Adsız itin qayıdışı. Seymur Baycan
Чтение книги онлайн.
Читать онлайн книгу Adsız itin qayıdışı - Seymur Baycan страница 12
Müəllim xəttin sahibini döyərkən danışmağı da unutmurdu:
– Sən qudurmusan, başqasına məktub yazırsan? Sən dərsini güclə oxuyursan, hələ bir başqasına məktub da yazırsan? Qudurmusan sən, sevgi məktubu yazırsan ? Qudurmusan?
Müəllim xəttin sahibini lazımı qədər döyüb sonra məni, məktubun həqiqi müəllifini yazı taxtasının önünə dəvət etdi. Qorxa-qorxa yazı taxtasının önünə çıxdım. Müəllim bir müddət üzümə baxıb susdu. O, məni heç döyməmişdi. Xətrimi çox istəyirdi. Yaxşı oxuduğuma görə məni başqa şagirdlərdən seçirdi. Məktubu masanın üstündən götürüb bir az sakitcə oxudu. Üzümə baxdı. O, məni döyməli idi, amma, deyəsən, vurmağa əli qalxmırdı. Bununla belə, o, yorğun-yorğun mənə yaxınlaşıb üzümə soldan sağa möhkəm bir şillə vurdu. Zərbənin təsirindən partanın üstünə yıxıldım və qabaqda oturan iki qız qorxaraq bərk qışqırdılar. Bununla belə, müəllim zəhləsi getdiyi, daima narazı olduğu şagirdlərdən bir-ikisini də müxtəlif bəhanələrlə döydü. Uzun bir monoloq söyləyib hələ sevməyin bizim üçün tez olduğunu başa saldı. Dedi ki, kim sevgi məktubu yazsa, onu götürüb üçüncü mərtəbədən aşağı atacaq. Sonra zəng vuruldu və biz koridora çıxdıq.
Bizim müəllimin yaxşı təcrübəsi vardı. O, uşaqlarla çox sərt rəftar edirdi. Onun sinfində, klassik dillə desəm, uçan milçəyin vızıltısı eşidilirdi. Hətta ən qatı cinayətkar şagirdlər belə onu gördükdə özlərini yığışdırırdılar. Lakin müəllim qış tətilindən sonra onuncu sinfin şagirdləri ilə yavaş-yavaş dostlaşırdı. Artıq məktəbdən uzaqlaşmağa hazırlaşan şagirdlərlə zarafatlaşırdı. Sübut edirdi ki, bu vaxta qədər şagirdlərlə sərt davranmağı, şagirdləri döyməyi xoş niyyətdən doğurmuş. Bu təcrübəli müəllim məktəbi bitirən hər bir şagirdin qəlbində xoş xatirələrlə özünə yer etməyi bacarırdı. Hadisə baş verən günü bizim sinifdən sonra müəllimin yuxarı sinfə dərsi vardı. Bayaq bizi döyən müəllim onuncu sinfin şagirdlərinə Elnarəyə yazdığım sevgi məktubumu oxumuşdu. Həmin sinifdə çoxlu gözəl qızlar vardı. Elə bil, qəsdən qəşəng qızları bir sinfə yığmışdılar. Onlar həm də yaxşı və təmiz geyinirdilər. Böyük tənəffüsdə heç nədən xəbərsiz halda bufetə getdiyim zaman bir dəstə qız mənə yaxınlaşdı. “Seymur sənsən?” soruşdular. Dedim, mənəm. Bu zaman qızlar qışqırışdılar və gülüşdülər. Biri yanağımı dartdı. Biri başımı sığalladı. Nə baş verdiyini anlamırdım. Biri bufetdən mənə kojik və kakao aldı. Məktubda nə yazdığım yadımdan çıxıb, amma görünür ki, yaxşı məktub yazmışdım. Qızları da balaca bir uşağın belə qaynar məktub yazması heyrətləndirmişdi. Bu vaxta qədər heç kimin fikir vermədiyi bir uşaq məktəbin ən maraqlı sevgi məktubunu yazmışdı. Görünür, hətta o uzaq illərdə belə ədəbiyyat öz işini görmüşdü. Bufetə gedəndə, məktəbin həyətinə çıxanda yuxarı sinfin qəşəng qızları başıma yığışırdı. Mütləq birisi mənə nəsə hədiyyə edirdi. Şokolad, konfet, ya peçenye. Bufetdə onlar məni gördükdə mütləq ya kakaoya, ya da kojikə, biskvitə qonaq edirdilər. Yanağımı dartaraq məktubda yazdığım cümlələrdən bir-ikisini aktrisa kimi təkrar edirdilər, sonra gülüşürdülər, sonra araya sakitlik çökürdü və onlar mat-mat üzümə baxırdılar. Elə bil, balaca bir uşağın elə məktub, elə cümlələr yazmasına inanmırdılar. Sonra yenə də onlardan biri müəllifi olduğum məktubdakı cümlələrdən birini təkrar edirdi. Onlar gülüşürdülər. Bir tərəfdən, böyük qızlarla dostlaşmağım, onların mənə qayğı göstərməsi xoş idi. Digər tərəfdən, məktubumdan başqalarının xəbər tutması məni qəzəbləndirirdi. Elnarədən zəndeyi-zəhləm getdi. Mədəsində yara olan adam qızardılmış ətdən necə uzaqlaşırsa, mən də Elnarədən elə uzaqlaşdım. Buna baxmayaraq, ilk sevgim sayəsində mən musiqi məktəbinə getdim. Nəticədə, dahi bəstəkarların, ümumiyyətlə, dahilərin həyatına maraq göstərməyə başladım. Bu xatirələr uzun illər boyu ürəyimin dərinliklərində itib qalmışdı. Partlayışdan gicəllənən balıqlar suyun üzərinə çıxan kimi, birdən-birə üzə çıxdılar.
Azad ev
Onların evində hər bir uşağın arzusunda olduğu azadlıq havası vardı. Bizi də o evə çəkən bu azadlıq havası idi. Kim nə vaxt, harada istəyirdi, yatırdı. Kim nə vaxt istəyirdi, yeyirdi. Onlar daha çox kartof soyutması, kartof qızartması, kartof püresi, qayğanaq, soyutma yumurta, yayda qarpız-yemiş, pomidor-xiyar, pendir, qışda borş, xəmir yeməkləri yeyirdilər. Bibim evdə səliqə-sahmana fikir verən qadınlardan deyildi. Həmişə evin ortasında çoxlu kirli, əzik-üzük paltarlar tökülüb qalırdı. Əşyaların üstündə bir qarış toz olurdu. Masanın üstündə çörək qırıntıları, qəzet parçaları, konserv qutuları bir-birinə qarışırdı. Baxan oldu-olmadı, televizor daima işləyirdi. Üstəlik, radioda da diktor nəsə qırıldadırdı. Evdə hökm sürən pintilik heç kimi bir qram da narahat etmirdi. Əksinə, bu evi təmiz təsəvvür etmək mümkün deyildi. Deyəsən, pintilik bu evə yaraşırdı. Evdə çoxlu siçanlar vardı və evin sakinləri siçanlarla səmimi bir dostluq havası içərisində yaşayırdılar. Divarlardan boz və tozlu hörümçək torunun saçaqları sallanırdı. Torlarda həmişə qurumuş milçək ölüsü olurdu. Hətta hörümçək torlarının birindən sarı filtrli siqaret kötüyü ilişib qalmışdı. Bu azad ev ildə bir dəfə bibimin universitetdə müəllim işləyən qardaşı şəhərdən rayona qonaq gələndə düz-əməlli yığışdırılırdı. Bütün otaqların döşəmələri yuyulurdu. Pəncərələr silinirdi. Xalça-palazı bayıra atıb tozunu çırpırdılar. Düzünü desəm, təmizlik bu evin azad havasına xələl gətirirdi. Bibimin qardaşı sanatoriyada da, kurortda da dincələ bilərdi. Lakin o, yay tətilində mütləq bibimgilə gələrdi. Çünki bacı-qardaş hədsiz dərəcədə bir-birlərini çox istəyirdilər. Bibim universitetdə müəllim işləyən qardaşıyla fəxr edirdi. Bacısı uşaqları da dayılarını həddindən artıq sevirdilər. Onun gəlişi bayrama çevrilərdi. Uşaqdan tutmuş böyüyə qədər hamıya hədiyyə gətirərdi. Bacısı uşaqları bir-birlərinə aman vermədən onun qulluğunda durmaq istəyirdilər. Onun hər bir istəyi anındaca böyük həvəslə yerinə yetirilirdi. Bibimin qardaşı yumru, balacaboy, keçəl, şalvarı göbəyinə qədər qaldıran, nazik ayaqlı bir kişi idi. Adətən, fransız romanlarında bütün notariusları ucdantutma belə təsvir edirlər. Yumru, enlisifət, balacaboy, nazik ayaqlı… Mən ondan soruşurdum:
– Sən nə işləyirsən?
O isə deyirdi:
– Sən orta məktəbi bitirib universitetə girəcəksən, bax, onda mən sənə universitetdə dərs deyəcəm.
Universitet