Adsız itin qayıdışı. Seymur Baycan
Чтение книги онлайн.
Читать онлайн книгу Adsız itin qayıdışı - Seymur Baycan страница 14
Yalnız əmimoğlu evdə olmayanda qoca arvad öz xatirələrini danışmağa imkan tapırdı. Qışda isti odun peçinin qırağında adamın çox şeylər yadına düşür. Yanan ağacların iniltili mahnısı, ağacların qabığının büzüşüb qoparkən çıxardığı fışıltı eşidilirdi. İtlərin ulaşması qapının yarıqlarından içəri soxulan küləyin zəif vıyıltısına qarışırdı. Alovun işığı çoxdan olub keçmiş əhvalatları da işıqlandırır. Elə əhvalatlar var ki, nə qədər ömür sürürsənsə sür, heç vaxt insanın yadından çıxmır. Qışda, odun peçinin qırağında oturanda hər şeydən əvvəl o əhvalatlar yara kimi sızıldamağa başlayır. Nənə çox vaxt müharibə illərində necə aclıq çəkdikləri haqqında əhvalatlar danışırdı. Deyirdi ki, yaz gələndə adamlar sevinirdilər. Heç olmasa, çöldə yeməyə pencər tapırdılar. Qarınlarını ot-ələflə doldururdular. Uşaqlar çöldə o qədər pencər yeyərdilər ki, dişləri gömgöy olardı. Daha sonra müharibəyə gedib geri qayıtmayan kişilərdən danışırdı. Danışırdı, danışırdı və özü özünü kövrəldib ağlayırdı. Qupquru qurumuş yanaqlarından göz yaşları diyirlənirdi. İsti göz yaşlarını ovucu ilə silib əlini dizlərinə çəkirdi.
Yaşını itirmiş qoca nənə qış aylarında odun peçinin qırağında oturub bütün günü nəsə yamayır, nəsə toxuyur, nəsə tikirdi. Dişsiz ağzı bir şey çeynəyirmiş kimi daim tərpənirdi. Bu zaman onun ağzından qəribə səslər çıxırdı. Onun çənəsindən noxud zoğlarına oxşayan tüklər çıxmışdı. Dərin-dərin nəfəs aldığına görə üst dodağındakı tüklər güclə seziləcək dərəcədə əsirdi. Elə ağır-ağır nəfəs alırdı ki, sanki sinəsi deşik-deşikdi və deşiklərin hər birindən fışıltı, xırıltı ilə hava çıxırdı. Hava haqqında danışanda bu qoca arvad deyirdi ki, bu cür soyuq qış, belə yağışlı payız, belə dumanlı yaz onun yadına gəlmir. Halbuki bu cür sözləri bu qoca nənə hər il təkrar etməli olurdu. Müharibə, aclıq görmüşdü deyə evdən köhnə ayaqqabıları, köhnə paltarları atmağa qoymurdu. Qorxurdu ki, yenə müharibə başlayacaq və adamlar geyinməyə paltar, ayaqqabı tapmayacaqlar. Anası aparıb köhnə paltarları zibilliyə atanda arvad gizlincə bu cır-cındırları təzədən evə daşıyırdı. Bu zaman bibimlə anası arasında deyişmə başlayırdı. Qoca nənə cır-cındırları torbalara yığıb gizlədirdi. Yayda isə bütün günü ağacların arasında gəzişirdi. Ağacdan düşən meyvələri yığıb qurudurdu. Bu qoca arvad yay-qış demədən, ilin dörd fəsli həmişə belinə bağladığı şalın altından konfet çıxarıb bizə verirdi. Mən və qardaşım onun verdiyi içi turş, cemli, əzik-üzük, kağızı solmuş, üstünə qarışqa yapışmış konfetləri heç xoşlamırdıq. Amma arvadın xətrinə dəyməmək üçün bu konfetləri onun gözünün qarşısında hətta bir az da artistlik edərək iştahayla yeməyə məcbur olurduq. Qoca nənənin yay aylarında çoxlu paltar geyinməsi mənə qəribə gəlirdi. Bir dəfə maraq mənə o qədər güc gəldi ki, özümü saxlaya bilməyib ona belə bir sual verdim:
– Sənə isti deyil?
Arvad dedi ki, sümüklərim üşüyür, bala, sümüklərim üşüyür. Qocalıq axmaq şeydir. Mənim o qoca nənəyə yazığım gəlirdi. Əmimoğlanlarının arvadla etdikləri zarafatlar nə qədər maraqlı olsa da, arvada görə narahat olurdum. Onu hətta dua etdikdə, namaz qıldıqda belə rahat buraxmırdılar. Hoqqa çıxarmağı sevən əmimuşaqları arvadın qarşısında dayanıb ağızlarını burunlarını əyirdilər. İstəyirdilər ki, arvadı güldürsünlər. Bibim bu mənzərəni görəndə tipik bir əyalət qadını kimi bərk qorxurdu və oğlanlarına qarğış edirdi:
– Namaz yiyəsi sizin belinizi qırsın.
Qarğış yağdıra-yağdıra oğlanlarını anasının yanından qovurdu. Başına ucları çənəsinin altında düyünlənmiş, yuyulmaqdan bozarmış ucuz çit yaylıq örtmüş bibim nə qədər bərk qışqırsa da, onun səsində həmişə mehribanlıq duyulardı. Heç kəs ondan qorxmazdı. Hərdən bərk əsəbiləşəndə araya salıb bizə, balacalara da təpinirdi:
– Sizi döyərəm ha.
Heç biz də ondan qorxmazdıq. Əmimoğlanları yaşını itirmiş qoca arvadla nə qədər sərt zarafat etsələr də, o nəvələrindən heç vaxt incimirdi. Qoca qarı sovet dövründə çətin tapılan müqəddəslərin surətləri qarşısında qollarını büküb dayanır, nəsə pıçıldayır, özündən quraşdırdığı dualar oxuyur, salavat çəkirdi. Bu dualarda səmimi bir etiqadın qüvvəti hiss edilirdi. Balaca qadın həm də bütün bunları elə sadəliklə icra edirdi ki, elə bil, kiminləsə, ən yaxın bir adamla söhbət edirdi.
İki qadın, ana-bala hər gün səhər yuxudan oyananda gördükləri yuxuları bir-birlərinə danışıb yuxularını uzun-uzadı yozurdular. Bu da onların özünəməxsus məşğuliyyəti idi. Mövhumatsız yaşaya bilmirdilər. Bibim tez-tez müxtəlif xəstəliklərdən şikayət edirdi. Nə isə onun ürəyini əzir, nə isə sinəsinə tıxanıb qalır, daima qarnını sancı doğrayır… Qoca nənə həm də türkəçarəylə məşğul olurdu. Qısır arvadları bu qoca nənənin yanına gətirirdilər. Bu zaman bibim oğlanlarını evdən qovurdu. Qoca nənə doğmaq istəyən, amma doğa bilməyən arvadların belini özü düzəltdiyi məlhəmlərlə ovuşdurur, bəzən onları təzə kəsilmiş keçinin dərisinə bükürdü. Onlara müxtəlif otlardan dəmlədiyi çay içizdirirdi. Biz balaca olduğumuza görə bu mənzərələrin bəzisinə baxmağa icazəmiz vardı. Arvadlar sakit-sakit çox açıq-saçıq söhbətlər edirdilər və mən də qulaqlarımı bacardığım qədər şəkləyib onların maraqlı söhbətlərini dinləyirdim. Həftədə iki-üç dəfə bu qoca arvadı xəstə yanına aparardılar. O xəstələrin ki, ağ xələtli həkimlərə yox, bu qoca qarıya, tibbə yox, türkəçarəyə inanırdılar. O, tələsmədən hıqqana-hıqqana xəstənin çarpayısı yanında əyləşər, həyatın yorub əldən, haldan saldığı, balacalaşıb uşaq boyda olmuş, gözlərinin nuru sönmüş qoca xəstə arvadların şikayətini dinləyərdi. Uzun-uzadı dərdləşib, keçmişlərdən danışıb, ürəklərini boşaldırdılar. Bütün söhbətlərinin məğzi bundan ibarət olurdu ki, indiki cavanlar böyük-kiçik, ağsaqqal-ağbirçək yeri bilmirlər. Tənbəldirlər. İşləmirlər. Qızlar həyasızdırlar. Qayınata, qaynana saymırlar.
İndiki kişilərin zəhmi yoxdur. Arvaddan qorxurlar. Axırda da mütləq bu nəticəyə gəlirdilər ki, indi dünyada daha düz əməlli kişi qalmayıb. İndiki kişilərin ağzı qatıq kəsmir. Bu qoca qarılar keçmiş günlərin, xüsusən keçmişdəki zəhmli, işgüzar, güclü kişilərin xiffətini çəkirdilər. Onlar öz keçmişləri üçün darıxırdılar. Keçmişdəki kişilərin işgüzarlığından, zəhmindən, keçmişdəki kişilərin çoxlu yemək yeməsindən bəhs edən əhvalatlar danışırdılar. Bu qurumuş, suyu çəkilmiş, balacalaşıb uşaq boyda olmuş qarılara baxanda onların bir zamanlar al yanaqlı, gümrah, dik məməli qız olduqlarını heç cürə təsəvvür etmək olmurdu. Bəzən onlar özlərini buraxıb, özlərini unudub keçmişdəki kişilərin gücündən bəhs edən elə əhvalatlar danışırdılar ki, həmin əhvalatları burda yaza bilmərəm. O əhvalatlar uşaqlar üçün deyil, böyüklər üçündür. Nə bilmək olar, bəlkə də onlar düz deyirdilər. Bəlkə də doğurdan da kişilər get-gedə cılızlaşırlar.
Evdə hər bir kəsin öz sevimli