən, cavan oğlan!”
CNN axşam xəbərlərində avtomobilin sahibinə verilməsi kadrlarını da efirə verdi. Mask müvəffəqiyyət qazanmış bir nuvoriş (fr. nouveau riche – sürətlə varlanan adam, yeni zəngin – İ.N.) karikaturasına bənzəyirdi. Saçları seyrəlməyə başlamışdı, qısa kəsdirilmiş saçları onun sifətinin uşaq cizgilərini daha bariz göstərirdi. Əynində geniş bir gödəkçə var, gözqamaşdırıcı bir maşında mobil telefonla danışır, yanında isə dünyalar gözəli sevgilisi Castin oturub. Əfsunlanıb sanki Maks. Dürr tökülür ağzından, zəngin adam kimi aparır özünü. Zip2-nin satışı haqda belə deyir: “Bunlar sadəcə puldur. Üstündə Ben Franklinin olduğu kağız dəstləri’’, lüks həyatı haqda isə belə: “Bu isə dünyanın ən sürətli avtomobilidir’’, sonsuz iddiaları haqda du bunları: “İstəsəm, Baham adalarında ada alıb malikanə tikərdim, amma mənə yeni şirkət yaratmaq daha maraqlıdır’’ deyir. Çəkiliş qrupu Maskın arxasınca X.com-un ofisinə girir, özündənrazı İlonun ağzından yeni incilər tökülür: “Mən adi bankir çərçivəsinə sığmıram’’, “50 milyon nə puldur ki? Telefonla bir-iki zəng etsəm, pullar əlimdə olacaq’’, “X.com milyard dollarlıq şirkət olacaq’’.
Mask McLaren-i Floridada bir avtomobil qalereyasından satın aldı. Maşına hamıdan əvvəl Ralf Loren[10] göz qoymuşdu, ancaq Mask son anda daha erkən davrandı. Loren kimi çox varlı adamlar McLaren-ə xüsusi hallarda minir, özəl günlərdə və bazar gəzintilərində sürürlər. Amma Mask onlar kimi deyildi. O, maşını ilə bütün Silikon Vadisini başdan-ayağa gəzdi. Onu X.com-un ofisləri önündə saxlayırdı. Sənət əsəri sayılan bu maşını göyərçinlərin batırıb pis günə qoyduqlarını və onu Safeway supermarketinin önündə görənlər dəhşətə gəlirdilər. Mask bir gün McLaren-in sahibi, Oracle korporasiyasının (120 min insanın çalışdığı, Microsoft-dan sonra dünyanın ikinci proqram şirkəti – İ.N.) qurucusu Larri Elisona (Larry Ellison) e-mail yazıb onu trekdə yarışmağa dəvət etdi. Sürətli avtomobillər “xəstəsi’’, milyarder Cim Klark (Jim Clark, 1944, Netscape korporasiyasının qurucusu – İ.N.) bu dəvətdən xəbər tutub dostlarından birinə deyir ki, gedim Ferrari mağazasına dəyim, görüm onlarla rəqabət edəcək nə alıram. Mask artıq “Böyük adamlar klubu”nun üzvü olmuşdu. Yaxın dostu, iş adamı Corc Zakari (George Zachary) belə deyirdi: “İlon həyəcanlı idi. Mənə Larri ilə yazışmasını göstərirdi’’.
Bir il sonra investorlardan biri ilə görüşə gedirdi. Sand Hill yolunda yanındakı dostuna “Bir buna bax’’ deyərək qaz pedalını sona qədər basdı. Yan cərgəyə keçərək spin atdı (əl əyləcini çəkib avtomobili yerində fırlatmaq – İ.N.) və yol hasarına çırpıldı. Zərbənin gücü ilə maşın havada uçan boşqab kimi dönməyə başladı. Pəncərələr çilik-çilik, korpus və təkərlər parça-parça oldu. Yenə dostuna tərəf dönüb belə dedi: “Ən gülməlisi odur ki, maşının sığortası yoxdur’’. Görüşə yoldan keçən bir maşınla getdilər.
Xoşbəxtlikdən Mask pleyboy obrazına qismən münasib idi. Zatən Zip2-dən əldə etdiyi gəlirin böyük hissəsini X.com-a yatırmışdı. Bunun səbəbləri vardı. Vergi qanunvericiliyinə görə, investorlar mənfəəti ancaq ilk iki ayda qazanarlarsa, rahat istifadə edə bilirlər. Mask da X.com-a 12 milyon dollar qoydu, vergiləri çıxandan sonra da şəxsi xərcləri üçün özünə 4 milyon ayırdı. Zip2-nin keçmiş əməkdaşı, sonradan X.com-un təsisçilərindən biri olan Ed Ho Mask haqda belə deyir: “Bu onu sıravi insanlardan ayıran sərhəddir. Mask ağlasığmaz riskə getməyə qorxmur. Belə bir riskə gedənin ya tale üzünə güləcək, ya da gecələrini avtobus dayanacağında keçirəcəkdi’’.
Maskın X.com-a bu qədər böyük vəsait yatırması sonradan baxanda daha da anlaşılmaz görünür. 1999-cu il “.com’’ uğuruna belə baxmaq lazımdır – o özünü bir dəfə isbat etdi, sonra bir neçə milyon qazandı və bununla da insanları növbəti işinə pul qoymağa inandırdı. Mask kənardan investorlara güvənsə də, əsas yatırımı özü qoydu. Ona görə də Mask televizorda bütün “.com’’ oyunçuları kimi danışsa da, əməldə Silikon Vadisinin ilk illərindəki kimi bütün məsuliyyət və riski öz üzərinə götürmüşdü. Intel də o zaman belə bir qərar vermişdi.
Zip2
10
Ralf Loren (ing. Ralph Lauren Lifshitz, 1931) – yəhudi əsilli amerikalı moda dizayneri, xeyriyyəçi, iş adamı, milyarder, Ralph Lauren brendinin sahibi, nadir avtomobillərdən ibarət kolleksiyası ilə tanınır – İ.N.)