Sıyrılmış qılınc. Cəlal Bərgüşad

Чтение книги онлайн.

Читать онлайн книгу Sıyrılmış qılınc - Cəlal Bərgüşad страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Sıyrılmış qılınc - Cəlal Bərgüşad

Скачать книгу

və ədalətli hökmdarımla açıq danışa bilərəmmi?

      Xəlifə zövcəsinin ürəyindən keçənləri duymuşdu. O, dodaqlarını ehmalca Zübeydə xatunun ulduzlu saçlarına toxundurub pıçıldadı:

      –Mənim gözəl mələyim bilməlidir ki, bu anda hökmdarlıq xanımların əlində olur.

      Zübeydə xatun şamların hamısını yandırıb qurtardı və yataq otağının ortasındakı xalının bir küncündə əyləşdi.

      –Bilirsən nə üçün belə adət yaranıb? Yataq otağının şamlarını, adətən xanım özü yandırmalıdır.

      –Nə üçün belədir?

      – Ərlərə xoş olsun deyə. Mən bütün şamları alışdırdım. Sən də söz ver ki, mənim qəlbimdəki yüz çıraqdan bircəsini yandıracaqsan.

      – Gözəlim, ərz etdim ki, bu gecə hökmdar sənsən!

      Zübeydə xatun ürəkləndi:

      – Əmirəlmömin onu bilməlidir ki, mən təkcə onun qadını deyil, həm də əzəmətli taxt-tacın sadiq keşikçisiyəm. Al geyimli xürrəmilər Bəzzdə üsyan qaldıranda saraydakı farslar sevindiklərindən bilmirdilər nə etsinlər. Sən Babil bataqlığında şir ovunda olarkən mən gecələr bu sarayda yata bilmirdim. Əgər farsların səndən qorxusu olmasaydı, bəlkə Cavidana kömək də göndərərdilər. Təbrizdə fikir məni üzmüşdü. Sarayın külli ixtiyarını baş vəzir alıb öz əlinə. Altun sarayında onun ağalığı uzunmu sürəcək?

      Zübeydə xatunun dizinə baş qoyan xəlifə onun incə belinə qol doladı.

      – Mənim mələyim bilməlidir ki, bu çayda bir kuzə batıb, onu da tapıblar Yer üzündə allah bir olan kimi, xilafətdə də hökmdar birdir. Baş vəzir Cəfər olsa-olsa mənim Seyyuri itimə tay olar.

      – Görüm qadir allah səni daha da uca eləsin. Fəqət istəyirəm biləsən həmişə ağızdolusu «qardaş» dediyin o baş vəzir Cəfər neçə ildir sənin taxt-tacına müştəri gözü ilə baxır. Məqam düşsə o sənin də, oğlunun da gözlərinə mil çəkdirər, bunu bil. Yadında varmı, məni Təbriz yaylağına ötürərkən yolda deyirdin ki, «düşmənə inanan özünə düşməndir, xainləri güldürmək sadiqləri öldürmək deməkdir!» Baş vəzirə ki, belə meydan veribsən neçə dost-tanış səndən üz döndərib, hətta sirdaşın şair Əbu Nüvvas Misirə qaçmaq istəyir… Sarayın mühafizə dəstəsi baş vəzirin buyruğu ilə durub-oturur. O hiyləgər farslara bel bağlamaq olar? Müqəddəs Məkkə haqqı, onlar Dəmirçi Gavənin5 bayrağını yenidən qaldıra bilərlər. Əmirəlmömin bilməmiş deyil ki, şahmat oyununda farslar olduqca mahirdirlər. Hətta sənin o fars qızı Məracil xatundan olan oğlun Məmun məşhur şahmatçı Əbu Hafiz Şətrəncini mat qoyur. Siyasətdə də şahmat oynayan farslarla son dərəcə ehtiyatlı olmalıyıq, yoxsa başımız ağrıyar. Hökmdarıma onu da deyim ki, qardaş qardaşın, ancaq süd payına şərik ola bilər. Şükür allaha, Əminlə Məmunun süd payı da ayrı olub…

      Xəlifə Harun cavab verməyəndə Zübeydə xatun daha da coşur, sarayda kimdən xoşu gəlmirdisə onu ərinə şeytanlayırdı. İndi o, baş vəzir Cəfəri unudub sarayın ən nüfuzlu filosofu əl-Kindinin6 üstünə düşmüşdü:

      – Ay başımın tacı, o xaçpərəsti saraydan qovmasan farslar üstümüzə ayaq alacaqlar. O çoxbilmiş keşiş durub-oturur Məmunun beynini cürbəcür axmaq fikirlərlə doldurur. Mən neçə dəfə bax, bu qulaqlarımla eşitmişəm.. Məmuna deyirdi ki, üsyançı xürrəmiləri ucdantutma qırmaqda hökmdar günah iş tutur. Əgər belə getsə kimdən vergi alınacaq? Ölülərdənmi? Xəzinə boşalacaq, çoxları müflis olub düşəcək dərviş gününə. Əl-Kindi özünü elə göstərir ki, elə bil sarayda xəlifəni ondan çox istəyən yoxdur.

      Harun ər-Rəşidin qolu Zübeydə xatunun belində qalmışdı. Susmuşdu. Özünü yenə laqeyd aparır və elə bil heç bu deyilənləri eşitmirdi. Zübeydə xatunun isə ürəyi dolu idi. O istəyirdi gecə qurtarıb sübh açılmasın. Ərinə deyiləsi o qədər xəbər var idi ki…

      Xəlifənin münasib olmayan belə bir vaxtda xanımından eşitdiyi giley-güzardan xoşu gəlməsə də, hörmət xatirinə hələ dözürdü. Zübeydə xatun Təbrizdən qayıdandan sonra yaman dəymədüşər olmuşdu. Küsə bilərdi. Hər şey onun ürəyinə toxunurdu. Yaxşı ki, Məracil xatunun dediyi sözlər hələ gəlib onun qulağına çatmamışdı: «Keçi Təbrizdən gəldi, özü ilə bir kisə qızdırma da gətirdi». Yaxşı deyiblər: İki ölünü bir qəbrə qoymaq olar, iki arvadı bir evdə saxlamaq olmaz. Əgər Zübeydə xatun Məracil xatunun onun barəsində nələr söylədiyini eşitsəydi, özü hökmdara demədən cəlladbaşı Məsruru çağırtdırardı. Əmr edərdi ki, Məracil xatundan doğulan xəlifə oğlu, Məmunun başı vurulsun.

      Xəlifə bilirdi ki, Zübeydə xatunun qəzəbi hüdudsuzdur. Odur ki, Zübeydə xatun danışdıqca bəzi sözləri eşitməzliyə vururdu. Bəzən qımışır, bəzən zövcəsinin sözlərini başını yüngülcə tərpətməklə təsdiq edirdi.

      – Gözəl mələk, bir ricam var.

      – Əmirəlmöminə itaət borcumdur.

      – Təvəqqe edirəm söhbətə şəkər qataq. – O, Zübeydə xatunun belini daha möhkəm sıxıb əlavə etdi. – Bu yataq otağında baş vəzir Cəfər deyilsən ki, mənimlə rəsmi danışasan. Təvəqqe edirəm, gözəlim nəzərə alsın ki, onun bəzi sözləri otağın havasını soyuda bilər. Yadındadırmı, nişanlı vaxtı hər yay səni Təbriz yaylağına özüm aparardım. Orda sən şeir yazardın, şeir deyərdin.

      Xəlifə qollarını incə belə daha möhkəm dolayıb sıxdı.

      – Yavaş!

      – Şəkərim, bağda bülbüllər oxuyur. Bülbüllər kimi biz də nəğməyə möhtacıq…

      Zübeydə xatun təzəcə yazdığı şeirini şirin bir avazla oxudu:

      Ey qaragöz ərəb qızı,

      Ey parlayan bəxt ulduzu!

      Gülüşlərin nə şirindir,

      Baxışların nə xumardır!

      O baxışdan allah özü

      Od umardı, pay umardı.

      – Oxu, yenə oxu!..

      Zübeydə xatunun iri, qara gözləri sevincindən alışıb-yandı, dodaqlarında təbəssüm oynadı. Bununla o, Harunun ehtirasını bir qədər də alovlandırdı. Və yavaşca alnını Harunun sinəsinə söykədi:

      – Təəssüf ki, belə şeirlər həmişə yox, ancaq yataq otağında söylənir.

      Xəlifə onsuz da daxilən gərgin idi, bu sözlərdən tutuldu. Zübeydə xatunun belini sıxdığı qolları boşaldı. Zübeydə xatun bir az geri durub məsumcasına xəlifənin gözlərinə

Скачать книгу


<p>5</p>

Dəmirçi Gavə İranın qədim əfsanəvi qəhrəmanıdır. O, İranı istila edən ərəb Zöhhakın əleyhinə üsyan qaldırıb onu taxtdan salmışdır.

<p>6</p>

Yəqub ibn İshaq əl-Kindi (ölüb 874) – ərəblərin məşhur filosofudur. O, rəngli ərəb xəritəsinin müəllifidir. Onun xəritəsində yollar qırmızı, səhra sarı, dəniz yaşıl, çaylar göy rənglə, dağlar isə tozcuqlarla işarə edilmişdir. Xəritədə iki dəniz təsvir olunmuşdu. Əl-Kindi bu məsələdə Qurana əsaslanmışdır. İtaliya filosofu Çeroloma Kardano (1501 – 1576) əl-Kindini dünyada yaşamış on iki ən nəhəng filosoflardan biri hesab edir. Əl-Kindi nəzəri görüşünə görə mötəzilli idi. O, sarayda xəlifə oğlanlarına tərbiyə verirdi. Xəlifə əl-Mütəvvəkkil (847 – 861) əl-Kindini nüfuzdan salıb, onun kitabxanasını zəbt edib və özünü saraydan qovmuşdu. Əl-Kindi bəzi hallarda xürrəmilərə rəğbət bəsləyirdi.