Mən bir susmaz duyğuyam ki…. Джафар Джаббарлы

Чтение книги онлайн.

Читать онлайн книгу Mən bir susmaz duyğuyam ki… - Джафар Джаббарлы страница 17

Жанр:
Серия:
Издательство:
Mən bir susmaz duyğuyam ki… - Джафар Джаббарлы

Скачать книгу

Bəli, xanım. (Kənara.) Ey dünya üzünün iblisi, işi düşüb, görün necə həlim danışır?

      Gülnisə. Bəhramı tap, söylə, xanım çağırır.

      Əbdül. Baş üstə, xanım. (Gedir.)

      Gülnisə. Tamah və bala məhəbbəti insanı hər bir şeyə vadar edər, hətta cinayətə! Nə eləyim! Bir yandan qızım Pəri onu gözləyir. Bir yandan işlərin üstünü örtmək lazımdır. İndi yavaş-yavaş Bəhramın qulağını doldurum. (Stol üstə Saranın açıq kitabına baxır.)

      Bəhram məhzun daxil olur.

      Gülnisə. Bəhram! Halın məğşuşdur, nə olub məgər, oğlum?

      Bəhram. Heç, elə bir şey yoxdur.

      Gülnisə. Bəhram! Əmin vəfat etdisə, Allah rəhmət eləsin, heç qəm yemə, onun yerində səni öz balasından çox istəyən əmin arvadı var.

      Bəhram. Allah sizdən razı olsun əmigəlini!

      Gülnisə. Mən səni əvvəldən özümə oğulluğa götürmüşəm və ümidvaram ki, sən də mənə oğul olmağa razı olub sözümdən çıxmazsan!

      Bəhram. Əlbət ki, əmigəlini, siz elə mənim anam yerində və anamsınız!

      Gülnisə. Vallah, öz qızımçın nə qədər fikir edirəmsə, sənin üçün də o qədər fikir edirəm! Dünən gecə yenə sənin fikrini eləyirdim ki, daha vaxtın yetişib, başını bir yerə yığasan! Allaha şükür, yaxşı dərsin, ağlın və əminin dövləti, onları da salaram sənin adına. Əmiqızının da barmağına bir üzük keçirərsən.

      Bəhram. Əmigəlini, Saranınmı? Saranınmı barmağına üzük keçirim?

      Gülnisə. Hər kimin olursa, onu sonradan sənə deyib məsləhətləşərik.

      Bəhram (kənara). Yəqin Saranı deyir! Görünür, Pəri bizim halımızı ona deyib, ox, mən səhv edib bunu şübhəli görmüşəm, bunun kimi gözəl insan yoxmuş.

      Pəri daxil olur.

      Gülnisə. Gəl, qızım! Gəl otur, sənin də yavaş-yavaş ərə verilmək vaxtındır.

      Bəhram. Doğrudur, doğrudur, mənim Sara ilə birləşməyimin zamanıdır.

      Gülnisə. Niyə qızarırsan, əmin oğludur, kimsə yoxdur ki, utanırsan, yalanmı deyirəm?

      Bəhram. Eybi yoxdur, əmigəlini, mən də sizin oğlunuz, hər nə hökm edərsiniz, mən hazıram.

      Gülnisə. Çox gözəl!

      Əbdül daxil olur.

      Əbdül. Xanım, dünən çağırtdırdığınız axund Fərəculla gəlib.

      Gülnisə. Yaxşı, gəlirəm. (Durur ayağa.)

      Bəhram. Mən də gedim sizinlə bərabər, deyilmi? (Durur.)

      Gülnisə. İstəməz, siz oturub söhbət edin, mən də indi gələrəm. İstər isən otağa müşayiət edəcək qədər gəl də, sonra qayıdarsan. (Gedir.)

      Bəhram. Yəqin, mənimlə Saranın barəsində danışacaq, onun üçün məndən gizli danışır. (Gedir.)

      Pəri (tək). Bəli, mən ərə gedəcəyəm, belə gözəl bir oğlana, başqasına yox.

      Sara (daxil olur). Pəri, sən buradasan? Gedək bağçaya, belə yaxşı havadır ki, insanın ruhu uçur. Bəhramı anam çağırtdırdı, mən tək qalmışam. (Onu qucaqlayır.)

      Pəri. Sara, mən bir az naxoşam, sən get, mən getməyəcəyəm. Bəhram ilə danışdın?

      Sara. Ax, bacı! Sən bilmirsənmi ki, mən onunla nə danışacağam, amma, sən allah, bacı, sən də əlindən gələn qədər öz bacının xoşbəxt olması üçün çalış. Gedək, Pəri, bağçaya, çiçəklərimi də aparıb açıq havada qoyum, bir az canlansın.

      Pəri. Vallah, mənim başım ağrıyır, sən gedirsən, get, olur ki, mən də gələrəm.

      Sara (gülləri götürür). Yaxşı, gələndə Bəhramı da özünlə gətir. (Gedir.)

      Pəri. Get! Bacın sənin xoşbəxtliyin üçün çalışacaq. Bəhramı sənə verəcək: xa-xa-xa… Çalışacağam! Çox gözəl, çalışacağam ki, Bəhram mənim olsun.

      Bəhram daxil olur.

      Pəri. Görürsünüzmü, Bəhram, anam mənə nə deyir. Vallah elə utandım ki, deyir ərə getmək zamanıdır. (Kənara.) Ox, belə bir gözəl oğlandan əl çəkmək olarmı?

      Bəhram. Doğru deyir! Əlbəttə ki, ana öz övladının fikrini hamıdan artıq çəkir.

      Pəri. Bilirəm. Fəqət ərə getmək asanmı? Yox, mən ərə getməyəcəyəm.

      Bəhram. Gedəcəksən, gedəcəksən! Hənuz səbir elə.

      Pəri. Bəhram! Gül dövrəsini tikanlar bürüdüyü bir halda, bülbül ona yanaşa bilərmi?

      Bəhram. Necə? Necə dedin, anlamadım?

      Pəri. Deyirəm, bir ayı şam üzərini pəncəsilə örtəndə, pərvanələr şam üzərinə gələ bilərmi?

      Bəhram. Nə demək istəyirsən? Yenə anlamadım.

      Pəri. Niyə bilmirsən, deyirəm biyabanda vəhşi bir səyyad olarsa, ahular azad biyabanı gəzə bilərmi?

      Bəhram. Yenə anlamadım.

      Pəri. Elə isə qoy aşkara deyim: Yusif zindan zülmətin qəbul edərsə, biçarə Züleyxa eşqinə ümid edə bilərmi? İndi düşündün? (Sükut.) Niyə danışmırsan?

      Bəhram. Vallah, mən heç bilmirəm sən nə danışırsan!

      Pəri. Bəhram, necə mən ərə gedim! Mən bir kəsə gedə bilmərəm. Zira, bilirsənmi ərə getmək üçün nə lazımdır? Mənim kimi bir qız sənin kimi bir oğlanı sevməsə, ərə getməz, deyilmi?

      Bəhram. Əlbət ki, belədir. Fəqət istədiyini sevə də bilərsən!

      Pəri. Amma kimi sevmək istərəmsə, məni alarmı?

      Bəhram. Təbii alar, zira, pulunuz, gözəlliyiniz, əlbət ki, alar.

      Pəri. Elə isə səni sevirəm! Məni alarsanmı?

      Bəhram. Mənimi? Mənimi? Sənmi?

      Pəri. Bəli, səni! Mən səni istəyirəm! Səni sevirəm.

Скачать книгу