Adsız itin qayıdışı. Seymur Baycan

Чтение книги онлайн.

Читать онлайн книгу Adsız itin qayıdışı - Seymur Baycan страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
Adsız itin qayıdışı - Seymur Baycan

Скачать книгу

danışmaq üçün mövzu verirdi. Mövzudan mövzuya keçirdilər. Ucundan tutub ucuzluğa gedirdilər. Mən isə geriyə qaçan kəndlərə, adamlara, dirəklərə, ağaclara, hər şeyə acgözlüklə baxırdım. Maşından görünən mənzərələrin birini də qaçırmaq istəmirdim. Amma yuxu məni tutdu. Nə qədər istədim yatmayam, yuxuya qalib gələ bilmədim. Zərif və şirin bir mürgü əl-ayağımı bağlayıb mənə hakim kəsildi, bədənimi süstləşdirdi. Gözlərim yumuldu. Yatdım və təzədən oyandım. Oyanan kimi yatmağıma çox təəssüf etdim. Axı mən hər şeyə baxmaq istəyirdim. Yatdığım üçün nə qədər yol getdiyimizi bilmirdim. Getdik, getdik, getdik. Dərələrdən təpələrdən keçdik. Gəlib bir düzənliyə çatdıq. Burda maşınımız qəfildən xarab oldu. Motor susdu, dərhal çöllərin sakitliyinə qərq olduq. Babam gül ağzını açdı. Sürücünü, bacısı oğlunu o ki, var söydü. Elə qışqırdı ki, hətta boğazından fitə oxşar səs çıxdı. O yetim maşının kapotunu qaldırıb orda xeyli qurdalandı. Tərli bədəninə yapışan köynəyinin yaxasını tez-tez yelləyirdi. Günəş çölü od kimi qızdırmışdı. Bürkü gözlə görünəcək dərəcədə dalğa ilə axırdı. Belə vaxtda çöl yolunda yolçuya çox az təsadüf edərsən. Qızmar günəşdə maşının şüşələri elə parıldayırdı ki, bir an belə baxmaq olmurdu, sanki şüşələr indicə əriyərək axıb torpağa töküləcəkdi. Sürücü başını kapotun altından çıxarıb darıxdığını və əsəbiləşdiyini bildirən bir görkəmlə maşının təkərinə bir təpik vurdu. Heç nə alınmadı. Bütün ovqatımız korlandı. Maşını axsaq adamlar itələyib bir ağacın altına gətirdilər. Biz kölgəlikdə oturmuşduq, ancaq kölgədə də adam istidən boğulurdu. Ağır, bürkülü hava hərəkətsiz idi. Yanan üzlərimiz həsrətlə meh axtarırdı, amma mehdən bir əsər-əlamət yox idi. Ətrafda bir ins-cins də görünmürdü. Hər yerdə cırcıramalar cırıldayırdı. Acdıq. Arvadlar nə qədər hay-həşir salıb etiraz etsələr də, babam xonçalardan birini açıb hamımıza konfet, peçenye payladı. Ağacın altında oturub elçiliyə aparacağımız konfetləri, peçenyeləri yeməyə başladıq. Çölün ortasıyla bir torpaq yol keçir və bu yol ilə bir araba ağır-ağır bizə sarı gəlirdi.

      Necə oldu, xoruzları sevdim?

      Şəhərin səs-küyündən, maşınların tüstüsündən uzaqlaşmaq, bir az təmiz hava udmaq, təbiətlə ünsiyyətə girmək, həm də xeyli müddətdir heç cürə bitirə bilmədiyim romanımı bitirmək üçün rayona getdim. Hərənin bir xasiyyəti var. Romanın sonunu yaşadığım yerdə yaza bilmirəm. Gərək, harasa gedib orda yazam. Rayonda yaxın tanışımın, sadiq bir oxucumun vasitəsi ilə münasib qiymətə rahat, balaca bir ev kirayələdim. Tanışım onlarda qalmağımı nə qədər israrla xahiş etsə də, razı olmadım. Əgər onlarda qalsaydım, çoxlu söhbət edəcəkdik. O, mənə ədəbiyyatla, ölkədəki vəziyyətlə bağlı çoxlu suallar verəcəkdi. Beləcə, dincəlməyimə və yazmağıma mane olacaqdı. Onu və onun kimi əyalətdə yaşayan adamları qınamaq olmaz. Əyalətdə darıxır. Söhbət etməyə adam axtarır. Düşünmürlər ki, mən həm də bu suallardan, bu mövzulardan bir müddət aralanmaq üçün şəhərdən baş götürüb rayona qaçmışam. Kirayələdiyim evin sahibi Rusiyaya pul qazanmağa getmişdi. Evi, açarları ev sahibinin böyük qardaşından götürdüm. Kirayə pulunu da əvvəlcədən verdim. Ev rayona ən yaxın kəndin düz başında yerləşirdi. Səliqəli həyətdə hər cür ağaclar vardı. Burda heç kim mənə mane olmayacaqdı. Bu sakitlikdə istədiyim qədər yaza, oxuya, düşünə, xatırlaya, yata bilərdim.

      Evə yerləşdiyim ilk gün yatağa tez girdim. Bərk yorulmuşdum. Doyunca yatıb, səhər yuxudan tez qalxıb, bir az piyada gəzib, on-on beş dəqiqə gimnastika edib, yaxşıca yuyunub, səhər yeməyi yeyib yazmağa başlamalı idim. Planımı belə qurmuşdum. Nə qədər yorğun olsam da, nə qədər bərk yatsam da, gecə küləyin səsinə oyandım. Vay vay vay… Necə bərk külək əsirdi. Göy elə bərk guruldayırdı ki, evdəki əşyalar sirkələnir, servantdakı qab-qacaq cingildəyirdi. Dayanmadan şimşək çaxırdı. Ətraf bir anda işıqlanır, sonra təzədən zülmətə qərq olurdu. Aləm dağılırdı. Yəqin qiyamət günü belə olacaq. Yox, bu, elə deyəsən, qiyamətin gününün özü idi. Bərk əsən külək iki pəncərəni birdən açdı. Masanın üstündəki vərəqlər evin dörd bir yanına səpələndi. Şkafın üstündəki köhnə şüşə bir qab yerə düşüb çilik-çilik oldu. Bilmirdim, nə edəm. Hansı pəncərəni bağlayam. Mən həyatımda belə bərk külək, belə amansız yağan yağış görməmişdim. Sonradan kəndin qoca sakinləri də bu sözü təkrarladılar:

      «Mənim yetmiş yaşım var, hələ belə yağış görməmişdim. Mənim altmış yeddi yaşım var, hələ burda belə külək görməmişdim. Mənim altmış yaşım var, həyatımda belə hava görməmişdim».

      Həmin gecə baş verənləri burda uzun-uzadı yazsam da, necə qorxduğumu, necə həyəcanlandığımı, necə təşviş keçirdiyimi heç cür ifadə edə bilməyəcəyəm. Pəncərəyə yaxın getməyə qorxurdum. Düşünürdüm ki, bu dəqiqə ildırım məni vuracaq. Uşaqlıqdan ildırımdan qorxuram. Özü də, çox bərk qorxuram. Üstəlik, tərslikdən, təbii ehtiyacımı ödəməli idim. Tualet isə əksər kənd evlərində olduğu kimi həyətin başında yerləşirdi. Bu qiyamətdə həyətin başında yerləşən tualetə gedə bilməzdim. Qapını açıb bayıra çıxdım. Qapını açmaqla evdə nə aşa bilərdisə, hamısı yerə aşdı. Sınıb çilik-çilik olan şüşə əşyalar, diyirlənən dəmir, plastmas qablar bir-birinə qarışdı. Birtəhər evin qarşısından dörd metr aralaşıb ağacın dibində öz təbii ehtiyacımı ödədim. Dayanmadan ildırım çaxırdı. İldırım çaxanda hər şey aydınca görünür, bir saniyə sonra hər yanı qaranlıq bürüyürdü. Düşünürdüm ki, bax, elə bu dəqiqə, təbii ehtiyacımı ödədiyim bir vaxtda məni ildırım vursa, bu, necə də axmaq və mənasız bir ölüm olar. Nə qədər işimi tez görməyə çalışsam da, bağırsağıma qədər islandım. Dişim dişimə dəyirdi. Həm qorxudan, həm də soyuqdan. Göy dəhşətlə guruldayır, sonra da bu gurultu göyün üzü ilə get-gedə aşağı enirdi. Elə bil, uzun pilləkənlə boş çəlləklər aşağı diyirlənirdi. Küləyin bir istiqaməti yox idi. Hər tərəfə təpilirdi. Gözə görünməyən düşməninə hücum edirmiş kimi onun üstünə atılırdı, zəncirini qırmış köpək kimi sanki dişlərini batırır, quduz-quduz didişdirir, ətini qoparmağa çalışırdı. Lakin hər dəfə elə bil ki, ağır bir təpik vurub onu geri qaytarırdılar. Külək zingildəyir, yenə hürə-hürə ora-bura təpilirdi. Hücum çəkib toz-torpağı göyə qaldırır, yarpaqları, kağız parçaların qabağına qatıb qovur, gözəgörünməzi ağzında çeynəyib didir, harasa uzaqlara tullayırdı. Onun səltənətinə, göylərə baş vurmağa cəsarət eləyən ağacları yerə yıxmağa çalışırdı. Evə qayıdıb birtəhər qapını bağladım. Ev alt-üst olmuşdu. Buyur, bu da sənə istirahət. Guya yazmağa, dincəlməyə, xatırlamağa, doyunca yatmağa, təmiz havada gəzməyə gəlmişdim. Təbiət imkan vermədi. İşıqlar yanmırdı. Yəqin elektrik dirəkləri aşmışdı. O gecə heç vaxt yadımdan çıxmaz. Bu qaranlıqda quru paltar tapıb əynimi dəyişmək zülm olardı. Ona görə, yaş paltarlarımı soyunub döşəməyə atdım. Lüm-lüt yatağa girib, yorğanın altında ayaqlarımı sinəmə yığıb yatmağa çalışdım. Hara yatırsan? O havada, o səs-küydə heç cürə yatmaq olmazdı. Elə bil, kəndi ağır toplarla mərmi yağışına tutmuşdular. Necə qorxduğumu təsvir etmək

Скачать книгу