Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli

Чтение книги онлайн.

Читать онлайн книгу Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları - Multatuli

Скачать книгу

biri üçün bu, çox az adamın sahiblənə biləcəyi böyük bir məbləğdir. Onun şikayətlənməyə haqqı yoxdur. Mən bu hesablamanı “Şallı kişi”nin qutusundan çıxan sövdələşmə vərəqlərinə əsasən apardım. Şallı kişiyə baxanda onun çox kasıb olduğunu düşünmüşdüm, o, heç saatın neçə olduğunu bilmirdi, mən ona Bastianusun mövqeyini necə həvalə edə bilərdim? O halda ona deyirdim ki, mənə “cənab” demək onun öhdəliyidir. Bu məsələni ümid edirəm ki, mən ona demədən də bilər. Çünki bir işçi müdirini adı ilə çağıra bilməz. İşə 4 yaxud 5 yüz qulden maaşla başlaya bilər. Bastianus 7 yüz quldenə çatmazdan öncə bir neçə il işləməli olmuşdur. Və sonra mən yaxşı bir iş görmüş oldum. Bəli, 3 yüz quldenlə o, çox gözəl başlaya bilərdi, çünki təcrübəsinə əsasən ilk ili, əlbəttə ki, şəyirdlik hesab edəcəkdi, bu isə öz növbəsində tamamilə doğru olardı, çünki o, köhnə işçilərlə bərabər ola bilməzdi. Tam əminəm ki, iki yüz quldenlə də məmnun qalardı.

      Amma onun davranışı ilə bağlı rahat deyildim, onun çiynində şal vardı, bundan əlavə, harada yaşadığını da bilmirdim.

      Bir neçə gün sonra cənab Stern və Fred “Vapen van Bern” otelində kitab hərracını ziyarət etmişdir. Mən Fredə nəsə almağı qadağan etmişdim. Amma çox pulu olan Stern bir az zir-zibil almışdı: bu onun işidir. Amma Fred “Şallı kişi”ni gördüyü haqda xəbərlər gətirmişdi, orada işə düzəlibmiş, işi kitabları rəflərdən götürüb hərrac iştirakçılarına vermək imiş. Fred onun çox solğun göründüyünü və orada söz sahibi olduğu bilinən cənabın Aqlayanın cildlərinin tamamını əlindən saldığı üçün onun üstünə bağırırdığını dedi. Onun tərəfdən belə valehedici qadının kitabını zədələmək çox yöndəmsiz hərəkət idi. Azarlama əsnasında Fred onun günə 15 pense qazandığını öyrənib. “Nə hesab edirsən, hər gün sənə 15 pensi elə-belə verirəm?” Cənabın ona sözləri belə olubmuş. Hesabladım ki, hər günə 15 pense – bazar günlərini və bayramları saymasaq, yoxsa biz aydan, ildən danışmalı olardıq – qazansa, bu ilə 225 qulden pul edir. Mən qərarlarımı tez verirəm – bu qədər uzun müddət biznesin içində olan adam dərhal nə etmək lazım olduğunu bilir – və mən növbəti səhər Qaafzuirgerə zəng vurdum. Hərracı keçirən məhz bu kitabsatan şəxs idi. Mən ondan “Aqlaya” cildlərini əlindən yerə salan işçi haqqında soruşdum. “İşdən çıxıb artıq.” – Qaafzuirger dedi, – o, məğrur, iş görməyən tənbəl biri və xəstə təfəkkürlü idi.

      Mən bir qutu vafli aldım və dərhal Bastianusa digər bir şans vermək qərarına gəldim. Qoca kişini belə gözlənilməz şəkildə küçəyə atmaq ağlımın ucundan da keçmirdi. Ciddi olmaq lazımdır, amma eyni zamanda həm də bəzən tolerant davranmalısan. Mənim prinsipim hər zaman belə olub. Hərçənd heç zaman biznesimdə faydalı ola biləcək heç bir informasiyanı əldə etmək imkanından məhrum etmirəm özümü. Bu səbəbdən də Qaafzuirgerdən bu “Şallı kişi”nin harada yaşadığını soruşdum. O, ünvanı mənə dedi, mən isə onu yazdım. Kitab haqqında düşündüm, amma həqiqəti xoşladığımdan sadəcə sənə onu deyim ki, bunu necə edəcəyimi bilmirdim. Bir şey dəqiq idi: mənim “Şallı kişi”nin qutusundan tapdığım şeylər qəhvə dəllalı üçün vacib şeylər idi. Yeganə məsələ bu materialları düzgün çeşidləmək idi – hər bir dəllal qutuları düzgün çeşidləməyin necə önəmli olduğunu bilirdi. Amma yazışma, özü də müdirlərlə yazışma, mənim prinsiplərimə ziddir. Hiss edirdim ki, yazmalıyam, çünki ticarətimin gələcəyi bu məktubdan asılı idi. “Şallı kişi”nin qutusundan əldə etdiyim informasiya elə deyil ki, “Last və Ko” istisnasız olaraq ondan bəhrələnsin. Yoxsa hər kəs başa düşərdi ki, mən gərək Busselink və Votermanın xeyri üçün bir kitab nəşr etdirməyin əziyyətini çəkməməliyəm. Çünki ticarətdə rəqibinə yardım edən hər kəs axmaqdır, bu, mənim üçün dəyişməz prinsipdir. Yox mən bütün qəhvə bazarının başının üstünü kəsdirmiş təhlükəni görürdüm. Bu, yalnız bütün dəllalların birgə səylərlə qarşısını ala biləcəyi təhlükə idi. Amma hətta bu belə yetərli olmaya bilərdi, onda şəkər çuğunduru təmizləyənlər və indiqo tacirləri də ola bilsin kömək etməli olsunlar.

      Və yazdıqca düşünürəm ki, bəlkə gəmi sahibləri də bu işdə necəsə maraqlı ola bilərlər. Və dəniz kommersiyası… Əlbəttə bu doğrudur, yelkən düzəldənlər də, maliyyə nazirləri də, kasıbları görməzdən gələnlər də, başqa nazirlər də, şirniyyat hazırlayanlar, dükan sahibləri, qadınlar, gəmi düzəldənlər, topdan satış tacirləri, pərakəndə satışla məşğul olanlar və bağbanlar da…

      Yazarkən düşüncələrin ora-bura necə qaçması maraqlıdır, mənim kitabım həmçinin, dəyirmançılar, keşişlər, Hollovey həbi satıcıları, likör distillə edənlər, kafel düzəldənlər, milli borc hesabına yaşayanlar, nasos düzəldənlər, kəndir düzəldənlər, toxucular, qəssablar, dəllallar, məmurlar və Holland ticarət şirkətinin səhmdarları haqqındadır. Faktiki olaraq başqa insanlar da nəzərdə tutulub – Kral da həmçinin – bəli, hamıdan çox Kral düşünülüb bu kitab yazılarkən. Mənim kitabım bütün dünyanı səyahət etməlidir. Bunun qarşısını heç nə ala bilməz. Busselink və Votermanın bunu oxuması vecimə deyil – mən paxıl deyiləm, amma düşüncəm budur ki, onlar qoca qadınlar və idman ayaqqabılarıdır. Eyni sözləri bu gün səhər cavan cənab Sternə özümü “Artis” kimi təqdim etdiyimdə də dedim. O, bu barədə evə yaza bilər.

      Beləliklə bu, bir neçə gün öncə baş verib, kitabımla nə edəcəyimi bilmirdim, amma Fred mənə dilemmamı çözməyə yardım etdi. Ona belə demədim, çünki heç kimə ona borclu olduğumu göstərməyi doğru hesab etmirdim. Bu mənim prinsipimdir və doğru prinsipdir. O dedi ki, Stern ağıllı oğlandır, Holland dilində sürətlə inkişafa nail olub, bir də dedi ki, o, “Şallı kişi”nin alman dilindəki şeirlərini holland dilinə tərcümə edib. Görürsünüz də, holland alman dilində yazıb, alman isə onu holland dilinə tərcümə edib. Hər kəs öz dili ilə məşğul olsaydı, bir çox problemlərin qarşısını almaq mümkün olardı. Amma mən düşündüm ki, kitabım bu Stern tərəfindən yazılmış olsaydı, nəsə əlavə etməli olduğumda zaman-zaman yeni bölümlər yaza bilərdim. Fred də mənə kömək edə bilərdi. (Onun çətinliklər lüğəti vardı.) Meri ədalətlə üzünü köçürə bilərdi və bu, bütün mənəviyyatsızlıqlara qarşı təminat idi. Çünki sənin də başa düşdüyün kimi hörmətli bir dəllal mənəviyyata və hörmətə zidd olan heç nəyi qızının əllərinə verməz.

      Cavan insanlarla planım haqda danışdım və onlar bunu bəyəndi. Yalnız, ümumiyyətlə, almanları xoşlayan Stern düzənsiz ədəbiyyata malik idi, bununla belə o, məsələnin həlli yönündə müəyyən paya sahib olmaq istəyirdi. Mən bunu bəyənmədim, amma tezliklə Yaz hərracı olacağından və Lüdviq Sterndən hələ heç bir sifariş gəlmədiyindən onun arzularına qarşı çıxmaq istəmədim. Beləliklə biz aşağıdakı şərtlərlə razılaşdıq:

      • O, ümumi işə hər həftə iki bölümlə kömək etməli idi.

      • Mən isə onun köməyinə heç bir dəyişiklik etməməli idim.

      • Fred qrammatik səhvləri düzəldəcək.

Скачать книгу