Mən bir susmaz duyğuyam ki…. Джафар Джаббарлы
Чтение книги онлайн.
Читать онлайн книгу Mən bir susmaz duyğuyam ki… - Джафар Джаббарлы страница 18
Pəri. Bəhram, çığırma! Sən ki, uşaq deyilsən! Mən də sənin üçün uşaq deyiləm ki, mənim üstümə qışqırırsan. Onu yaxşı bil ki, sən bu evdə xidmətçi kimi bir şeysən. Bu cür sənin qışqırmağın mənə bicadır, əqlini cəm et.
Bəhram. Əcəba, mən öz əmimin evində xidmətçiyəmmi? Yox, yenə səhv edirsiniz, mən xidmətçi deyiləm, mən əmim qızının pasibanıyam.
Pəri. Sənin əminin evidir, mənim atamın! Bu evləri heç kəs sənə tapşırmamışdır. Səni də tanıyıram, özümü də tanıyıram, Saranı da. Sən Saranı almayacaqsan, zira, sənə səni sevən adam gərəkdir, nəinki başqaları! Sara sənə qalmayacaq. Amma axırda sənə qalan, sənin dərdinə yanan yenə mən olacağam, Bəhram!
Bəhram. Çəkil! Uzaqlaş məndən! Bir dəfə sənə dedim ki, günbədi-səmavi5 təzəlzül edib kürreyi-ərz toqquşsa da, yalın qılınclar quru sümüklərimə çarpıb iniltisi dağlarda əks-səda olsa da, bütün dünya qaranlıq bir məzarıstana dönüb bəşəriyyət məhv olaraq yer üzündə bir sən və bir də mən qalsam da, yenə Saranın qəbrini qucaqlayıb orada ölərəm. Amma öz bacısının məhəbbətinə xəyanət edən bir qızı almaram…
Pərdə
İKİNCİ PƏRDƏ
Vaqe olur Bəhramın otağında. Otaq çox müzəyyən deyilsə də, fəqət kürsü, miz, krovat və qeyri mövcuddur. Sara fikirdə; bir azdan sonra başını yavaş-yavaş qaldırır.
Sara. Ey rüzgar, səndən nələr gözləmək olmaz! Bu ev mənim atamın, mən bu evdə xanım olduğum halda, sonradan gəlmiş bir arvadın qızı: – Səni bu evdə bir qulluqçu kimi saxlamışıq, – deyir. Necə olubsa, bilmirəm. Fəqət məlum olur ki, hər bir şey Gülnisənin adına imiş. Atamın heç bir şeyi yox imiş. (Sükut) Ah! Nə əcəb Bəhram belə gec gəldi. Nə vaxtdır gözləyirəm ki, dərdimi ona deyim. Mənim ki, ondan başqa bir köməyim yoxdur. Gülnisə deyir sənin üçün elçi gəlib, səni ərə vermişəm, getməzsən, səni maldan məhrum edərəm. Eyvah! Bəs Bəhram, bəs Bəhrama verdiyim sözlər. Bir dövlət üçün mən əmim oğlunu ata biləcəyəmmi? Yox! Yox! Mənim Bəhramdan başqa bir xeyirxahım yoxdur. O məni tutmuş, mən də onu tutmalıyam. O, ac qalarsa, mən də ac qalaram. Yox, istəmirəm o dövləti ki, məni Bəhramdan ayıracaq. Ax, niyə bu Bəhram gəlib çıxmadı? (Ayağa durur.) Bəlkə başına bir qəziyyə gəldi.
Bəhram daxil olur.
Bəhram. Xoş gördük, əmiqızı, yəqin məni çox gözləmişsiniz?
Sara. Niyə belə gec gəldin? Bilmirsənmi ki, əmin qızı sənsiz darıxır. Həm də intizar qalmışdım.
Bəhram. Bağışla, Sara, axund Fərəcullanın yanına getmişdim ki, ondan bəzi məlumatlar alım. Belə məlum olur ki, veksel vərəqəsi doğru imiş. Amma çifayda ki, qanun ilə bir şey eləmək olmaz. Dörd milyona qədər puldur. Məhkəməyə düşərsə, iki axundun şəhadətinə inanarlarmı? Və ondan əlavə, axundlar ömürlərində məhkəmə görmədiklərindən, məhkəmədə şəhadət etməkdən qəti surətdə imtina edirlər.
Sara. Bilirsənmi, Bəhram, mal bəhəməhal, heç olmasa da mənim üçün təfavüt etmir. Lakin bilirsənmi, Gülnisə mənə ərə getməyi təklif edir. Amma sənə yox, bir qeyrisinə.
Bəhram. Mənə də evlənməyi təklif edirlər, amma sənə yox, bir qeyrisinə.
Sara. Bəhram, belə də zülm olar? Mənə deyirlər ki, guya bu evdə qulluqçu kimi saxlanmışam…
Bəhram. Bəli! Sara! Mənə də nökər deyirlər, haqları da var. Zira, hər şey Gülnisənin adınadır.
Sara. Mənə təklif edirlər ki, milyoner Hüseyn Ağanın oğluna gedim, zira Bəhram yoxsuldur, deyirlər.
Bəhram. Mənə də təklif edirlər ki, Pərini alım.
Saranın üzü dəyişir.
Sara. Kimi? Pərinimi? Pərini?
Bəhram. Bəli, Pərini alım, yoxsa bu evdən çıxım. İndi bilmirəm nə eləyim.
Sara. Bəhram! Əmioğlu, özün bilirsən ki, mənim dünyada bir kimsəm yoxdur. Mən yalnız sənin vücudunla fəxr edirəm. İndi hər nə cür edərsənsə, mən də sənə tabe olmağa hazıram. Bəhram! Bilirəm indi sənin heç bir şeyin yoxdur. Unutma, mən günlərlə ac qalmağa da hazıram. Hərgah səni bu evdən qovmaqla təhdid edirlərsə, eybi yoxdur. Sən ac, mən də ac, gedək bir guşeyi-xəlvətdə əl-ələ verib işləyək, yaşayaq. Səadət pulda deyil, mənim səadətim səninlə olmaqdadır.
Bəhram. Doğru deyirsən, əmiqızı! Maldan əlin çıxarsa, canın sağ olsun. Onlar səni atdılarsa, mən varam. Sən mənim şəmimsən və mən pərvanə kimi daima dövrəndə fırlanmağa hazıram.
Sara. Ah, əmioğlu, vallah, sənin məhəbbətin və sən olmasan, mən bir dəqiqə dünyada qala bilmərəm. Mən ancaq sənin üçün yaşayıram.
Əbdül (daxil olur). Ay Sara xanım! Yavaş danışın, Gülnisə yan otaqdadır. (Çıxır.)
Sara. Bəhram! Sən bilirsən ki, mən bir ürəyiaçıq, sadəlövh adamam, amma bunların bu hərəkətini görəndə bədgüman oluram ki, bəlkə atamı da Gülnisə zəhərləmişdir ki, pulları özünə götürüb, Pərini də sənə versin.
Bəhram. Mən də bir qədər şübhə edirəm, ancaq bir az səbir etmək lazımdır. Qəm çəkmə. Sara, sən dur get, rahat yat, Allah kərimdir. (Sara durur.)
Sara. Sağ ol, Bəhram, Allah səni mənə çox görməsin, məni köməksiz qoymasın. (Sara gedir.)
Bəhram (tək). Ox, belə də xəyanət olarmı? İndi nə etmək? Milyonlarla pulları iki nəfər arvad əlimizdən alıb bizi evdən qovsunmu? Evdən çıxıb xidmət edərsəm, çox alacağam 40-50 manat, bununla bizə nə olacaq. Yox, burada bir iş var ki, bir növ ilə pulları əldə etmək üçün Pəri ilə yavuqlaşım, sonra yenə əvvəlki halında bərqəraram. Madam ki, bütün insanlar məkr və təzvir ilə öz məqsədlərinə yetişirlər, nə səbəbə mən hiylə qarşısında hiylə işlətməyim. Belə də olmalı. Bu gündən Pəriyə yavuqlaşmalıyam. Hələ bir neçə gündür ki, bir qədər yumşaq dolanıram. Demək ki, belə də olacaqdır (sükut). Ey dili-qafil, qız ki var, maqnit kimi bir şeydir. Yavuqlaşdıqca insanı cəzb edir; və nəhayət, ola bilər ki, bədbəxt əmim qızını tamamilə unudum. Qız ki var, atəş kimi bir şeydir. Yavuqlaşdıqca insanı yandırır. O… Yox! Mən özümü onu sevir kimi göstərərəm. Fəqət daima yadımda saxlaram ki,
5
Göyün qübbəsi.