Sıyrılmış qılınc. Cəlal Bərgüşad
Чтение книги онлайн.
Читать онлайн книгу Sıyrılmış qılınc - Cəlal Bərgüşad страница 7
– Yuxun gəlir?.. Mənim mələyim, gör bu piyalənin üstündə nə yazılıb? Əbu Nüvvasın kəlamlarıdır, oxu səsini eşidim.
Zübeydə xatun şeiri şirin ərəb ləhcəsi ilə oxudu:
İstəyirəm meyxoş olam,
İstəyirəm sərxoş olam.
İstəyirəm allah özü,
Mənə bəxşiş, ənam versin.
Əllərimdə daşan badə
Bir gözəlin dodağını
Bax beləcə əmən görsün.
– Mənim mələyim, şeir xoşuna gəldimi?
– Əlbət ki…
– Mənim mələyim, həyat nəşədir. Mən, həyatda nəşədən qiymətli bir sərvət tanımıram. Kefcil Cəmşidin12 icad etdiyi bu al şərabdan sənin şərəfinə beş ritl13 içsəm də «az oldu» deyərdim. Bir bax, bu da Kütrəbbul şərabı! Şair Əbu Nüvvas deyir ki, Kütrəbbul şərabı qədim yunan allahlarının çox sevdikləri Nektar və Falern şərablarından da gözəldir. Bundan sonra mən dilimə Muğan şərabı vurmaram! Onu qoy atəşpərəstlərin özləri içsinlər. Pəh-pəh… Kütrəbbül şərabının rənginə tamaşa qıl! Ətri bihuş edir adamı. Şairlər haqlıdır. Cəmşidin şərab qədəhinə «Cami-cəm» adı verməkdə. Bilmirəm Məhəmməd peyğəmbər nəyə görə müsəlmanları bu gözəl nemətdən məhrum eləyib? Əgər mən…
– Ya əmirəlmömin, nə danışırsan? – deyə Zübeydə xatun incik halda əlini məcməyilərdəki meyvələrin üstünə qoydu. – Sənin Məhəmməd peyğəmbərdə nə işin?! Yoxsa sən də mötəzililərlə14 birləşib müqəddəs quranın ayələrini dəyişdirmək fikrinə düşmüsən? Onsuz da düşmənimiz əməvilər haqqımızda nalayiq şayiələr yayır. Bizim ölümümüzü istəyirlər… Hökmdarım, Qurandır səni qoruyan. Möhkəm tut ondan. Yadda saxla ki, baş vəzir Cəfər kimi qorxulu düşmənin var. Xürrəmiləri üstümüzə qızışdıran da bəlkə odur. Biz xürrəmilərlə hesab çəkməliyik, əməvilərlə yox!
– Mənim mələyim, indi mən ancaq sənin barəndə duşunürəm. Sən mənim gözümdə Süheyl15 ulduzundan qəşəngsən. Sübh açılan kimi bu görüşümüz şərəfinə çoxlu qul azad edəcəyəm.
Zübeydə xatun bu iltifat, qədr-qiymət müqabilində başını Harunun köksünə endirdi. Bədənnüma güzgüdə iki kölgə qovuşdu və sonra bu kölgələr ayrıldılar. Elə bil badam ləpəsi iki bölündü.
…Artıq Bağdad səmasındakı ulduzlar yoxa çıxmışdı. Saray bağında quşlar cibbildəşirdi. Səhər günəşinin şəfəqləri pəncərənin yaşıl pərdələri arasından süzülüb Zübeydə xatunun pərişan saçlarına dolmuşdu. Xanım gül ətirli yatağında yuxuya getmişdi. Harunun qırmızı saqqalı köksündə alov dilimini xatırladırdı. Yatmış Harun hərdən yuxuda əl-qol atıb öz-özünə danışırdı: «Vəzir, bu nə qara xəbərdir?! Xəzərlər mənimmi «Azad şəhərim»ə – Dərbəndimə hücum ediblər?! Mən azğınlara öz gücümü göstərərəm! Necə?! Atəşgahlarda xürrəmilər yenə od yandırırlar?! Mən onların da o günəşini əbədi söndürərəm!»
Xəlifə gah yuxuda Dərbəndə basqın edən xəzərlərin, gah da üsyançı xürrəmilərin qollarını zəncirlədib «ölüm ağacları»ndan asdırırdı. Birdən necə oldusa xəlifənin qolu zərblə Zübeydə xatuna toxundu… Hər ikisi hövlnak yuxudan qalxdı: «Bismillah!» Xəlifənin sədaqətli Qarapişiyi yataq otağının qapısını kəsdirmişdi. Pişik sahibinin səsini eşidib hərdən miyoldayır, hərdən qapını cırmaqlayırdı.
Altun sarayında şeypurlar çalındı, təbillər vuruldu. Bu – əyanları namaza səslədi. Bağdad məscidlərindən boğuq azan səsləri eşidildi. İşrət dumanları Harunun başından çəkilib gedirdi, gecə ikən anasını eşidib tədbir görmədiyinə peşman oldu: «Necə yəni düşmən yenə üstümüzə qılınc çəkir?! Azğın xəzərlər hücum edib Dərbəndi tuturlar, hə?! Zübeydə xatunun cehizi Azərbaycanı qarət edib talayırlar, hə?! Onun adamlarını əsir alıb Xaqana aparırlar, hə?! Doğrudanmı?!»
III
«AZAD ŞƏHƏR»İN QARA SƏHƏRİ
Fəlakətə düşən adam qorxmaz, yalnız məchulluq qorxuludur.
Azərbaycanın şimal obalarında, kəndlərində çayların kükrəyən, daşların çiçəklə örtülən vaxtı idi. Çöllərdə torağaylar, alacəhrələr hey ötürdü. Zərli kəpənəklər bir-birini qovmaqda idi. Lakin baharın bu gül-çiçəkli çağında, elə bil, ulu Hörmüz Sərətan bürcünə əsir düşmüşdü. Dərbənddə, sanki sübh açılmağa qorxurdu. Yaralıların naləsi… Xilafətin «Azad şəhər»i Dərbəndi Harun belə görsəydi başına hava gələrdi. Bəlkə də o gecəki qızıl qədəhə Kütrəbbul şərabı yox, zəhər süzərdi. Xəzər türkləri qorxu-hürkü bilmirdilər. Onlar şəhərin gözəllik və mərdlik simvolu olan şir heykəllərini harda görsələr çilikləyib küçələrə tökürdülər. Göyün üzünü tüstü dumanı bürümüşdü. Neft və taxıl anbarlarından alov qalxırdı. Xaqan, vaxtilə Əməvi və Abbasi xəlifələrinin Dərbənddə tikdirdiyi möhtəşəm, müqəddəs «allah evləri»ni hörmətdən salmaq üçün heç nədən çəkinmirdi. Xaqan məscidləri qəsdən at tövləsinə döndərmişdi. Fələstin, Dəməşq, Xəzər məscidlərindən ayğır kişnərtisi eşidilirdi. Həmməs, Qeysəriyyə, Cəzair və Mosul məscidləri isə qarət malları ilə dolu idi. Xəzərlərin belə nadan hərəkətləri onlara qarşı nifrəti artırırdı.
Küçə və meydançaları, bazarları, limanları üfunət qoxusu bürüməkdə idi. Çoxları burda yurd salmasına peşman olmuşdu. Lakin artıq gec idi. Hər cür işgəncəyə, əzab-əziyyətə dözməkdən başqa əlac qalmamışdı. Şəhərin bütün dəmir darvazaları xəzərlərin əlinə keçmişdir. Əsir alınan şəhər əhalisi Babül mühacir,16 Babül cəhad,17 Babül xüms18
12
Cəmşid – İranın Pişdadiyan sülaləsinin əfsanəvi şəxsiyyəti
13
Bir ritl – dörd yüz qram
14
Mötəzililər – IX əsrdə ruhanilər tərəfindən yazılan kitablar Quranın dediklərini təbliğ etməli idi. Bütün elm də Qurana əsaslanmalı idi. IX əsrin əvvəllərində islamın birliyi pozulur və islam dini parçalanıb beş qola ayrılır. Sünnilər, mötəzililər, murcilər, şiələr və xaricilər. Bu dini qollar arasında ciddi mübarizə gedirdi. Alimlərin hər biri Quranı öz bildiyi kimi məqsədinə uyğun surətdə təhlil edirdi. Dini rəvayətlər, əfsanələr mübahisəni genişləndirirdi. Rəvayətlərin əksəriyyəti bir-birinə zidd idi. Mötəzililər xüsusi fərqlənir və onlar Quranı müasir baxımdan təhlil edirdilər. Xəlifə Məmun dövründə mötəzililərin ideyası dövlət ideyası oldu. Lakin bu ideya axıra qədər davam gətirə bilmədi.
15
Süheyl – Parlaq ulduz. Bu ulduz Şərq ədəbiyyatında gözəllik simvoludur
16
Carçı qapısı
17
Qırxlar qapısı
18
Yeni qapı