Leykoz. Məlahət Həsənova
Чтение книги онлайн.
Читать онлайн книгу Leykoz - Məlahət Həsənova страница 3
– Hələ işə getməyimə vaxt var, ana, mən bir az yatım.
– Yat, ana qurban.
Mən isə gözümə yuxu getməyəcəyini bilib, mətbəxə keçib yığışdırmağa başladım. Vaxtın tez keçməsini istədim. Oğlumu işə yola saldım və yoldaşımdan xəbər gözlədim. Nəhayət yoldaşımdan zəng gəldi. Səsi xırıltılı gəlirdi. Çətin də olsa, dediyini anlamağa çalışırdım. Mən balamın vəziyyətini soruşdum.
– Qorxulu bir şey yoxdu, nə lazımdısa o da olunacaq, ən düzgün üsulla müalicə alacaq, narahat olma, – dedi.
Mən içimdə sanki belə olmadığını hiss etdim. Onun doğru demədiyini anladım.
Sonra internetdə Belorusiyadan olan tanış bir qadından balamın əsl xəstəliyini öyrəndim. Balam kəskin leykoz xəstəliyinə tutulmuşdu… Yəni, qan xərçəngi. Qurudum qaldım… Nə edəcəyimi bilmədim. Ona inanmadım… Çünki mən ancaq yoldaşıma inanırdım. İnternet səhifəsindən bu xəstəlik haqqqında verilən məlumatları oxumağa başladım…
Leykoz – sümük iliyi xəsyəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında “ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə məşhurdur. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikuloendoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qan törəməsi də pozulur, ona görə də leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qan azlığının əlamətləri görünür. Ağ qan kürəciklərinin həddən artıq çoxalması, xüsüsən də yetişməmiş ağ qan kürəciklərinin üstünlüyü ilə müşahidə olunan leykozlar leykemiya – ağqanlılıq adlanır. Leykozda ağ qan elementlərində dəyişikliklər baş verdiyi üçün qanın tərkibi sabit qalmır. Mieloleykoz zamanı isə qanda çoxlu miqdarda hormoblastlar və retikulositlər əmələ gəlir ki, bu da sümük iliyində baş verən qıcıqlanmanın göstəricisidir.
Bu günə qədər aparılan araşdırmalara baxmayaraq, leykozun yaranma səbəbləri tam məlum deyil. Ancaq xəstəliyin əmələ gəlməsində bəzi nəzəriyyələr mövcuddur. Leykoz hər yaşda təsadüf olunur.
Bütün bu leykoz haqqında məlumatı oxuduqdan sonra özümə gələ bilmirdim. Bu cür xəstəliklər əslində zəif qidalanan insanlarda olardı. Axı mənim qızım həmişə yeməyinə, içməyinə fikir verən, onun kimi gigiyenasını saxlayan bəlkə ikinci biri olmazdı. Bu necə oldusa heç özüm də anlamadım. Axı bu xəstəliyə necə və hardan tutula bilərdi? Hələ də anlamırdım, anlamaq belə istəmirdim. Ancaq öz-özümə suallar verirdim ki, necə oldu, hardan bu xəstəlik tapıldı?
Nə edəcəyimi bilmirdim. Bir yerdə qərar tuta bilmirdim. Getmək istəyirdim. Balamı görməliydim. Hər dəfə zəng edəndə yoldaşıma deyirdim ki, mən də gəlim. Ancaq getmək haqqında düşünürdüm ki…
Qızım mənə mesaj yazdı..
– Salam ana. Necəsən? Artıq müalicəyə başlayıblar. Burda adama əla baxırlar. Yeməkləri ancaq heç xoşuma gəlmir. Çox mehriban davranırlar.
Sevindim, bir az ümid yarandı ürəyimdə. Axşam bacımgilə getdim. Qızımdan yenə mesaj aldım.
– Ana skaypa gələ bilərsən?
Tez komputeri qoşdum. Görüntü ilə qızımla danışdım.
– Anaaa
– Can anaaa
– Necəsən? Neynirsən?
– Əsas sən necəsən ee qızım?
– Mən yaxşıyam anaaa burda yaxşı baxırlar adama. Müalicəyə başlayıblar.
Qızdırmam da yoxdu. Amma anaaaa yeməkləri çox dadsızdı.
– Ana qurban gəlim də mən, istəyirsən sən? Nə vaxt istəsən gəlim həəə?
– Yox anaaa ehtiyac yoxdu. Bir də ki sənin təyyarədə ürəyin sıxılar.
– Sən məni niyə düşünürsən? Niyə sıxılsın ki?
Gözlərim doldu. Balamı elə görmək mənə çox ağır gəlirdi. Bir xeyli danışdıq… Yanına gəlmək istədiyimi dedim. Razı olmadı. Amma yox, daha səbrim tükənmişdi.
Bu qədər ayrılıq yetər məncə. Getmək, getmək ancaq getmək haqda düşünürdüm.
Balamı görmək istəyirdim, onun həsrəti məni öldürürdü. Onun yad yerdə tək olduğunu bilmək məni öldürürdü. Mən yoldaşıma qəti qərara gəldiyimi və gəlmək istədiyimi bildirdim. O da sağ olsun ki, razılaşdı. Mən hazırlaşmağa başladım.
Soyuq ölkə olduğunu bilirdim və ona görə hazırlaşmağa başladım. Özümə bir az isti paltar aldım. Evdə bir az görüləcək işlərim var idi. Onları tamamladım.
Yola düşmək zamanı idi, oğlum bilet almışdı. Ürəyim sanki iki hissəyə bölünmüşdü. Bir hissəsini Bakıda qoyub gedirdim. Bir yanda oğlum, bir yanda da xəstə qızım. Mənə ehtiyacı var idi qızımın. O mənə “Gəlmə ana”desə də bilirdim ki, ürəyindən məni görmək keçir.
Qızımdan fərqli olaraq bir neçə dəfə təyyarə ilə uçmuşdum. Amma bu, çoxdan olmuşdu. Buna baxmayaraq, çox həyacanlı idim… Yox elə düşünməyin ki, qorxurdum, qətiyyən… Balamın yanına gedəcəkdim, ondan həyacanlı idim, onunla görüşə tələsirdim.
Oğlum məni yola salırdı. Qucaqlaşdıq, oğlumu bağrıma basdım…
– Özündən muğayat ol, oğlum…
– Məndən nigaran qalma ana, bacımla bir yerdə qayıt.
– İnşallah, ana qurban.
Təyarəyə minik başlandı. Hamı yerlərini tutdu. Mənim yerim narahat olduğundan stüardessa qızdan yerimin dəyişilməsini xahiş etdim. Yerimi dəyişdim, bir qoca nənənin yanında oturdum. Uçuş boyu o danışdı, mən susdum. Heç nə danışdığını bilmirdim. Fikrim balamın yanında idi. Mən ancaq balamı düşünürdüm. Təyyarə buludların arasından quş kimi uçurdu. Dayanmadan dua edirdim. Yerdən fərqli olaraq düşünürdüm ki, burda, göydə Allahıma daha yaxınam. Elə düşünürdüm ki, Allahım səsimi daha yaxından eşidər. Ona görə də dua edirdim.
Allahım