Adsız itin qayıdışı. Seymur Baycan

Чтение книги онлайн.

Читать онлайн книгу Adsız itin qayıdışı - Seymur Baycan страница 11

Автор:
Жанр:
Серия:
Издательство:
Adsız itin qayıdışı - Seymur Baycan

Скачать книгу

nə də üz quruluşları… Hər il sentyabr ayında biz məktəbə gələndə bu rəsmi təzələnmiş görürdük. Bir-iki aydan sonra darvazanın üstünə çəkilmiş rəsm əsəri bərbad günə düşürdü. Bu cür təşviqedici, tərbiyəvi rəsmlər, plakatlar, şüarlar, məktəbin, elmin, savadın vacibliyi, müqəddəsliyi haqqında müxtəlif şəxsiyyətlərin sözləri yazılmış lövhələr hər məktəbdə vardı. Kim idi bu sözlərə əməl edən, kim idi bu sözlərdən təsirlənən?! Uşaqlar fürsət düşən kimi məktəbdə partaları, pəncərə şüşələrini, laboratoriyada cihazları sındırır, dərsin pozulması üçün qıfılın açar yerinə kağız soxurdular, divarlara vurulmuş böyük şəxsiyyətlərin portretlərinə bığ-saqqal çəkir, kitabların vərəqlərini cırıb qələmlə qaralayırdılar. Tualetin divarlarına ədəbsiz rəsmlər çəkib söyüşlər yazırdılar. Özü də bütün bu pis əməlləri elə həvəslə edirdilər ki, elə bil, buna görə maaş alırdılar… Müəllimlərin tualeti ayrı idi. Müəllimlər tənəffüsdə şagirdlərin gözü qarşısında tualetə girmirdilər. Yalnız dərs başlananda, şagirdlər siniflərə dolanda tualetə gedirdilər… Məktəbdə az qala hər beş şagirddən birinin ləqəbi vardı. Bu ləqəblər daha çox filmlərdən, xüsusən, hind və fransız filmlərindən götürülürdü. Şagirdlərin, uşaqların, yeniyetmələrin həyatından bəhs edən tərbiyəvi filmlər uşaqlara təsir etmirdi. Bu filmlərə sadəcə baxırdılar. Bu filmlərdəki şagirdlərin həyatı, hərəkətləri bizim real həyatımızdan çox uzaq idi. Pioner qalstukunu bizim şagirdlər öz aralarında it xaltası adlandırırdılar. Filmlər, bədii əsərlər, müəllimlər heç cürə şagirdlərdə pioner qalstukuna qarşı hörmət hissi oyada bilmirdilər. Şagirdlər məktəbdən çıxan kimi qalstuku açıb ciblərinə soxurdular. Çox vaxt qalstuku ütüləmək yaddan çıxırdı. Əzik-üzük qalstukda məktəbə gəlirdilər. Bəzi ucqar kəndlərdə şagirdlər, ümumiyyətlə, pioner qalstuku vurmurdular. Uşaqlar pioner qalstuku vurmamaq üçün min bəhanə uydururdular. 20 yanvar hadisəsindən sonra uşaqların canı pioner qalstuku vurmaqdan qurtardı. Həyətdə tonqal qalayıb pioner qalstuklarını yandırdılar. Pioner qalstuklarını yandırmaq üçün elə böyük tonqal qalamışdılar ki, orda yekə bir öküzü qızartmaq olardı. Uşaqlar çox pinti geyinirdilər. Qulaqları, əlləri kirin-pasın içində, köynəkləri, şalvarları, qalstukları əzik-üzük olurdu. Valideynlər öz övladlarının təmizliyinə fikir vermirdilər. Valideynləri məktəbə çağırırdılar və müəllimlər valideynlərə tapşırırdılar ki, övladlarını məktəbə təmiz göndərsinlər, xeyri olmurdu. Ona görə də təmiz və səliqəli geyinən şagirdlərə bütün müəllimlər hörmət bəsləyirdilər. Təmiz və səliqəli geyinən şagirdlər müəllimlərin mütləq hörmətini qazanırdı…

      Şagirdlər nə qədər döyülsələr də, söyülsələr də, danlansalar da, heç nə onlara təsir etmirdi. Əksinə, daha da sırtıqlaşırdılar. Hər sinifdə 25-30 şagirddən yalnız beş-altısı dərsə diqqət göstərirdi. Onuncu sinifdə isə dərs oxuyan şagirdlərin sayı birə-ikiyə enirdi. Qalanları məktəbə elə-belə avaralanmağa gəlirdilər. Çünki oxumaq məcburi idi. Uşaqlar açıq-aşkar məktəbə, oxumağa nifrət edirdilər. Dərsin pozulması üçün hər cür əmələ əl atırdılar. Yadımdadır, ədəbiyyat kitabımızda bir hekayə vardı. Co adlı bir zənci uşaqdan bəhs edirdi. Conun zənci olması xüsusi olaraq vurğulanırdı. Çünki sovet hökuməti Amerikadakı, qərb ölkələrindəki irqçiliyi, sinfi bərabərsizliyi ifşa edirdi. Co çəkməçi idi. Oxumaq istəyirdi, ailəsi kasıb olduğuna görə oxuya bilmirdi. Conun kitabları, məktəb çantası, məktəbə geyinməyə paltarı yox idi. O, hər gün səhər məktəbə gedən uşaqlara həsədlə baxırdı. Bu hekayəni ədəbiyyat dərsliyinə ona görə salmışdılar ki, biz məktəbin qədrini bilək, bizə oxumaq üçün hər cür şərait yaratmış sovet hökumətinə minnətdarlığımızı bildirək. Hekayə isə bizə əks təsir göstərirdi. Uşaqlar Conun paxıllığını çəkirdilər. Bunu açıqca müəllimə deyirdilər. Deyirdilər ki, kaş biz də Co kimi çəkməçi olaydıq, məktəbə getməyəydik. Müəllim isə uşaqları başa salmaq istəyirdi: “Uşaqlar, sovet hökuməti sizə belə böyük, işıqlı məktəb tikib. Sizə pulsuz kitablar verir. Kapitalist ölkələrində hər uşaq oxuya bilmir. Yeməyiniz var, paltarınız var, kitabınız var, məktəb düz evinizin yaxınlığında… Bəs niyə oxumursunuz?” Sonra müəllim özünün necə çətinliklə oxumasından danışırdı. Deyirdi ki, o vaxtlar on-on beş kəndin balaca bir məktəbi varmış. Məktəbə getmək üçün qarda-çovğunda, soyuqda hər gün iyirmi kilometr məsafə qət edirmiş. On kilometr məktəbə, on kilometr də məktəbdən evə. Kitab da çox az imiş. Hər sinfə bir kitab verirmişlər. Bütün sinif bir kitabın başına yığışıb dərsini hazırlayırmış. Müəllim də çox az imiş. Bir müəllim bir neçə fəndən dərs deyirmiş. Müəllimlər müharibədə ölmüşdülər… Müəllim özünün necə çətinliklə oxumasından danışırdı, danışırdı, lakin onun tərbiyəvi söhbətləri uşaqlara bir qram da təsir etmirdi. Uşaqlar onun danışdıqlarını heç təsəvvür belə edə bilmirdilər. Uşaqlar deyirdilər:

      – Müəllim, biz oxumaq istəmirik.

      Müəllim onları qorxutmaq üçün deyirdi:

      – Əgər oxumasanız, süpürgəçi olacaqsınız.

      Qızlardan biri bu cür tərbiyəvi söhbətin sonunda müəllimə sual vermişdi:

      – Əgər hamı oxusa, bəs küçələri kim süpürəcək?

      Müəllim deyirdi:

      – İstəyirsən süpürgəçi ol, istəyirsən fəhlə, istəyirsən də sürücü, yenə də adam savadlı olmalıdır. Savadsız adam indiki zəmanədə heç kimə lazım deyil. Vaxt gələcək, mənim indi nə dediyimi başa düşəcəksiniz. Onda da gec olacaq…

      Kimə deyirsən bu sözləri?! Zəng vurulanda uşaqlar dəli kimi həyətə tökülüşürdülər. Elə bil, onlar sinifdən deyil, həbsxana kamerasından bayıra çıxırdılar. Böyük sinfin uşaqları kiçik sinfin uşaqlarını dalaşdırırdılar. Birisi öz balaca qardaşını başqasının balaca qardaşı, birisi isə də öz məhəllə uşağını başqa məhəllənin uşağı ilə dalaşdırırdı. Mən həmişə dava-dalaşdan qaçırdım. Nə qədər təhrik etsələr də, nə qədər qızışdırsalar da, davalardan uzaq dayanırdım. Amma bir dəfə heç cürə davadan yaxa qurtara bilmədim. Rəqibim məktəbin ən qorxaq uşaqlarından biri idi. Onu hamı ləqəbiylə çağırırdı, hamı ona “dovşan” deyirdi. İndi özünüz bu uşağın necə qorxaq olduğunu təsəvvürünüzə gətirin. Bu iki rəqibin üz-üzə gələrkən nə kimi hislər keçirdiyini, qoy, oxucu özü təyin etsin. Böyük sinfin uşaqları bizi “məktəbin arxası” deyilən yerdə dalaşdırdılar. Bütün axmaq və pis hərəkətlər bu yerdə baş verirdi. Burda siqaret çəkirdilər, kart oynayırdılar, dalaşırdılar… Necə oldusa, rəqibimin, dovşanın sifətinə bir yumuruq vurdum. Onun burnunun qanı ağ məktəbli köynəyinin üstünə axdı. Bu, deyəsən, mənim həyatda tökdüyüm ilk qan idi…

      … Sinif rəhbərimiz Elnarəyə yazdığım məktubu bir az oxuyub masanın üstünə atdı. Əvvəlcə məktubdakı xəttin müəllifini tapmaq lazım idi. Hər sinifdə gözəl xətlə məktub yazan bir-iki adam olurdu. Həmişə məktubun həqiqi müəllifindən əvvəl xəttatı cəzalandırırdılar.

Скачать книгу