Adsız itin qayıdışı. Seymur Baycan

Чтение книги онлайн.

Читать онлайн книгу Adsız itin qayıdışı - Seymur Baycan страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Adsız itin qayıdışı - Seymur Baycan

Скачать книгу

kökəyə oxşayan günəşin qırağından bir az dişləyib yeyərdim. Yanımda dayanmış qadının sifəti mənə tanış gəlirdi. Bu sifət mənə kimi xatırladır? Başımı aşağı salıb qəfil qadının sifətinə baxdım. Adətən, bu cür fənd bir adamı haradan tanıdığımı, kimə oxşatdığımı tez xatırlamaqda mənə kömək edirdi. Ancaq bu dəfə fənd işə yaramadı.

      Musiqi tarixi

      Elnarə adından xoşum gəlir. Hər şey bir tərəfə, sevdiyim ilk qızın adıdır. Arıq, uzun saçlı, sərçə kimi çevik bir qız idi. Deyirdin, indicə, bu dəqiqə havalanıb göyə qalxacaq. Uçub ağaca, dama, məftilə qonacaq. Onu görəndə utanırdım, həyəcanlanırdım. Yanaqlarım alışıb yanırdı. Elə bil, hər yanağıma bir köz parçası yapışıb qalmışdı. Başqa-başqa siniflərdə oxuyurduq. Onu görmək üçün dərsdən qaçmalı olurdum. Yolumu uzadırdım. Dərslərim qurtarsa da, evə getməyib məktəbin həyətində veyllənib Elnarənin dərsdən çıxmasını gözləyirdim. Gözləməkdən gözlərim, ayaqlarım yorulurdu, ürəyim yorulmurdu. Onun mənə qarşı münasibəti qaranlıq idi. Elnarənin məni sevdiyini, xoşu gəldiyini, ya da doladığını müəyyən etmək olmurdu. Sevgidə çoxlu mövhumat olur. Onun bütün hərəkətlərini öz xeyrimə yozurdum. Elnarə güldüyü zaman qız paltarı geyinmiş şeytana oxşayırdı. Heç bir igidin ürəyi bu gülüşün qarşısında tab gətirə bilməzdi. Saçı üzünə töküləndə saçını əli ilə arxaya daramazdı. Kəskin hərəkətlə başını silkələyib saçını geriyə atar və tellərinin hər biri öz yerini tutardı. Fikir verirdim ki, o, bu hərəkətindən xüsusi həzz alırdı. Mənim balaca ürəyim öz sakitliyini itirmişdi. Sevmək durduğun yerdə zibilə düşməkdir. Əzab çəkirdim. Bir qızın ürəyinə hansı vasitələrlə yol tapmaq haqqında heç bir təsəvvürüm yox idi. Bütün sevgililər kimi onu daha çox görmək istəyirdim. Təbiət məni qəfildən yaxalamışdı. Çaşmışdım. Duzu pomidor-xiyarın üstünə tökməli idim, pendiri duzlayırdım. Dovğanı çəngəllə içirdim. Davranışım anamın diqqətini cəlb etdi. Bir gün yemək yeyən zaman o soruşdu:

      – Nə olub? Xəstələnib eləməmisən?

      Sirrimi ondan gizlətmək istəmədim. Dedim, sevirəm. Anam soruşdu:

      – Kimlərdəndir?

      Dedim, filankəsin qızıdır. Anam dedi:

      – Aralı dayan o qızdan. Onun bir anası var, həyasızın biridir. Bütün nəslimizi rayondan köçürər.

      O vaxtlar böyüklər hər şeydən danışırdılar. Keçmişdə baş verənlərdən. Keçmiş toylardan, yaslardan, bayramlardan. Gələcəkdən, arzularından, qayğılarından, problemlərindən. Təkcə məhəbbət haqqında danışmazdılar. Deməli, sevməyiblər. Adamlar sevmədən üç, beş, altı, on, on iki övlad sahibi olurdular. Uşaqlar valideynlərindən soruşmazdılar, necə tanış olmusunuz, harada tanış olmusunuz. Bu kimi suallar heç kimin ağlına gəlməzdi. Böyüklər də necə tanış olmaqları haqqında danışmazdılar. Çünki onlar tanış olmamışdılar. Onları valideynləri, sadəcə, cütləşdirmişdilər. Ortada heç bir sevgi əhvalatı filan yox idi. Böyüklər tərəfindən cütləşdirilən oğlan və qız şüursuz canlılar kimi doğub törəyirdilər. Çox nadir hallarda kiminsə sevgi əhvalatı olurdu. Bu əhvalatlar da çox vaxt gülməli əhvalatlar kimi danışılırdı. Əsrlərlə adamlar belə yaşayıblar. Sevmədən. Sadəcə, cütləşərək. Bəlkə də buna görə şərqin sevgi dastanları, sevgi əfsanələri, sevgi poemaları həmişə mənə süni, saxta görünüb. Bu poemalarda heç bir konkretlik yoxdur. Bunları sevgi poemaları adlandırmaq böyük səhvdir, şərqin sevgi poemaları sadəcə poetik masturbasiyadır. Sevgi adlı bir hisslə adamlar bolşevik inqilabından sonra filmlər, əsərlər vasitəsiylə yavaş-yavaş tanış olmağa başlamışdılar. İnqilabdan əvvəl əhalinin cəmisi üç faizi oxuma-yazma bilirdi. Yazıb oxuya bilməyən adam necə məktub yazsın, hisslərini necə ifadə etsin?! Çox adam öz yaxın qohumlarıyla, xalaqızı, əmiqızı ilə ailə qururdu. Qız bir qapıdan çıxıb on metr aralıdakı qapıya gəlin köçürdü. İnqilabdan sonra qadınlar, qızlar işləməyə, oxumağa başladılar. Bunun nəticəsində müxtəlif bölgələrin adamları qaynayıb qarışdı. Yavaş-yavaş başqa bölgələrdən qız almaq, başqa bölgələrə ərə getmək ənənəsinin əsası qoyuldu. Bolşevik inqilabı nə qədər böyük dəyişikliyə səbəb olsa da, yenə də inkişafa mane olan adət-ənənələri tam silib yoxa çıxarmağa gücü çatmadı. Böyüklərin çoxu sevgidən, məhəbbətdən xəbərsiz bir halda cütləşərək oğul-uşaq sahibi olmuşdular. Ona görə də uşaqların, ya da yeniyetmələrin məhəbbəti yaşlılar tərəfindən möhkəm qınanılırdı. Uşaqların, yeniyetmələrin məhəbbətinə yaşlılar təhqiramiz, qısqanc münasibət göstərirdilər. Bax, beləcə də deyirdilər: «Dünən şalvarını batırırdı, bu gün qız sevir». Lağa qoyurdular. Dolayırdılar. Uşaqların, yeniyetmələrin məhəbbəti beşikdəcə boğulurdu. Onlar böyüklərin terroruna məruz qalırdılar. Qızlara nəzarət olunurdu. Bəzən döyürdülər. Evdən bayıra buraxmırdılar. Qızlar bir yerə gedəndə kimisə yanında aparmalı olurdular. Əgər evdə telefon vardısa, telefona yalnız kişi xeylaqları cavab verirdi. Qızların yalnız ən yaxın rəfiqələri və qadın qohumları ilə telefonda danışmasına icazə verilirdi. Əlbəttə, istisnalar var idi, lakin mən böyük çoxluq həyatı haqqında danışıram. Qızla telefonda danışmaq, gizlicə haradasa görüşmək çox az adama nəsib olurdu. Bir faktı yazım, mənzərə sizin üçün aydın olsun. Doxsan min adamın yaşadığı bir məkanda yalnız bir cütlük qoşa gəzirdi. Yalnız bir cütlük küçədə qoşa gəzməyə özlərində cəsarət tapa bilmişdilər. Qadının öz halalca ərinin qoluna girərək küçəylə addımlamaları adamlar üçün hədsiz dərəcədə maraqlı idi. Ər-arvadın küçədə qoşa gəzmələri nə qədər söz söhbətə səbəb olmuşdu…

      Qəribə şeydir məhəbbət. Hərə məhəbbəti bir cür başa düşür. Məhəbbət hərəni bir cür hərəkətə sövq edir. Qız orta məktəbdən əlavə, həm də musiqi məktəbində fortepiano sinfində oxuyurdu. Beləliklə, Elnarəni daha çox görmək üçün mən də musiqi məktəbində oxumaq qərarına gəldim. Qərarım şöhrətpərəst anamı çox sevindirdi. Musiqi məktəbində oxumaq üçün anam əvvəllər məni çox dilə tutmalı olmuşdu. Ona görə ki, rayonun bir çox adlı-sanlı ailələrinin övladları o vaxt musiqi məktəbində oxuyurdular. Anam qısa müddətdə tanışlıq, qohumluq vasitələrindən, puldan, atamın təmiz nüfuzundan istifadə edərək sənədlərimi düzəltdi. Atam bölgənin ən məşhur ustalarından biri idi. Hər təbəqədən müxtəlif vəzifəli adamların atama işi düşürdü. Pula həris adam deyildi. Sifarişçilərin hansı təbəqədən olmasına məhəl qoymurdu. Əksinə, nisbətən kasıb adamların sifarişini daha tez yerinə yetirirdi. O vaxtlar ustalar işlədikləri evdə nahar edirdilər. Dədə-babadan qalma qayda belə idi. Ev sahibi evdə işləyən ustanı vaxtlı-vaxtında naharla, çayla təmin etməliydi. Atam dul qadının evində yemək yemirdi. Əgər ona eyni vaxta iki adam sifariş verirdisə, atam həmişə birinci köməksiz adamın sifarişini yerinə yetirirdi. Özü də daha ucuz qiymətə. Ümumiyyətlə, bizim nəsildə hərə bir cür istedadlı idi. Kiçik əmim təmir etdiyi elektrik motorlarına iki il zəmanət verirdi. Əmim ali təhsil ala bilməmişdi. Mənə elə gəlir əgər o, ali təhsil ala bilsəydi, bəlkə də güclü bir fizik ola bilərdi. Ötən əsrin 80-ci

Скачать книгу