Keçmişdən gələn səslər. Болеслав Прус
Чтение книги онлайн.
Читать онлайн книгу Keçmişdən gələn səslər - Болеслав Прус страница 15
Plebaniyaya (ruhaninin həyətinə – tərc.) qədər çatdım, son quruşlarımı məni gətirən yəhudiyə verdim. Daxil olub, xidmətçidən soruşuram: “Ksöndz evdədirmi?” – “Evdədir” – deyir və çal qocanı göstərir. Març deyə əlindən öpürəm. “Ey xeyirxah, – deyirəm, – məni təsərrüfat müdirliyinə götür, mən yaxşı ailədənəm, əllərimi yanıma salmadan işləyəcək, sənin dövlətini qoruyacağam”. O isə cavab verir: “Ah, hörmətli qadın, mən səni götürərdim, – mənə belə gəlir, sən yaxşı qadınsan, – amma heç nə edə bilmirəm: hələ o biri həftədə buralı bir anbardara söz vermişəm, o mənim ayaqlarıma düşdü və əgər onu qəbul etməsəm, acından öləcəyinə inandırdı”.
– Bu bizim təsərrüfat müdirəsi Kivalskayadır, – deyə pani Matilda pışıldadı.
– Fırıldaqçı qadın! – deyə mülkədar donquldandı.
Sevincdən xalanın gözləri işıldadı.
– Ah, mənim əzizlərim, – deyə o ucadan səsləndi, – əgər sizin təsərrüfat müdirəniz haqq-hesabını alarsa, mən onun yerinə qalaram. Bir qaşıq yemək və bucağa görə sizə, qohum kimi deyil, sadiq köpək kimi sədaqətlə xidmət edəcəyəm. Niyə mən bədbəxt şəhərə qayıdım?.. Nə yaşayış yerim, nə tikiş maşınım, bir sözlə, heç nəyim yoxdur…
O, pan Yana baxaraq, yalvarışla qollarını qatladı. Ancaq pan quruca cavab verdi:
– Daha təsərrüfat müdirəsi saxlamayacağıq. Bizə adi arvad kifayətdir…
– Məgər mən adi arvad deyiləm? – deyə xala soruşdu. – Məsələ nədədir? Mən süpürə, yer sala, donuzlara yem verə bilərəm.
– Həvəslə inanıram, amma nəzərimdə başqası var – mülkədar onun sözünü kəsdi. Bunu xalanın daha təkid etməyə cəsarət göstərməyəcəyi qədər qərarlı tonla dedi və yestlə saqqalını hamarladı.
– Nə olar, hər şey allahın iradəsindədir, – qadın belə dedi. – Heç olmasa, mənə kiçik bir mərhəmət göstərin – məni şəhərə çatdırın və kəndliyə iyirmi quruş ödəyin, məndə yoxdur…
Pan Yan narazı sifətlə lakeyə pul verdi və xalanı elə bu gün axşam şəhərə yola salmağı vəd etdi.
–Yemək verilib, – deyə lakey məlumat verdi.
– Mürəbbiyəni çağır, – deyə pan Yan əmr etdi.
– Mən çağırdım, amma onlar öz yerlərində nahar etmək istədilər.
– Masaya buyurun, – deyə ata xalaya müraciət etdi.
– Sizə sıxıntı vermək istəmirəm, – qadın tərəddüdlə imtina elədi. – Əgər icazə verərsinizsə, mürəbbiyə ilə nahar edərəm. Panna Valentinanın sizdə yaşadığını eşitmişəm, bizsə onunla köhnə tanışlarıq…
– Necə istəyirsiniz… Qjeqoj, – pan lakeyə müraciət etdi, – panini mürəbbiyənin otağına aparın.
Xala çıxanda pani Matilda ərinə dedi:
– Biz hədsiz mehribanlıqsız qarşılamadıqmı? O, yaxşı qadındır…
Ata əlini yellədi.
– Ah, onun yaxşılığı ilə nə işim var? Əzizim, kasıb qohumlar, xüsusən də bu, həmişə yükdür: o, fasiləsiz olaraq bizi nüfuzdan salar…
– Nə ilə?
– Sadəcə, məni heyrətləndirirsən!.. Ksöndzün yanına təsərrüfat müdirliyinə getməyə o hazırlaşmamışdırmı? Cibində bir quruşsuz mənim ödəməli olduğum Qaydanın atında bura o gəlməmişdirmi? Indi bütün kəndin onun bizim qohumumuz olduğunu bilmədiyinimi fikirləşirsən? Əlbəttə, bu barədə car çəkib…
– Bunun bizə nə ziyanı var?
– Olduqca böyük ziyanı var, – deyə pan Yan qıcıqla cavab verdi. – Onun gəlişi bizim taleyimizi həll edə bilər. Əgər bura sədr-xala, general-dayı, ya da əmim oğlu Alfons şıq karetlərdə gəlsəydilər kəndlilər deyərdi: “Bax, bizim panımız belədir, onunla alver etmək olmaz, yoxsa pis olar”. Amma bu Andzyanı hansısa miskin cır-cındırda, bulaşıq arabada görsələr, mütləq deyəcəklər: “Mülkədar bizimlə eyni xəmirdəndir, alver edək, güzəştə gedər…”.
– Sən şişirdirsən, Yasek, – deyə arvadı onu sakitləşdirdi.
– Qətiyyən!.. – kişi səbirsizliklə səsləndi. – Özün görəcəksən – bu dilənçinin gəlişi bizə baha başa gələcək. Gəlməyə vaxt tapdı! Arvadımın kasıb qohumları məni yoluxur və məhz kəndlilər qarşısında cəngavər kimi sans peur et sans reproche (qorxusuz və tənəsiz ) durmağımın zəruri olduğu vaxtda arabaçıya pul ödəmirlər. Bu, sadəcə, fataldır!
Bu məsələni belə müzakirə edərək, valideynlər uşaqlarla birlikdə yemək otağına yola düşdülər. Nahar qədərincə məyus keçdi, amma sonra ata bir qədər şənləndi. O, nənəyə məktub diqtə edəcəyini deyərək, Anelkanı özü ilə kabinetə apardı. Kabinetdə siqar yandırdı və yelləncəyə yayılaraq, arzulara daldı.
Anelka bir qədər susqun oturaraq, danışmağa başladı:
– Ata…
– Nədir, bala?
– Niyə mənə xalanı öpməyə icazə vermədin?
Ata fikrə getdi.
– Sən onu heç vaxt görməmisən, onunla tanış deyilsən…
Yenə arzularına daldı.
Anelka atasına daha yaxın əyləşib davam etdi:
– Atacan, bəs niyə xalanın bizdə qalmasını istəmirsən?
– Qarayaxalıq etmə, bala. Mənim evim bütün dünyanın kasıbları üçün tənbəlxana deyil.
Atası sanki qırılmış fikirlərin sapını düyünləməyə zorlanaraq, qaşlarını çatdı, bu ona müyəssər olanda isə dərin fikirdə tüstü buraxaraq, tavana daldı.
– Mənə belə gəlir, – Anelka bir dəqiqə susaraq dedi, – xala olduqca kasıbdır…
Atası çiyinlərini çəkdi.
– Kasıblıq insanların zəhləsini tökmək haqqını vermir, – deyə quruca qeyd etdi. – Qoy çalışsın…