Sıyrılmış qılınc. Cəlal Bərgüşad
Чтение книги онлайн.
Читать онлайн книгу Sıyrılmış qılınc - Cəlal Bərgüşad страница 6
– Heyf nişanlı günlərimizdən, o vaxtlar bir-birimizə necə də əziz idik – deyə Zübeydə xatun yüngülcə ah çəkib söhbəti təzələdi. – Yadındadırmı, Azərbaycanı töhfə alanda sənə təzə nişanlanmışdım. Nişanlı günlərimizdə Dərbəndə getdik. Orda mənim şərəfimə bağ saldırdın, dəyirman tikdirdin. Sonra Təbrizə qayıtdıq. Təbrizdə məndən ötrü tikdirdiyin yay sarayının qabağında gur sulu bir kəhriz də vurdurdun. Dedin: «Bu da Zübeydə xatun kəhrizi». Hər gün o kəhrizdən su içəndə səni yada salırdım. Elə gözəl sərin suyu var ki! Heyf o qayğısız günlərdən. Yadındadırmı Təbriz yaylağında gül-çiçəkdən mənə çələng hörərdin. Bağdada qayıdarkən gecələr ən çox saray bağında mənimlə gəzərdin. Sonra da ay işığında yelkənli qayıqlara minib Dəclədə səhərə kimi üzərdik.
– Əzizim, bu dediklərin heç yaddan çıxarmı? İstərdim belə xoş xatirələri ömrün boyu unutmayasan.
Zübeydə xatun vaxtı uzatmaqdan usanmışdı. Başını Harunun çiyninə qoydu. Qızıl tozu səpilmiş gur saçları şəlalə kimi dağılıb ərinin çiyinlərinə töküldü, hər ikisinin ürəyi bərk döyündü. Xalının üstündən qalxıb nazbalışa tərəf getdilər. Harun ərəb gözəlinin ətirli nəfəsindən məst olmuşdu. Pəncərədən içəri axan səma şöləsi şamların işığına qarışıb Zübeydə xatunun çöhrəsini nurlandırır, xəlifənin pərisini daha cazibədar göstərirdi. Harun məftun halda qırmızı ipək yastığa dirsəklənib ehtirasla xanımına baxırdı. Zübeydə xatun yataqdan qalxdı, bədənnüma güzgünün qabağında sərv ağacı kimi dayandı. Xınalı, şümşad barmaqları ilə dağınıq saçlarını düzəltdi. Güzgüdə utancaq qızlar kimi şən bir təbəssümlə Haruna göz vurdu. Harun da bunu görüb təzədən bürküləndi.
Zübeydə xatun Təbrizdə bahar çiçəklərinə dönmüşdü, xəlifənin gözündə məlaikə mislində idi.
Altun sarayının bütün cariyələri Zübeydə xatuna tamaşa eləyib «bəh-bəh» deyər, onun bahalı bəzək-düzəyindən danışardı. Təbrizli dərzilər Zübeydə xatun üçün təzə paltarlar tikmişdi. Ərinin görüşünə getməzdən qabaq neçə məşattə xanımı zövqlə bəzəmişdi.
Xilafətdə ilk dəfə çaxçur7 geyən də Zübeydə xatun idi. Ona yaraşırdı. Hətta o, hər dəfə Təbrizdən gələndə oğlu Əmin üçün hədiyyə gətirdiyi yüz qəşəng qıza da yaşıl ipəkdən çaxçur geyindirib saray bağına gəzintiyə aparardı.
Bu axşam Zübeydə xatunun Çin xarasından tikdirdiyi zümrüdü gilələsi,8 qızılgül rənginə çalan çələbiyyəsi9 onu təzə gəlinə oxşadırdı. Baş məlaikə cənub səmasını xatırladan saçlarının üstünə yaşıl cuqqu çəkmişdi. Başındakı tuğrası10 qiymətsiz idi. Tuğrada qızılquş nəqş olunmuşdu. Quşun qanadları və köksü brilyant və yaqutla bəzədilmişdi. Məlaikənin cıqqasındakı yaşıl alov rəngli zümrüd dənəsi ağappaq döşlərinin arasında gizlənən gözmuncuğundan da cazibəli idi. Şam işığında xanımın başmaqlarına düzülən irili-xırdalı almaz və zümrüd dənələri qığılcıma bənzəyirdi. «Ey axmaq, niyə diz çöküb bunun ayaqlarından öpmürsən?!» deyə xəlifə özünü məzəmmət elədi. Zübeydə xatun güzgü önündə sərv kimi silkələnirdi. Qulağındakı noxud boyda mirvariləri bərq vururdu. Biləyindəki nadir bilərziyin şəfəqi onun dərisinə necə də uyarlı idi. Harun bu bilərziyi nişanlı vaxtı Təbrizdən gətirmişdi. Zübeydə xatunun qönçə dodaqlarına təbəssüm qonmuşdu. Gülümsəyəndə yanağındakı balaca zənəxdanı sanki göz vururdu. Elə bil közərmiş yanaqlarına barmaq qoysan barmağı yandırardı.
Xəlifə Harunun baxışları güzgü önündə cilvələnən xanımın əndamını səyahətə çıxmışdı. Harun elə bil onu birinci dəfə idi görürdü. Sanki zifaf gecəsi idi.
«Fətəbərəküllah əhsənül xaliqin!»
Xəlifə çox sevdiyi bu kəlamı dodaqaltı pıçıldayıb ayağa qalxdı və şən halda məlaikəyə yaxınlaşdı. O, üsulluca, titrək barmaqları ilə xanımının təzəcə belinə bağladığı zümrüd qaşlı kəmərini açdı…
«Əfv edin məni, xanım! Nə buyruğunuz var, əməl olunacaq!» Xəlifəni məstedici qadın nəfəsi oxşadı.
Onların gözündə zər-xaralı ipək yorğan-döşək yenidən bəxtəvər oldu. Zübeydə xatun ürəyində dedi: «Əhsən sənə Ruhiyyə! Baş məşşatəlik sənə yaraşır. Məni elə bəzəyibsən ki! Əvəzi çatar». Məlaikənin zərlə nəqşlənmiş dırnaqları xəlifənin kürəyində közərirdi. Xəlifə xəyalən məşuqəsi Qərənfillə Zübeydə xatunun gözəlliyini müqayisə edirdi. Gah üstünlüyü məşuqəsinə, gah da xanımına verirdi. Hər halda onun yanında indi Zübeydə xatun idi. Xəlifəyə elə gəlirdi ki, günəş özü belə bu afətin gözəlliyinə həsəd aparır.
– Fətəbərəküllah əhsənül xaliqin! Ya rəbb, görəsən yer üzündə qadından gözəl məxluq varmı? Qadının sərvəti «qarət» olunarkən üzə çıxır, zinəti üzə çıxır. Gələcəyin hökmdarı qadının bətnində günəşə dönür… Gözəlim, söz verirəm, mənim taxt-tacımın sahibi sənin bətnində günəşə dönən Əmin olacaq. Odur mənim vəliəhdim! Doğru sözdür ki: «Qardaş qardaşın, ancaq süd payına şərik ola bilər. halbuki onların südü də ayrı olub.
Zübeydə xatun xoşbəxt idi, səadət duyğuları onu çulğamışdı. Dinmirdi, zərif burnunu hərdən Harunun qabarmış sinəsinə toxundururdu. Nəhayət o:
– Ey mənim taleyim – dedi – deyirlər: «Nə qədər qulun, o qədər qənimin!» Məni gözü götürməyən çoxdur. Onlar sənin bu ədalətli sözlərini eşitsələr paxıllıqdan partlayarlar.
Zübeydə xatun bilmirdi xəlifəyə necə dil-ağız eləsin, bir qadın kimi onun zövqünü necə oxşasın!.. Bu anda gözlənilmədən qapı tıqqıldadı. Nadir hadisə idi, xəlifə şaşqın halda qollarını Zübeydə xatundan çəkdi. Sakitlikdə Harunun ürək döyüntüləri eşidildi. Xəlifə ayağa qalxdı, məlaikə isə dikəlib yerin içində oturdu. Belə bir vaxtda xəlifəni narahat edən kim ola bilərdi?! Ölümündən qorxmurdumu həmin kəs?
Xəlifə hirsləndi:
– Bu fərraşlar harda qırılıblar görəsən?!
Qapıya tərəf getdi və qapı arxasından anasının səsini eşitdi:
– Namünasib vaxtda gəlmişəm, oğul! Qasid qırmızı lələkli məktub gətirib. Bədbəxtlik üz verib. Xəzərlər Dərbəndə hücum ediblər. Hökmün nədir?
Xəlifə qapının bəri üzündən dedi:
– Səbrin
7
Çaxçur – eramızın VIII – IX əsrlərində dini mərasimlərdə ipək çaxçur geymək adət idi. Zübeydə xatun bu paltarı da məclisdə geyməyi dəb salmışdı.
8
Gilələ – alt qadın paltarı.
9
Çələbiyyə – ərəb qadınlarının gecələr geydiyi paltar.
10
Tuğra – Abbasi nəslindən olan qadınlara və qızlara məxsus xüsusi daş-qaşla bəzədilmiş baş geyimi.