Sıyrılmış qılınc. Cəlal Bərgüşad
Чтение книги онлайн.
Читать онлайн книгу Sıyrılmış qılınc - Cəlal Bərgüşad страница 8
– Ey qırxayaq, hara dırmanırsan?! Qaladan düş aşağı, işini bitirək!
– Qala nədi, lap göyün yeddi qatına çıxsanız da əlimizdən qurtara bilməyəcəksiniz!
– Ehey, hardasınız? Eşidin, bilin, bir də «Gil ayaqlı nəhəng»in ayağı bu yerlərə dəyməyəcək! Tabe olun Xaqana!
Mamırlı nəhəng daşları qurğuşunla bir-birinə lehimlənmiş, əzəmətli İsgəndər səddinin diş-diş divarları üstündə hələ də qara bayraqlar dalğalanırdı. Xəzərlər nə qədər cəhd göstərsələr də, bayraqları ordan götürə bilmirdilər. Səddin qaranlıq pillələrini və divarlarını kollar və yabanı otlar basmışdı. Xəlifə əsgərləri kolların, otların arasına sinib qalaya dırmaşan xəzərləri oxa tuturdular:
– Ey talançılar, bu müqəddəs qara bayraqlar toxunulmazdır!
Sərrast atılan oxlar öz işini görürdü. Xəzərlər qəzəblə vurnuxurdular.
– Vay bu oxu hardan atdılar?!
– Dayan, payını alarsan!..
…Neçə gün idi Dərbənd çalxanırdı. Əlləri məşəlli bir dəstə Xəzər süvarisi sübhün ala-qaranlığında İsgəndər səddinin divarları yanında dolaşırdı. Onlar məşəlin işığında meyitləri görən kimi ölü yığanların üstünə acıqlanırdılar:
– Gözünüz kordur?! Baxın, burda nə qədər cəsəd qalıb, aparın!
– Tənbəllər, tez olun görək, gün çıxandan sonra bura meyit iyindən yaxın düşmək olmayacaqdır!
Ağız-burunlarını dəsmalla bağlamış ölü yığanlar divarın dibində irigövdəli bir meyit gördülər.
– Bu nə zorbadır, bunun da meyitini aparıb yandıraq?23
Süvarilərin başçısı özündən çıxdı.
– Axmaq, müsəlman meyitini yandırsan ruhu cənnətə gedər! Bas onu xəndəyə, üstünü torpaqla!
Ölü yığanlar yorulub əldən düşmüşdülər. Köməkləşib, ağır zirehli cəsədləri güclə yerdən qaldırırdılar.
Xəzərlər müsəlman cəsədlərini basdırır, türk cəsədlərini isə yarmaça kimi götürüb bir-birinin üstünə atır, od vururdular.
Yanan meyitlərin iyi aləmə yayılırdı. Süvarilər dəsmallarını burunlarına basıb, atlarını mahmızlayırdılar.
Dərbənddə qara səhərlər açılırdı. Cəsəd tığından qalxan tüstü İsgəndər səddini basır və bu tüstü sütunlarını yarıb qalxan alovu külək vurub şiddətləndirirdi. Alovun çırpınan dilləri səddin yuxarı daşlarına toxunurdu.
Ölü yığanlar hələ nəfəsləri kəsilməmiş xəlifə əsgərlərini atlarının, qatırlarının quyruğuna bağlayıb dərin xəndəklərə tərəf sürüyürdülər… Yaralı mücahidlər son nəfəslərinə qədər təslim olmur, bağıra-bağıra xəzərləri qucaqlayıb özləri ilə xəndəyə salırdılar.
Xəlifə əsgərləri ox atmaqda mahir idilər, xəzərlər ziyan çəkirdi. Qala mazqallarından tez-tez ox vıyıltısı eşidilirdi. Keşikçilər xəzərləri söyürdülər:
– Soyğunçular! And olsun allaha, Xəlifə Harun bu qisası sizdə qoymayacaq!
– Azğınlar, biz xəlifə yolunda ölərik, amma təslim olmarıq!
Xəzərlər quduzlaşıb daha da amansız olurdular. Ancaq xəlifə keşikçilərinin xəndəkdə iniltisini eşidəndə qəzəbləri bir balaca soyuyurdu: «gəbərin orda, sizin axirət dünyanız ordadır».
Isgəndər səddi qanlı vuruşmaları çox görmüşdür. Ancaq belə müsibətə birinci dəfə idi ki, düçar olurdu. Səddin divarları oxdan dəlik-deşik idi.
Rübas və İnci çaylarında hey meyit axırdı. Xəlifə Harunun Rübas çayı üstündə tikdirdiyi dəyirman xaraba qalmışdı. Dalğa vurduqca dəyirmanın dəhnəsində cəsədlər ölü balıqlar kimi bir-birinə dəyib fırlanırdı. Şəhər kənarındakı Məsruf hovuzu da, Qübbəli hovuz da insan cəsədləri ilə dolmuşdu.
Dərbəndin bütün dəmir darvazaları ağzında silahlı xəzərlər keşik çəkirdilər. Xaqandan icazəsiz heç kəs şəhərdən çıxa bilməzdi və heç kəs şəhərə girə bilməzdi. Vaxtilə xəlifələr xaqanın ağ paltarlı, ağ atlı qasidlərinin gözünü bağlamamış bu darvazalardan içəri buraxmazdılar. «Qoy keçidləri görməsinlər» deyərdilər. Çarx dönəndə dönür.
Kəmərlərindən gildən qayrılmış mürəkkəbqabı asılan bir neçə mirzə qarət mallarını tələm-tələsik siyahıya alır, əsirlərin kim olduğunu öyrənib dəftərlərə yazırdı. Şişib köpmüş üzü xəz kürkün içində əcaib divə oxşayan çopur bir mirzə, qolları zəncirlənmiş əsiri sorğu-suala tutmuşdu:
– Adın nədir?
– Şibl.
– Hardansan?
– Bilalabaddan…
– Məşğuliyyətin?
– Tacirəm.
– Nə qədər malını almışıq?
– Bir karvan kağızım qarət olunub.
Çopur mirzə «kağız» sözünü eşidəndə sevincək oldu. Qurğuşun lövhəni tələsik Şiblin boynundan asdı. Tacir udqundu və acı-acı mirzənin gülüşlə səyriyən çopur sifətinə baxdı. Mirzənin burnunun üstündəki bir cüt tük nizə kimi dik dayandı. Nicat yolu tapmaq lazım idi. Şiblin arıq sifətini örtmüş seyrək saqqalında tüklər titrəşirdi. Şişman mirzə onun saqqalından tutub dartdı:
– Sənin nömrən min beş yüz oldu. Yadında saxla! Min beş yüz! Özün də keç bu tərəfə.
– Keç deyirsən keçərik. – Şibl qanlı-qanlı mirzəni süzdü:
– Ey, yekəqarın, bura gəl!
– Gəlim də.
– Bəs sənin adın?
– Salman!
– Sən Dərbənddə nə ilə məşğul idin?
– Mən
22
Bəzi tarixçilərin yazdığına görə Makedoniyalı İsgəndər bu səddi şimal tayfalarının hücumlarından qorunmaq üçün çəkdirmişdir. Bəzi tarixçilər isə bu səddin Sasani padşahı Ənuşirəvan tərəfindən tikdirildiyini iddia edirlər.
23
O dövrdəki xəzərlərə görə guya cəhənnəm yerin altındadır. Kim yerə basdırılsa, o cəhənnəmə gedir. Odur ki, xəzərlərdə meyiti yandırmaq adət idi.