Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli

Чтение книги онлайн.

Читать онлайн книгу Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli

Скачать книгу

– mən dedim. Çünki mən hər zaman nəzakətliyəm. – Mən cənab Dristublam – Batavus Dristubl. “Last və Ko” qəhvə dəllalığı ilə məşğul olan şirkətdir və Laurier Kanal 37 ünvanında yerləşir.

      – Lap yaxşı, Dristubl, sən məni tanımırsan? Üzümə bax. Onun üzünə baxdıqca daha çox xatırlayırdım. Amma hər nə qədər qəribə səslənsə də, onun üzü məndə elə bir təəssürat yaradırdı ki, sanki xarici parfüm iyləyirəm. Oxucu, bu dediklərimə gülmə. Tədricən bunun necə baş verdiyini özün də görəcəksən. Tam əmin idim ki, üzərində bir damcı da olsun parfüm yox idi, bununla belə çox güclü, mənə nələrisə xatırladan bir iy gəlirdi. Və mən onu tanıdım.

      – Məni yunanın əlindən qurtaran sən idin? – mən soruşdum.

      – Hə, əmin ola bilərsən ki, mən idim. Sən necəsən?

      Ona ofisimizdə 13 nəfər çalışdığımızı, işimizin həddən ziyadə çox olduğunu, sonra isə işlərimizin necə çoxaldığını deyib onun vəziyyətini xəbər aldım. Buna çox peşman oldum. Maddi durumu heç də ürəkaçan deyilmiş, mən isə kasıb adamları xoşlamıram, çünki çox zaman bu onların öz günahı olur. Allah ona etibarlı olan bəndələrini pulsuzluqla sınamaz. Gərək “biz 13 nəfərik” deyəndən sonra “gecən xeyrə” deyib sağollaşardım. Bu zaman ondan da yaxamı qurtarmış olardım. Amma suallar və verilən cavablar ondan yaxamı qurtarmağı hər keçən dəqiqə çətinləşdirirdi. Hərçənd etiraf etməliyəm ki, ondan yaxamı qurtarsaydım, indi sənin oxumağa kitabın da olmazdı. Çünki bu kitab var oluşuna görə məhz həmin görüşə borcludur. Mən hər şeydə bir xeyir axtarıram, belə etməyənlər naşükür insanlardır. Onların varlığına dözə bilmirəm. Bəli, bəli. Bu, məni yunanların cəngindən xilas edən həmin adam idi. Hərçənd məni piratların əsir götürməsini, yaxud Levantda dava salmamı düşünməyinizi də istəmirəm. Artıq sizə evliliyimdən sonra arvadımla bərabər Haaqaya getdiyimizi, orada muzeyə baş çəkib Veene küçəsindən mənə mahud parçadan köynək aldığımızı demişəm. Bu, mənim Amsterdamdakı ağır işimin icazə verdiyi yeganə ekskursiya oldu. Yox, onun yunanın burnunu ovması mənim hər zaman başqalarının işinə qarışmağım ucbatından oldu. Məncə 1834-cü ilin sentyabrında Amsterdamda hər il baş verən yarmarka vaxtında baş vermişdi. Valideynlərim məndən din adamı etmək istədiklərindən mən Latin dilini öyrəndim. Sonradan mənə qaranlıq qaldı, holland dilində “Allah gözəldir” demək üçün Latın dilini öyrənməyə nə gərək var? Hə, Latın dili məktəbinə getdim. (İndi o, gimnaziya adlanır.) Və yarmarka orada keçirilirdi. Yəni, Amsterdamdakı həmin yarmarkada. Vester Marketdə dükanlar vardı. Və əziz oxucum əgər sən Amsterdamdansansa və mənim yaşıdımsansa, o zaman həmin köşklərdən birinin qabağında qara gözlü yunan geyimli gözəl bir qızın dayandığını xatırlayarsan. Onun atası da yunan idi, ən azından yunan xarici görünüşünə sahib idi. Onlar hər cür parfüm satırdı. Mən sadəcə həmin qızın çox gözəl olmasını düşünmək üçün çox yaşlıyam. Onun barəsində danışmağa isə cəsarətim yetmirdi. Belə bir cəhd etsəydim də, nəticəsiz qalacaqdı. Çünki 18 yaşında bir qız 16 yaşında bir oğlanı körpə hesab edir, haqlıdır da. Hərçənd, bizlər, məktəbli oğlanlar hər zaman həmin qızı görmək üçün Vester Marketə gedirdik.

      İndi mənim qarşımda dayanan həmin bu adam o zaman bizimlə olanlardan biri idi. Düzdür, o zaman bizlərdən yaşça kiçik idi, həmin yunan qıza baxmaq üçün hələ uşaq idi. Yaşca sinifdə ən kiçik olsa da, etiraf etməliyəm ki, çox ağıllı idi. Eyni zamanda tullanmaq, oynamaq və dalaşmaq həvəskarı idi. Bu səbəbdən də bizimlə idi. Uzaqdan yunan qıza baxdığımızda (məncə sayımız 10 idi) onunla necə tanışlıq qura biləcəyimizi dərindən götür-qoy edirdik. Qərara aldıq ki, hamımız pul qoyub ona bir hədiyə alaq. Sonra kimin onunla danışa biləcək qədər cəsarət sahibi olmasına qərar verməkdə çətinlik çəkdik. Püşk atdıq, mənə düşdü. Yeri gəlib, deyim ki, təhlükəli durumlarda cəsarətli olmağı sevmirəm. Mən bir ərəm, bir atayam. Və təhlükəli durumlarda cəsarətli olmağa qalxan hər kəsi axmaq hesab edirəm. Bu barədə İncildə də oxuya bilərsiniz. Təhlükə və bu kimi başqa şeylər haqqında çox-çox illər öncə düşündüyümü indi də düşünməyim mənə böyük məmnunluq hissi bəxş edir. Həmin axşam əlimdə yığdığımız 12 qəpiyi tutub Yunan köşkünə yaxın durduğum anlarda nə düşünürdümsə, indi də həmin fikirdəyəm. Amma yalançı utanc səbəbindən buna cəsarətim çatmadığını yoldaşlarıma söyləyə bilmədim. Bundan əlavə, öz iradəmə qarşı getməli oldum, çünki yoldaşlarım məni irəli itələdi və tezliklə artıq köşkün qarşısında dayanmışdım.

      Həmin qızı görmədim. Heç nə görmədim. Gözlərim önündə hər şey yaşıl və sarı oldu.

      – Plait il? – o dedi. (Nəsə edə bilərəm?) Bir qədər özümə gəlib davam etdim. “Misir Nildən bir hədiyyə idi.” Əmin idim ki, həmin anda yoldaşlarımdan biri arxadan məni itələməsəydi onunla uğurla tanış olacaqdım. Zərbənin gücündən köşkə sərələndim. Boynumda bir zərbə hiss etdim, ikinci bir az aşağıdan, durumum haqda düşünməyə macal tapmamış yunanla bərabər çadırın içində idim. Kimsə başadüşülən fransız dilində mənə “əclaf” olduğumu və polis çağıracağını söylədi. Hazırda qıza çox yaxın idim, amma bu mənə heç bir zövq vermirdi. Qışqırırdım, aman diləyirdim, çünki çox qorxurdum. Amma köməyim yox idi. Yunan əlimdən tutub qaldırdı və məni vurdu. Gözüm yoldaşlarımı axtardı. Biz elə həmin səhər əlini oda soxan Sevola haqda oxumuşduq. Və Latın dərsimizdə onun elə müsbət, elə yüksək biri olduğu haqda düşündük ki… Amma hazırda mənim üçün əlini oda salan biri yox idi. Mən belə düşündüm. Amma qəfildən “Şallı adam” (daha onu belə çağıracağam) köşkün arxa çıxışına doğru tələsdi. Onda o, nə hündür, nə də güclü idi, amma cəsarətli və çevik oğlan idi. Hələ də onun gözlərindəki parıltını görə bilirəm. O, yunana bir yumruq atdı və mən xilas oldum. Sonradan yunanın onu əməllicə əzişdirdiyini eşitmişdim, amma başqa insanların işlərinə qarışmama kimi prinsipim olduğundan dərhal və tam sürətlə oradan uzaqlaşmışdım. Və heç nə görməmişdim.

      Bu səbəbdən də onun üzü mənə parfümü və Amsterdamda bir yunanla dalaşmağın nə qədər asan olduğunu xatırlatdı.

      Sonralar, hər dəfə bu adam Vester Marketdə öz dükanında olanda mən əylənmək üçün oradan yan keçib başqa yerlərə gedərdim.

      Fəlsəfi müşahidələri çox sevdiyimdən icazə verin bu dünyada hər şeyin necə qəribə qurulduğunu qeyd edim. Həmin qızın gözləri daha işıqlı olsaydı, saçları daha qısa olsaydı, yaxud oğlanlar məni köşkə doğru itələməsəydilər, sən də bu kitabı bu dəqiqə oxumuş olmayacaqdın. Bu səbəbdən də bütün bu olaylara yaxşısı budur minnətdar olasan. İnan mənə, bu dünyada hər şey necə varsa, elə də gözəldir. Hər zaman şikayət edən narazı insanlar heç də mənim dostlarım deyil. Odur, Busselink və Voterman kimi. Nəysə… Mən davam etməliyəm, çünki bu kitabı nəhəng Yaz Qəhvə Hərracına kimi bitirməliyəm. Düzünü desəm, – çünki mən düz danışmağı xoşlayan adamam – həmin adamla yenidən görüşmək heç xoşuma gəlməmişdi. Qəfildən anladım ki, o, fəxr edə

Скачать книгу