Adsız itin qayıdışı. Seymur Baycan
Чтение книги онлайн.
Читать онлайн книгу Adsız itin qayıdışı - Seymur Baycan страница 8
Doğrudan da, yağış yağanda bütün məktəbi palçıq bürüyürdü. Divarlarda, hətta partaların üstündə belə palçıq görmək olurdu. Yaşlı xadimə isə deyinə-deyinə, uşaqları qarğıya-qarğıya bütün günü məktəbi palçıqdan təmizləyirdi. Beş-altı dikbaş şagirddən savayı hamı yeni qaydaya əməl etməli oldu. Müdirin işə qarışmasıyla o beş-altı dikbaş şagirdin də müqaviməti qırıldı. Beləliklə xadimənin işi xeyli yüngülləşdi.
Fürsət düşmüşkən, bir az da məktəbin qapıçısı haqqında yazmaq istərdim. Musiqi məktəbində oxumayan, lakin məktəbin binasına girib avaralanmaq, sevdikləri qızı yaxından görmək istəyən çoxlu uşaqlar vardı. Bu avaralar musiqi məktəbinin binasına yaxınlaşanda qapıçı döyüşə hazır bir vəziyyətdə qapının ağzında dayanıb uşaqları binaya buraxmırdı. Qapıçının başı uşaq vaxtı yastılanmışdı, sonradan da bütün ömrü boyu düzəlməmişdi, elə o cür də qalmışdı. Başı yastılananda gələcəyin qapıçısı, çox güman, kepkalıymış. Kepka xəmir kimi ömürlük başına yapışmışdı. Hər halda onu başıaçıq görən olmamışdı. Ətəkləri aralı duran kürkünün tək bircə aşağı düyməsini düymələyirdi. Qalan düymələr qırılıb çoxdan tökülmüşdü. Düymə yeri isə çoxdan genəlmişdi. Ona görə bu yeganə düymə bir balaca sərt hərəkət edən kimi açılırdı. Qapıçı musiqi məktəbinin qapısı ağzında taburetin üstündə otururdu. Düymələri açılmış kürkünün ətəkləri quş qanadları kimi ayaqlarının üstündən, yan tərəflərdən torpağa qədər sallanırdı. Üzü sapsarı idi. Qara saqqalı elə bil sapsarı maskaya yapışdırılmışdı. Yağışlı havada təzə çəkmə geyinmiş şagird görəndə əsəbiləşirdi. Mütləq belə bir sual verirdi:
– Təzə çəkmələri zay edəcəksən, köhnə ayaqqabın yoxdur?
Sonra bir konfetin kağızını soyub saqqalı və bığı arasında deşik kimi görünən ağzına aparırdı. Saqqalına həmişə hörümçək toru yapışırdı. O, gopçu idi. Biz onun uydurma-larını xoşlayırdıq. O, hər gün nə isə yeni bir şey uydururdu. Bəzən oğlan uşaqlarını başına yığıb qızların ürəyini necə ələ almaq haqqında məsləhətlər verirdi. Qapıçı direktorun tapşırıqlarını çox həvəslə yerinə yetirirdi və musiqi məktəbini böyük bacarıqla avara uşaqlardan qoruyurdu. Avaralar musiqi məktəbindən əlli metr kənarda dayanıb qapıçıya söz atırdılar, dillərini çıxarırdılar, müxtəlif hərəkətlər edib onu cinləndirərdilər. Qapıçı bu avara uşaqlar haqqında deyərdi:
– Uşaq deyillər, meymun sürüsüdürlər. Belə uşaqları tutub türmələrə göndərmək lazımdır.
Müəlliməm mənə dərs keçmək əvəzinə müxtəlif işlərlə məşğul olurdu. Ayağını ayağının üstünə aşırıb dırnaqlarına lak çəkirdi. Güzgüdə sifətinə baxıb müxtəlif vəziyyətlərdə gülümsəyirdi və hansı cür gülümsəməyin ona daha çox yaraşdığını müəyyən etməyə çalışırdı. Ona yazılmış məktubları sinifdə oxuyurdu. Mən də sakitcə oturub ona baxırdım. Müəlliməm özünün məftunedici qüvvəsini kişilərin qəlbində sınaqdan keçirməyi həyat tərzinə çevirmişdi. Buna baxmayaraq yorulmadan tənhalığından şikayətlənirdi. Dərdlərini, problemlərini məndən gizlətmirdi. İnsan dərdini, sevincini kiminləsə bölüşmək ehtiyacı duyanda qarşısındakı adamın statusu, yaşı, həyatdakı mövqeyi onu az maraqlandırır. Olarmı, olmazmı, bu haqda düşünmür. Ürəyi dolu olanın ağzını kilid də saxlaya bilməz. Bəzən müəlliməm qarmonu götürüb ovqatına uyğun olaraq bir mahnı ifa edirdi. İfa etdiyi mahnının özündən daha çox, onun uzun dırnaqlarının qarmonun dillərinə toxunuşundan yaranan səsdən həzz alırdım. Sonralar artıq formalaşmış bədənlə, beyinlə “Min bir gecə” nağıllarını oxuyarkən mütləq müəlliməmi xatırlayırdım. Qədimlərdə şərqdə kənizlər musiqi alətində ifa etməyi, oxumağı bacarırdılar. Adamın kaş belə bir arvadı olaydı. Özünü Harun ər-Rəşid kimi hiss edərdi. Ürəyin istəyəndə qarmonda bir mahnı çalaydı. Dərdini-qəmini dağıdaydı. Lap qoy haqqında hansı şayiələr gəzirsə, gəzsin.
Musiqi məktəbi yerləşən bina inqilabdan əvvəl varlı bir bəyin evi olmuşdu. Rayonda üç dənə belə ev vardı. Üçü də eynən bir-birinə oxşayırdı. Bolşeviklər bəyi güllələmiş, var-dövlətini əlindən almışdılar, bütün nəslini isə Qazaxıstana sürgün etmişdilər. Onun evlərini isə məktəbə, uşaq bağçasına, uşaq poliklinikasına çevirmişdilər. Müharibə zamanı bu evlərdən birinin yaxınlığına mərmi düşdü. Ətrafdakı bütün evlər dağılsa da, bu köhnə bina öz yerində möhkəm dayandı. Deyilənə görə, bu binaları tikən zaman ustalar yumurta sarısından istifadə etmişdilər. Musiqi məktəbinin çox cansıxıcı mühiti vardı. Burda uşaq qəlbini cəlb etmək üçün azacıq da olsa, təşəbbüs göstərilmirdi. Burda heç kəs fikirləşmirdi ki, bu dünyada uşaqların rəğbət bəslədiyi və rəğbət bəsləmədiyi şeylər var. Payız aylarında səhərdən fasiləsiz yağan yağışın şırıltıları rütubətli sinif otaqlarından gələn musiqi səslərinə qarışırdı. Məktəbin birinci mərtəbəsinin dəhlizinə iri başlı iki quş rəsmi çəkilmişdi. Quşlardan birinin başı solub bozarmış, o birinin isə ayaqları və qarnının bir hissəsi ovulub tökülmüşdü. Deyilənə görə, bu quş rəsmlərini tavana ikinci dünya müharibəsində əsir düşmüş bir alman çəkib. Müəllimlər dərslərə ciddi fikir vermirdilər. Şagirdlərə çox etinasız yanaşırdılar. Qadın müəllimlər daha çox paltarlarını nümayiş etdirmək üçün musiqi məktəbinə gəlib gedirdilər. Kişi müəllimlər toylarda çoxlu pul qazanırdılar, amma onlar həm də musiqi məktəbinə gəlib getməyə, xala-xətrin qalmasın uşaqlara dərs deməyə məcbur idilər. Çünki sovet dövründə hər kəs mütləq haradasa işləməli, hansısa dövlət idarəsindən maaş almalı idi. İşləməyən adamı əgər hökumət nümayəndələri istəsəydi, avaralığa görə tutub içəri basa bilərdilər. Məsələn, mənim atam usta idi. Evlərdə işləyirdi. Çoxlu pul qazanırdı. Bununla belə, hökumətdən maaş almaq üçün atam həm də çörək zavodunda işləmək məcburiyyətində qalmışdı. Üç gündən bir zavoda işə gedirdi. Ustalardan bəziləri yanğınsöndürmə idarəsindən, bəziləri də çaxır zavodundan maaş alırdı. Sovet dövrünün belə qəribəlikləri vardı.
Oğlan uşaqlarını musiqi məktəbinə qoymaqda valideynlər yalnız bir məqsəd güdürdülər. Uşaqlar hansısa bir alətdə ifa etməyi tez-tələsik öyrənsinlər və toylara gedərək çoxlu pul qazansınlar. Rayonun varlı, adlı-sanlı ailələrindən olan qızlar musiqi məktəbində oxuyurdular. Başqa valideynlər də varlı ailələri yamsılayaraq qız övladlarını gətirib musiqi məktəbinə qoymuşdular.